Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Bu, Azərbaycanın regional mövqeyinin güclənməsində xüsusi rol oynayacaq - Deputat

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Bolqarıstana səfəri, eləcə də Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasiminin keçirilməsi ölkəmizin regional mövqeyinin güclənməsində xüsusi rol oynayacaq.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.

Onun sözlərinə görə, ötən ay Ermənistan tərəfinin bir sıra qlobal media qurumlarında feyk təbliğatı kontekstində Azərbaycanın regional proseslərdə mövqeyinin bir daha təqdimi vacib idi:

“Açılış mərasiminə Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin qatılması və çıxışını da xüsusi vurğulamaq lazımdır. Serbiya Prezidenti Aleksandar Vuçiçin “İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmayacağını”, Şimali Makedoniyanın Prezidenti Stevo Pendarovskin “Avropada ən çox arzuolunan şəxs - Azərbaycan Prezidentinin” olduğunu deməsi də məhz ölkəmizin dövlət başçısına və bütövlükdə Azərbaycana verilən xüsusi qiymət idi.

Aydındır ki, istər Cənub Qaz Dəhlizi, istər də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) reallaşması məhz Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində mümkün oldu. Bunu Avropa rəsmilərinin etiraf etməsi məhz ölkəmizin regional təhlükəsizliyinin formalaşmasına xüsusi töhfəsini bir daha təsdiq edir”.

V.Bayramov hesab edir ki, İGB-nin reallaşması Cənub Qaz Dəhlizi ərsəyə gələndən sonra daha da aktuallaşıb: “Bu, daxili şəbəkə vasitəsi ilə Azərbaycan qazının Avropanın enerji diversifikasiyasına daha çox ehtiyac olduğu bölgələrinə çıxması deməkdir. Bununla da Azərbaycan, həmçinin Mərkəzi və Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyinin formalaşmasına xüsusi töhfə vermiş olacaq”.

Millət vəkilinin sözlərinə görə, rəqəmlər göstərir ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin formalaşmasına töhfəsi genişlənməkdədir:

“2021-ci ildə Azərbaycan bütövlükdə 19 milyard kubmetr mavi qaz ixrac edib. Bu müddətdə Avropaya 8,2 milyard kubmetr qaz göndərilib. Bu ilin ilk 8 ayında isə Avropaya qaz ixracıtımız 50 faizdən çox artıb və illik nəqlin 11.5 milyard kubmetrə çatacağı gözlənilir. Bütövlükdə isə, Azərbaycan bu il 22 milyard kubmetr qaz ixrac etmək niyyətindədir. İGB vasitəsi ilə bu il Bolqarıstana 440 milyon kubmetr qaz nəqli planlaşdırılır. Bu rəqəmin daha sonra 1.5 milyard kubmetrədək artacağı gözlənilir. İGB-nin ötürmə qabiliyyətinin 3.5 milyard kubmetrdən 5.5 milyard kubmetrədək artırılması isə Macarıstan, Slovakiya, Ruminiya, Şimalı Makedoniya kimi ölkələrin də Azərbaycan qazını almasına imkan yarada bilər.

Bütövlükdə, Azərbaycan Prezidentinin son səfəri ölkəmizin regional geosiyasi və geoiqtisadi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etdi”.

Akqabay