Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Kərbəla faciəsindən az sonra baş vermiş hadisələrə baxış

İmam Hüseynin (ə) şəhadətindən sonra zahirdə Bəni-Üməyyənin hakimiyyəti qarşısında hər hansı ciddi maneə qalmamışdı. Yezidin bacarıqsızlığı Hicazda Abdullah ibn Zübeyrə hökumətə qarşı mübarizəyə qalxmaq cürətini verdi.

Abdullah vaxtilə Cəməl savaşının baiskarlarından biri olsa da, İmam Hüseyn (ə) Məkkədə olduğu müddət ərzində siyasi mənfəət üzündən onunla yaxşı münasibətlər qurmağa çalışmışdı. Əslində Abdullahın arzusu bu idi ki, İmam Hüseyn (ə) Kufəyə getsin və Hicaz torpaqları ona (Abdullaha) qalsın. Hadisələr onun istəyincə baş verdi, İmamın (ə) şəhadətindən sonra Hicazda Abdullaha rəqib ola biləcək bir şəxs qalmadı. Amma ilk dövrlərdə Abdullah açıq şəkildə mübarizə səhnəsinə qədəm qoymağa çəkinirdi. Hətta öz məqsədini ört-basdır etmək üçün belə təsəvür yaradırdı ki, guya hakimiyyətə təklikdə yiyələnmək istəmir və seçkini şuranın öhdəsinə buraxmaq niyyətindədir. Bununla yanaşı, Abdullah gizlində Hicaz əhalisindən özü üçün beyət alırdı.

Yezid Kərbəla faciəsinin yarada biləcəyi nəticələrdən narahat olduğu üçün Abdullah ibn Zübeyrlə barışıq əldə etməyə cəhd göstərdi. O, Abdullah üçün hədiyyələr yolladı, amma Abdullah bu addımdan cürətlənib, danışıq təklifini rədd etdi və açıq müxalifətə başladı. Məkkə və Mədinə camaatının bir hissəsi ona beyət etdi.
Yezid ikinci dəfə Abdullahın yanına elçi göndərib, onu yarıxoş-yarızor tabeçiliyə çağırdı. Abdullah bu dəfə də imtina etdi. O, Yezidin hakimiyyətə layiq olmadığını söyləyib, əslində onun zülmündən Məkkəyə pənah gətirdiyini və burada özünü hərəm göyərçinlərindən biri kimi (amanda) hiss etdiyini bildirdi.

Yezid Abdullahın qarşısında sakit durmağın ziyana işlədiyini başa düşüb, qətiyyətli addım atmaq qərarına gəldi. Vaxt itirmək Abdullahın Hicazda güclənməsinə səbəb ola bilərdi. Yezid Mədinə valisi Səid ibn Asa göstəriş verdi ki, Abdullaha qarşı hərəkətə keçsin. Mədinə valisi Abdullah ibn Zübeyrin atabir qardaşı Əmr ibn Zübeyri (onun anası Bəni-Üməyyədən idi və özü də Yezidin xidmətində idi) qoşunun başında Məkkəyə yolladı. Məkkə yaxınlığında tərəflər qarşılaşdı. Döyüşdə Əmr məğlub olub əsir düşdü və Abdullahın zindanında öldü.

Bundan sonra Hicazda Abdullahın mövqeyi daha da möhkəmləndi, Mədinə camaatının da əksəriyyəti ona qoşuldu. Yezid Səid ibn Asın bacarıqsızlığını görüb, Bəni-Üməyyədən olan Vəlid ibn Ütbəni onun yerinə Mədinəyə vali təyin etdi. Zübeyr bu qərarla razılaşmayıb Yezidə xəbər yolladı ki, şəhərə layiqli birini vali qoysun. Yezid onunla hesablaşmalı oldu və bu dəfə onun əmisi oğlu Osman ibn Mühəmməd ibn Əbu Süfyan Mədinə hakimi seçildi. Zübeyr Hicazı qarış-qarış ələ keçirməkdə davam edirdi. Tezliklə Məkkə, Mədinə, Taif kimi şəhərlər tamamilə onun ixtiyarı altına keçdi və buradakı Əməvi tərəfdarları təzyiq qarşısında qaçmağa məcbur oldular. Bundan sonra Yezid anladı ki, Abdullaha Hicazdakı qoşunlarla qalib gəlmək mümkün deyil, bunun üçün Hicaza Şamdan ordu yeridilməlidir.

