Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Azərbaycanda NATO kursları: ordumuz Türkiyə modelinə keçidi başa çatdırır

Şair Ramaldanov: “Bizim hərbi təhsil məktəblərimiz Türkiyə hərbi kadrlarının hazırlıq proqramına yaxındır”

Sentyabrın 27-də Azərbaycanda keçirilən NATO-nun “Əməliyyat imkanları konsepsiyasının informasiya bazası” (OCC E&F Database Training Course) təlim kursunun açılış mərasimi olub. Sentyabrın 30-dək davam edəcək təlim barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Kursda iştirak edən əməkdaşlar kursun məqsəd və şərtləri, eləcə də yerinə yetiriləcək vəzifələr barədə məlumatlandırılıblar.

Bu kursların hərbi təhlükəsizliyimiz üçün önəmi nədən ibarətdir? Bəllidir ki, Azərbaycan öz silahlı qüvvələrini qat-qat qabaqcıl olan Türkiyə (NATO) modelinə keçirmək kursu götürüb və bunu gizlətmir də. Heydər Əliyev adına Ali Hərbi Məktəbin rəisi, general-mayor Füzuli Salahov deyib ki, Azərbaycan Ordusu artıq tam şəkildə Türkiyə formatına keçib və həm təhsil, həm proqramlar, həm təchizat, həm ştat strukturu, həm idarəçilik artıq yeni formadadır.

General bildirib ki, Türkiyə ilə hərbi sahədə təcrübə mübadiləsi bu gün də davam etdirilir: “Bir ildən artıqdır ki, yeni proqramlarla təhsil aparılır. Biz hesab edirik ki, bu təhsil modeli daha güclü və daha effektiv olacaq. Hərbi məktəbdən buraxılan gələcəyin zabitləri həm idarəetmə, həm qərar qəbuletmə qabiliyyətinə görə daha savadlı yetişəcəklər. Digər tərəfdən, ən əsas məsələ vətənpərvərlik hissinin güclü şəkildə aşılanması, torpağa sevgi, Ali Baş Komandana sədaqətli olmaqdır. Türkiyə ilə təcrübə mübadiləsi əsasən bizə təhsilin yeni formaya keçirilməsində kömək olub. Türkiyənin aparıcı hərbi məktəblərində həm müəllimlərimiz, həm hərbçilərimiz təhsil alıblar. Yaxın gələcəkdə Türkiyədən də tələbələr gəlib bizdə təhsil alacaq”.

F.Salahov əlavə edib ki, ali hərbi məktəbə qəbul yerlərinin sayı ildən-ilə artırılır. Bu tendensiyada ordumuzun qalib ordu olması və Türkiyə ordu sisteminə keçidi amili də rol oynayırmı?

Şair Ramaldanov — Vikipediya

 Şair Ramaldanov 

Hərbi ekspert, polkovnik Şair Ramaldanov “Yeni Müsavat”a bildirdi ki, Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uğun olaraq Silahlı Qüvvələrimiz Türkiyə modelinə keçid prosesini gücləndirdi: “Artıq xeyli müddətdir ki, ordu quruculuğu istiqamətində qardaş Türkiyənin ordu modeli əsas götürülür. Bu istiqamətdə xeyli işlər görülüb və proses uğurlu hesab oluna bilər. Hüquqi baza müəyyənləşdirilib, quru qoşunlar qərargahı yaradılıb, komandan təyin edilib, ştat cədvəli müəyyənləşdirilib, xüsusi olaraq dağ komanda birlikləri, hərbi hissələr yaradılıb ki, müasir döyüşlərdə və yeni müharibələrdə  onun çox böyük önəmi var. Eyni zamanda xüsusi təyinatlılarımızın sayının artırılması istiqamətində də xeyli addımlar atıldı. Azərbaycan silahlı qüvvələri ştat-zabit strukturuna uyğun olaraq, Türkiyə modelinə keçib və bu keçiddə qardaş Türkiyənin xüsusi rolu var.

