Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

İcra başçısı ifadə verdi: “Haqsız tənqid və təhqir edəcəklərini düşündüm”

“Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və "Səda TV" MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov ifadə verib.

O bildirib ki, təqsirləndirilən Elnur Şükürovu tanıyıb, onun rayonda təşkil olunan dəfn mərasimlərində iştirak edib, çəkilişlər aparıb, aralarında jurnalist-məmur münasibətləri formalaşıb.

İcra başçısının sözlərinə görə, rayonda təşkil olunan növbəti belə tədbirlərin birində Elnur Şükürov ona yaxınlaşıb və “Yaşıl Mənzərə” MMC-nin jurnalist Əvəz Zeynallının yaxın qohumuna aid olduğunu deyib: “Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunduğunu, lakin həmin sahədəki yarımçıq tikilinin Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı birliyinin balansında olmasına görə, Əmlak Məsələləri Dövlət Xidmətinin Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı birliyindən həmin əmlakın özəlləşdirilməsi üçün razılıq məktubunun verilməsinin tələb olunduğunu bildirdi. Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı birliyindən həmin razılıq məktubunun verilməsi üçün köməklik etməyimi xahiş etdi. Əvvəlcə dedim ki, heç bir köməklik edə bilməyəcəyəm. Sonradan Elnur Şükürov bir neçə dəfə zəng vurdu, iş yerimə gəldi, köməklik göstərməyim üçün israr etdi. Mən də Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Mais Məmmədova zəng etdim və dedim ki, sənədlərə baxsın, qanuna zidd olmadığı təqdirdə köməklik göstərsin”. İcra başçısı qeyd edib ki, razılıq verməyəcəyi təqdirdə Əvəz Zeynallı vəElnur Şükürovun icra hakimiyyəti və digər qurumlar barəsində öz verilişlərində əsassız ittihamlar səsləndirəcəklərini, haqsız olaraq tənqid və təhqir edəcəklərini düşünüb.

Elnur Şükürov isə bildirib ki, Əziz Əzizov Cəlilabadda icra başçısı işlədiyi dövrdə onu tənqid edib: “Lakin Yasamalda və Suraxanıda işlədiyi müddətdə əksinə, tənqid deyil, onu təqdir etmişəm. Mən Cəlilabadda icra başçısı olanda tənqid etmişəm. Demişəm ki, 12 il Cəlilabada zülm edib. Razılıq məktubuna gəlincə isə xahiş etmişəm, amma Əvəz Zeynallının adını çəkməmişəm”.

Daha sonra Elnur Şükürov icra başçısına belə sual ünvanlayıb: “Bizim sizin fəaliyyətinizə təsir etmək imkanımız olub?”.

İcra başçısı isə “siz dövlət orqanı deyilsiniz ki, mənim fəaliyyətimə təsir edəsiniz” – deyə cavab verib. İcra başçısı deyib ki, Əvəz Zeynallını sosial şəbəkələrdən tanıyıb, onunla şəxsi əlaqəsi olmayıb. Əvəz Zeynallı isə icra başçısının onu tələbə vaxtlarından tanıdığını, dəfələrlə Cəlilabad rayonu ilə bağlı yazılar hazırladığını məhkəmənin diqqətinə çatdırıb. Daha sonra prosesdə Suraxanı rayon mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Mais Məmmədov ifadə verib.

Növbəti prosesi oktyabrın 6-da davam edəcək.

X X X

“Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və "Səda TV" MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, Əvəz Zeynallının cinayət işi üzrə şahid qismində ifadə vermək üçün Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Bakı Ağır Cinayətlər Məhkəməsinə gəlib. Onun hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə ifadə verdiyi bildirilir.

Qeyd edək ki, bundan əvvəlki proseslərin birində Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev ifadə verib.

Qeyd edək ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma), 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 32.4, 312.2-ci (Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsində iştirakçılıq) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham verilib.

Digər təqsirləndirilən Elnur Şükürova isə Cinayət Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1-ci maddələri ilə ittiham elan edilib.

İş üzrə zərərçəkmiş qismində Vəliyev Ruslan Telman oğlu tanınır.

Teleqraf.com