Tarixdə Hərrə faciəsi kimi qalmış dəhşətli qırğın həmin dövrdə baş verdi. Hərrə Mədinə şəhərinin ətrafında, həm şərq, həm də qərb tərəfdə yerləşən daşlı-çınqıllı əraziyə deyilir. Hicri 63-cü ilin zilhiccə ayının sonlarında (miladi 683-cü il) Mədinənin qərb tərəfindəki daşlıq yerdə (Hərrədə) şəhər müdafiəçiləri ilə Şam qoşunu arasında amansız döyüş baş verdi.

Hərrə faciəsinin səbəbləri barədə bir neçə nəzəriyyə mövcuddur. Birinci nəzəriyyəyə görə (bunu Yəqubi və İbn Qüteybə qeyd edirlər) Yezidin Mədinə valisi şəhərdəki külli miqdarda qiymətli əşyanı Yezid üçün Şama aparmaq istəyərkən əhali buna etiraz etmiş və qarşıdurma yaranmışdı. Nəticədə, Mədinədəki bütün Əməvi soyunun nümayəndələri qovuldu və Yezid Mədinəyə qoşun yeritdi.

İkinci nəzəriyyəyə görə (bu nəzəriyyəni Təbəri müdafiə edir), Yezidin təyin etdiyi yeni Mədinə valisi Osman ibn Mühəmməd narazılığı yatırmaq üçün qərara gəldi ki, şəhər böyüklərindən ibarət bir nümayəndə heyəti toplayıb Şama göndərsin. Məqsəd bu idi ki, Yezid bu şəxslərlə görüşüb onlara hədiyyələr versin və öz tərəfinə çəksin. Lakin Şamdan qayıdan nümayəndələr nəinki Yezidi tərifləmədilər, əksinə, onun heç müsəlman adına layiq olmadığını söylədilər: "Onun heç dini də yoxdur, onun yanında mahnı çalıb-oxuyurlar, özü də şərab içir, itlərlə oynayır!"
Üsyan qaldırmış Mədinə camaatının kimin tərəfində olması barədə fikir ayrılığı vardır. Bəzi tarixçilər (Bəlazuri, Əbulfərəc kimi) onların Abdullah ibn Zübeyrə beyət etdiklərini və bu beyət üzündən Yezidə qarşı döyüşdüklərini yazmışlar. Hətta Hərrə faciəsindən sonra Abdullahın öz silahdaşlarına belə dediyi rəvayət edilib: "Sizin dostlarınız bu faciədə öldürüldülər". Bəzi alimlər isə onların İbn Zübeyr tərəfdarı olmalarını inkar edir.
(məqalə Rəsul Cəfərianın "Xəlifələr tarixi" kitabının əsasında hazırlanmışdır)

(İkinci hissə)
Yezid mədinəlilərin qəzəbini yatırmaq üçün Abdullah ibn Cəfər-Təyyardan (İmam Hüseynin (ə) əmisi oğlundan) xahiş etdi ki, arada vasitəçi olsun. Abdullah gözəl əxlaqına, səxavətinə və Peyğəmbərlə (s) qohumluğuna görə nə qədər böyük hörmət sahibi olsa da, cəhdləri fayda vermədi. O zaman Yezid Nöman ibn Bəşiri Mədinəyə yolladı. Nöman bundan əvvəl Kufə valisi olmuş, mülayim rəftarına görə valilikdən azad edilib, yerinə Übeydullah ibn Ziyad təyin edilmişdi. Nömanın sözlərinə də qulaq asan olmadı. Məkkə və Mədinənin bütün əhalisi Əməvilərdən üz çevirmiş və Abdullah ibn Zübeyrə tərəf meyllənmişdi.