Ordumuzun türk ordusu modelinə keçidində Şuşa bəyannaməsinin də mühüm təsiri olub. Məhz bu Bəyannamə bir çox istqamətlərdə, o cümlədən hərbi  istiqamətdə Azərbaycan-Türkiyə əməkdaşlığını dərinləşdirib və Azərbaycan ordusunun müasir standartlara uyğun olaraq Türkiyə ordusu modelinə keçidi istiqamətində mühüm addımlar atılıb. Türkiyə ilə birgə ordunun birgə döyüşə hazırlanması, ayrı-ayrı hərbi hissələrin, ayrı-ayrı qoşunların təlim keçməsi, antiterror əməliyyatlarının keçirilməsi, quldur dəstələrə qarşı dağda və ərazilərdə əməliyyatların keçirilməsi və sair istiqamətlərdə təlimlər keçirilib. Bu təlimlər də türk ordu modelinə keçiddə ciddi rolunu oynayıb".

Ekspert qeyd etdi ki, 44 günlük Vətən müharibəsinin nəticələri, ordumuzun müasir ordu kimi özünü təsdiq etməsi Azərbaycan ordusunun dünyanın 50 ən güclü orduları sırasında yer almasına gətirib çıxardı. Ordumuz müharibədən qazandığı təcrübə ilə yeni inkişafa qədəm qoyub. Bu inkişaf özünü hərbi təhsildə də göstərir: “Türkiyə hərbi məktəbləri ilə Azərbaycan hərbi məktəbləri arasında çox sıx əməkdaşlıq mühiti uzun müddətdir formalaşdırılıb. Azərbaycan zabitləri, hərbçilərimiz Türkiyənin Ali hərbi məktəblərində təhsil alıblar. Çox savadlı, müasir dövrün tələblərinə cavab verən hərbçilər nəsli artıq formalaşıb. Eyni zamanda, müharibədə qələbəmiz hərbiyə marağı daha da artırıb. Bu səbəbdən də hərbi məktəblərə qəbul yerləri ildən-ilə artır. Çünki maraq, həvəs var. Bizim hərbi təhsil məktəblərimiz Türkiyə hərbi kadrlarının hazırlıq proqramına yaxındır. Silahlı Qüvvələrin Türkiyə modelinə keçidi bütün hərbi  hissələrdə, birlik və birləşmələrdə döyüş hazırlığının yüksəldilməsinə gətirib çıxardacaq. Çünki Türkiyə Silahlı Qüvvələrin mövcud statusu NATO-nun 2-ci ən güclü ordusu statusundadır.

30 il müddətində Türkiyə Silahlı Qüvvələri ilə əməkdaşlığımız bizim silahlı qüvvələrin döyüş hazırlığını ən yüksək səviyyəyə gətirmiş oldu. Qarşılıqlı mütəxəssis mübadiləsi, hərbi məktəblərin, Ali Hərbi Məktəbin, Hərbi Akademiyanın yaradılması, təlim-tədris məktəbinin yaradılması, gizirlər məktəbinin yaradılması bütün bu qurumların ştat strukturları artıq müharibənin başlanğıcına qədər Türkiyə Hərbi modelinə keçirilmişdi. Azərbaycan ordusu hazırda regionun ən güclü, ən peşəkar, savadlı hərbçilərdən ibarət ordularından biridir".

Ş.Ramaladanov onu da bildirdi ki, dünyada və regionda cərəyan edən hərbi-siyasi proseslərin gərginləşən xətt üzrə inkişafı hər bir dövlətin təhlükəsizliyinin təminatçısı kimi ordu quruculuğu sisteminin daha sivil və modern üslubda inkişafını tələb edən faktorlardan biridir: “Bu ölkələrin hərbi modelləri bir-birinə yaxın olmalıdır ki, tapşırıqları yerinə yetirə bilsinlər. Azərbaycan və Türkiyə ordusu birgə fəaliyyət göstərmək üçün lazım olan işləri aparıb və aparır. Azərbaycan ordusunun bütün növləri Türkiyə ordusunun bütün növləri ilə müştərək təlimlər keçirir. Azərbaycan ordusunun Türkiyənin ordu modelinə uyğun qurulması uğurla yerinə yetirilir və bundan sonra da bu istiqamətdə lazım olan işlər aparılacaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”