Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Bakıda “iPhone 15” izdihamına ekspertdən reaksiya: “Primitiv insanlardır”

Yeni “iPhone 15” modelinin təqdimatı dünya üzrə böyük diqqət çəkib. Ayrı-ayrı ölkələrdə insanlar “iPhone 15” üçün bir-biriləri ilə mübarizəyə giriblər. Bir neçə gün öncə Dubayda ticarət mərkəzlərinin birində “iPhone 15” satışı zamanı izdiham yaşanması, bu modeli almaq istəyənlərin, sözün əsl mənasında, əlbəyaxa olması sosial mediada gündəm olmuşdu. Maraqlıdır ki, eyni izdiham ötən gecə Bakıda da yaşanıb. Əvvəlki illərdə olduğu kimi bu dəfə də vətəndaşlar yeni “iPhone” modelini almaq üçün mağazalara axışıblar. Gecə saat 02:00 radələri olmasına baxmayaraq, “iPhone 15” üçün sıraya düzülən vətəndaşların görüntüsü bu dəfə də sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bildirilib ki, çoxlarının maddi baxımdan imkanı aşağı olsa da, “iPhone 15”ə sahib olmaq üçün uzunmüddətli kredit götürməyi belə gözə alırlar. Bunun göstəriş üçün edilməsi də ayrı müzakirə mövzusudur.

Müzakirələrlə bağlı Pravda.az-a fikirlərini bölüşən ekspert Əkrəm Həsənov deyib ki, insan üçün mülkiyyət hüququ yaşamaq və azadlıq hüququndan sonra ən əziz hüquq olduğu üçün bu, baş verir.

İPHONE.png (1.80 MB)

“Bəzi insanlar hətta sağlamlığını da ortaya qoyur, azadlığının da məhdudlaşdırılmasına razıdır ki, təki hansısa nemətlərə sahib olsun. Səhərdən axşama qədər işləyən adamlar var. Ailəsini saxlamaq, çörəkpulu üçün işləyənləri nəzərdə tutmuram. “Daha çox olsun, daha çox qazanım...” deyənləri nəzərdə tuturam. Rüşvətlə, qorxudan, həyəcandan min cür xəstəlik tapırlar. Azadlıqları da məhduddur. Səhərdən axşama kimi bir yerdədirlər, özləri üçün yaşamırlar. Amma görürsünüz, bu istək insanı qabağı aparır. Mülkiyyət hüququ da insanın özünə ləzzət vermir. Psixoloqlar sübut ediblər ki, insanlar əksər hallarda hansısa əşyaya ona ləzzət verdiyi üçün yox, başqalarının görməsi üçün sahib olmaq istəyirlər. Mülkiyyət hüququnun belə bir xüsusiyyəti var. Bir-biriləri ilə yarışa giriblər ki, “hamı görsün, məndə də var”. Bəlkə də, bir az kobud səslənəcək, elə kişilər var ki, arvadlarına hər cür geyimdə çölə çıxmağa icazə verirlər. Az qalır, geyim əynində əyilir. Kişi isə küçədə onunla getməyə fəxr edir. Niyə? Başqaları baxsın, görsün məndə nə var, bu arvad mənimdir... Bu da həmin düşüncədən doğur. İnsanların əslində telefonları var. Vacibdir ki, “iPhone 15”i sən birinci alasan? Bu, insanın öz nəfsinə qalib gələ bilməməsidir və həmin insanların nə qədər primitiv olmalarından irəli gəlir. İnsanın həyatının mənası yalnız bundan ibarətdirsə, o insan bədbəxtdir, iç dünyası yoxdur, mənəvi dünyası zəifdir. Özümüzü niyə aldadırıq? İnsanların çoxu belədir, bu məsələdə zəifdirlər. Kitab oxumurlar, normal filmlərə baxmırlar, ancaq bayağı mahnılara qulaq asır, bayağı verilişlərə baxırlar. Mənəviyyatları da bu səviyyədədir, ona görə də bütün istəkləri, amalları budur. Kreditə girəcək, özünü öldürəcək ki, başqaları görsün “iPhone 15”i var”, - ekspert bildirib.

 Ə.Həsənov deyib ki, hər şey məktəbdən başlayır: “Nə etmək lazımdır? Hər şey məktəbdən başlayır. Uşaqlara düzgün tərbiyə vermək lazımdır. İnsanların mənəvi dünyalarının daha zəngin olması, özlərini əşyalardan asılı etməmələri üçün onları düzgün istiqamətləndirmək lazımdır. Təəssüf ki, bu da yoxdur. İndi məktəblərdə belə tərbiyə verilmir. Ola bilər, kimsə mənimlə razılaşmayacaq, amma bu dəqiqə ailələrdə də kişilərin rolu yox, qadınların rolu artıb. Qadınlar isə maddi nemətlərə daha çox bağlıdırlar. Bir-biriləri ilə yarışa girməyə daha çox meyillidirlər. Ailədə qadınların rolu artıqca uşaqların da tərbiyəsi o istiqamətdə gedir. Təkcə qız uşaqlarının yox, oğlanların da. 1968-ci ildə Azərbaycanın ən gözəl bədii filmlərindən biri çəkilmişdi - Süleyman Rəhimovun “Mehman” povestinin motivləri əsasında “Qanun naminə” filmi... Baş rollardan birini prorkurorun yoldaşı rolunda Flora Kərimova canlandırıb. Filmdə Mehman faktiki olaraq arvadının maddi nemətlərə bağlılığının qurbanı olur. Kimə maraqlıdırsa, filmə baxsın. Maddi nemətə düşkünlük o filmdə göstərilir. Qadınlar necə bir-biriləri ilə bəhsə girirlər. Kişilər buna az meyillidir. Təəssüf ki, ailədə qadının sözü indi daha çox keçdiyi üçün belə bir problem var”.