Mədinəlilər sayları təqribən min nəfərə yaxın olan Bəni-Üməyyə tərəfdarlarını əvvəlcə Mərvan ibn Həkəmin evində mühasirəyə aldılar. Daha sonra onlara şəhərdən çıxıb Şama getmək icazəsi verdilər, amma bir şərtlə: Əməvi tərəfdarları and içməli idilər ki, Mədinədən çıxdıqdan sonra bir daha bura qayıtmayacaqlar və əgər Yezid Mədinəyə qoşun göndərsə, onlar həmin qoşuna qatılmayacaqlar. Əməvilər can qorxusundan bu təklifi qəbul etdilər, amma Mərvan kimi bəziləri andı sonralar pozub, Şam qoşunu ilə birlikdə Mədinəyə gəldi. Bəzi mənbələrdə Mədinədən və ətraf məntəqələrdən qovulanların sayının dörd min nəfərə yaxın olduğu qeyd edilib.
Abdullah ibn Zübeyr Mədinə şəhərinə Abdullah ibn Hənzələni vali təyin etdi. Abdullahın atası Hənzələ ibn Əbu Amirin adı müsəlmanlar tərəfindən hörmətlə anılırdı. Onu "ğəsilül-məlaikə", yəni "mələklərin qüsl verdiyi şəxs" adlandırırdılar. Hənzələ hicrətdən sonra iman gətirmiş və ailə qurmuşdu. Ühüd savaşından bir gün əvvəl onun toyu oldu. Müsəlman qoşunu döyüş üçün Mədinədən çıxanda Hənzələ Həzrət Mühəmməd Peyğəmbərdən (s) bir günlük icazə aldı və söz verdi ki, sübh tezdən özünü orduya yetirəcək. Hənzələ həmin gecəni gəlinin yanında qaldı, səhər isə Peyğəmbərə (s) söz verdiyi üçün cənabət qüslü almağa belə macal tapmadan Mədinədən çıxıb İslam əsgərlərinə qoşuldu. Ühüd savaşında o, şücaətlə savaşıb şəhid oldu. Şəhidləri dəfn edərkən Peyğəmbər (s) səhabələrə belə buyurdu: "Mələklər Hənzələyə qüsl verirlər ki, cənabətli halda cənnətə girməsin". Bundan sonra Hənzələ "mələklərin qüsl verdiyi şəxs" ləqəbi ilə xatırlanmağa başladı. Hənzələnin toy gecəsi zifafından oğlu doğuldu və onun adını Abdullah qoydular. Hərrə faciəsində Mədinə sakinlərinə başçılıq edən Abdullah həmin bu şəxs idi.

Yezid mədinəlilərin Bəni-Üməyyə ilə rəftarından xəbər tutanda qəzəblənib, Şamdan böyük bir qoşunu Peyğəmbər şəhərinə yola saldı. Onların sərkərdəsi öz zalımlığı ilə ad qazanmış Müslim ibn Əqəbə idi. Onu "qaniçən" ləqəbi ilə çağırırdılar. Şam qoşununun sayının 5 min nəfər və ya daha şox olduğunu yazırlar. Beytül-maldan aldıqları paydan və 100 dinar mükafatdan əlavə onlara vəd edilmişdi ki, Mədinəni ələ keçirəndən sonra şəhərdəki hər şeyi qarət edə və mənimsəyə bilərlər.

Mədinəlilər Şam qoşununun hücum xəbərini eşidəndə şəhəri müdafiə etmək üçün vaxtilə Peyğəmbərin (s) qazdırdığı xəndəyin yerində xəndək qazdılar. Onların müdafiəsinə Abdullah ibn Hənzələ ilə yanaşı Abdullah ibn Müti və Məqəl ibn Sinan kimi cəsur şəxslər başçılıq edirdilər.

Şam qoşununun tərkibində olan və bundan əvvəl Mədinədən qovulmuş Əbdülməlik ibn Mərvanın məsləhəti ilə qoşun Hərrədə düşərgə qurdu. Burada Mərvan Mədinədə yaşayan Bəni-Harisə qəbiləsinin bəzi üzvlərini pul ilə satın alıb, əsgərləri xəndəyin o biri tərəfinə keçirdi və Mədinəyə daxil oldu. Bir neçə saat davam edən döyüşdən sonra şəhər ələ keçirildi. Şam ordusu Mədinədə ağlasığmaz vəhşiliklər törətdi. Minlərlə sakin qılıncdan keçirildi, qadınların namusuna təcavüz edildi, evlərdə olan hər şey əsgərlər tərəfindən qarət olundu. Bu rüsvayçılıqlar üç gün davam etdi.

Bəzi mənbələrə görə, Mədinədə qətlə yetirilənlərin sayı on min nəfərə yaxın idi. Bunların təqribən 1700 nəfərini mühacir və ənsardan olan səhabə övladları təşkil edirdi (bəzi mənbələr mühacirdən 1300 və ənsardan 1700 nəfərin qətlə yetirildiyini xəbər verir). Qırğınlar zamanı 80 nəfər qocaman səhabənin də şəhid edildiyi məlumdur. Məsudi Qüreyşdən 95 nəfərin şəhadətə çatdığını yazır. Şam əsgərləri mədinəlilərə "yəhudilər" deyə xitab edirdilər.
Şam qoşunu mədinəlilərdən Osmanın intiqamını aldığını düşünürdü, hətta Mədinəyə hücum zamanı onlar "Osmanın qanı uğrunda" şüarını səsləndirirdilər. Hərrə faciəsinin xəbəri Yezidə çatanda o da Osmanın qanını aldığını təsdiq edən şeirlər oxumuşdu. Şamlılar nəinki bu cinayətdən peşman olmamışdılar, hətta bununla fəxr edirdilər. Qoşun başçısı Müslim ibn Əqəbə ömrünün sonuna kimi (o, Hərrə faciəsindən cəmi bir neçə gün sonra xəstələnib cəhənnəmə vasil oldu) deyirdi ki, Hərrədə mədinəliləri öldürməyimi "La ilahə illəllah" cümləsini söyləməkdən sonra həyatımda ən gözəl əməl sayıram.

Şam qoşunu Mədinə camaatını cəzalandırdıqdan sonra Abdullah ibn Zübeyrin işini bitirmək üçün Məkkəyə sarı üz tutdu. Yolda sərkərdə Müslim ibn Əqəbə öldü və onun yerini köməkçisi Hüsayn ibn Nümeyr tutdu. Bir neçə ay ərzində Məkkə ətrafındakı təpələrin üzərində quraşdırılmış mancanaqlardan şəhər daş və od atəşinə tutuldu. Kəbənin divarları dağıdıldı, müəqddəs evin örtüyü (kisvət) yandı. Mühasirənin qızğın vaxtında, rəbiül-əvvəl ayında Şamdan Yezidin ölüm xəbərini gətirdilər. Hüsayn mühasirəni saxlayıb Abdullah ibn Zübeyrlə barışıq yaratdı. Kəbəni ziyarət etmək adı ilə şəhərə gələn Hüsayn Abdullahla görüşdü və onu birlikdə Şama gedib xəlifə seçkilərində öz namizədliyini verməyə çağırdı. Təbii ki, Abdullah təklifi rədd edib Məkkədə qalmağa üstünlük verdi. Çünki artıq nəinki Hicaz, ətraf bölgələr də onun tabeçiliyi altında idi. İraq valisi Übeydullah ibn Ziyad Yezidin ölüm xəbərini eşidib Şama qaçmışdı. Beləliklə, bu qarışıqlıq şəraitində Abdullah iraqlıları da öz tərəfinə çəkmək tamahına düşmüşdü. Şam ordusu geri qayıtdı, Zübeyrin oğlu isə öz tabeçiliyində olan torpaqlarda hakimiyyətini qurmaqla məşğul olmağa başladı...

(məqalə Rəsul Cəfərianın "Xəlifələr tarixi" kitabının əsasında hazırlanmışdır).

Milli.Az