Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Konqresdə anti-Azərbaycan ruzigarı - erməni lobbisi yeni həmləyə hazırlaşır

Ermənisifət konqresmenlər qanunvericilik təşəbbüsü ilə çıxış ediblər; hətta qondarma rejimin “ərazi bütövlüyünə” dəstək ifadə edilir - Bakıdan reaksiyalar

ABŞ Konqresinin Erməni Məsələləri Qrupunun həmsədri, erməni əsilli Ceki Speyer Azərbaycanın “Ermənistan və ”artsax"dakı hərbi cinayətlərə görə məsuliyyət daşıması üçün" qanunvericilik təşəbbüsü ilə çıxış edib.

“Yeni Müsavat” bildirir ki, bu barədə Amerika Erməni Milli Komitəsi (ANCA) xəbər verib. Speyer Ermənistanda səfərdə olan ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin başçılıq etdiyi Amerika nümayəndə heyətinin tərkibində olub. O, Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə və Bakının “hərbi cinayətləri”ni araşdırmaq üçün beynəlxalq tribunallara (!!) müraciət etməyə çağırıb. Speyer belə bir niyyətini hələ ötən həftə, mifik “artsax”ın ABŞ-da sülənən “xin” başçısı, Bakının beynəlxalq axtarışa verdiyi David Babayanla ANCA federal seminarı çərçivəsində keçirilən görüşdə bəyan etmişdi.

ANCA-nın məlumatına görə, qətnamədə sanksiyaların tətbiqi ilə yanaşı, erməni “hərbi əsirlər”in qanunsuz həbsinin araşdırılması tələb olunur, “erməni kilsələrinin və tarixi abidələrinin dağıdılması pislənir”, Ermənistan və “artsax”ın (?!) ərazi bütövlüyünə dəstək ifadə edilir (Ermənistanı başa düşdük, “artsaxın ərazi bütövlüyü” nə demək? Yoxsa erməniyanlı konqresmenlər təzə dövlət kəşf ediblər?!)

Speyerin təşəbbüsünə özü kimi satılmış konqresmenlər - Frank Pallone, Adam Şiff və Anna Eşu qoşulub. Qeyd edilir ki, Speyerin təşəbbüsü Ermənistanla bağlı Qrupun həmsədri Adam Şiffin az öncə dövriyyəyə buraxdığı və ABŞ-ın Azərbaycana yardımını dərhal dayandırmağa çağıran, Azərbaycanın Ermənistana və “artsaxa” qarşı “təcavüzü”nü pisləyən 1351 saylı qətnamə layihəsinin ardınca irəli sürülüb. Qətnamə layihəsini indiyədək 44 konqresmen imzalayıb.

Xatırladaq ki, N.Pelosi İrəvanda olarkən belə bir anti-Azərbaycan təşəbbüsünün anonsunu vermişdi. Bəs erməni lobbistlərinin növbəti təxribatçı cəhdinin reallaşması, layihənin Konqresdən keçmə ehtimalı necədir? Məlumdur ki, noyabrda Konqresə aralıq seçkilər keçiriləcək. Müşahidəçilərə görə, bu seçkilərdə demokratların parlamentdə üstünlüyü əldən çıxacaq. O zaman əsasən demokrat konqresmenlərdən gələn və heç də ABŞ-ın milli maraqlarına cavab verməyən bu layihə noyabra kimi təsdiqlənə bilərmi? Təsdiqlənərsə, Azərbaycan üçün hansı fəsadlar mümkündür və Bakı erməni lobbisinin bu həmləsini neytrallaşdırmaq üçün ön tədbirlər görürmü? Heç şübhəsiz, ermənilərin davam edən sərhəd təxribatları da belə anti-Azərbaycan sənədlərinin qəbulunu asanlaşdırmaq üçün münbit zəmin hazırlamaq niyyəti güdür.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a qeyd etdi ki, belə bir qanunvericilik təşəbbüsü ilə Pelosi və dəstəsi İrəvanda olarkən çıxış etmişdilər: “Hesab edirəm ki, onların qanun layihəsi Konqresdən keçməyəcək - baxmayaraq ki, Bayden administrasiyası Ermənistana daha yaxın münasibət bəsləyir, amma Azərbaycanla əlaqələri tam korlamağı arzulamazlar. Sadəcə, noyabrda aralıq seçkiləri baş tutacaq və bu siyasət seçkiqabağı ermənilərin xoşuna gəlmək kampaniyasıdır. Həmin konqresmenlər də ermənilərin kompakt yaşadığı yerlərdən seçiliblər deyə bu dəfə də onların səsini qazanmağa çalışırlar”.

AMİP sədri vurğuladı ki, Demokratların həmişə ermənilərə xoş münasibəti olub: “Digər tərəfdən, regiondan Rusiyanı sıxışdırıb çıxarmaq və öz təsir dairəsini gücləndirmək hədəfi olduğu üçün Amerika Ermənistana açıq dəstək verir. Eyni zamanda, Paşinyanı hakimiyyətə onlar gətirib, amma Vaşinqtonun etdiyi yanlış yanaşmadır. Amerika nüfuzunu bölgədə qoruyub saxlamaq üçün Azərbaycanla daha yaxın olmalıdır, Qafqazın üç ölkəsi arasında belə aşkar fərq qoymamalıdır. Çünki Azərbaycan regionun ən güclü dövlətidir, hərbi və siyasi cəhətdən qüdrətliyik, NATO ölkəsi olan Türkiyə ilə yaxınıq və bu halda Vaşinqton Bakıya belə qərəzli münasibət sərgiləməməlidir”.

Fuad Əliyev Versus.Az-ı təbrik etdi

Fuad Əliyev 

ALDP sədri Fuad Əliyev isə söylədi ki, konqresdə ermənipərəstlər kifayət qədər fəaldırlar. Onun fikrincə, rəsmi Bakı diplomatiyasını gücləndirməlidir: “Biz Amerikada daha çox iş aparmalıyıq və meydanı onlara boş buraxmaq olmaz. Hakimiyyət Vaşinqton siyasətinə yenidən baxmalıdır. Prezidentin köməkçisi Hikmət Hacıyevin ABŞ səfəri və orada Qriqoryanla görüşü də yerində idi. Amma Bayden iqtidarının ermənipərəstliyi çoxdankı məsələdir və onlar İrəvana dəstəyi davam etdirəcəklər. Sadəcə, noyabrda respublikaçıların qalib gəlməsini arzulamalıyıq. Bu halda Konqresdəki ermənipərəstlərin səsi kəsiləcək və mövqeləri zəifləyəcək”.

Partiya sədrinin sözlərinə görə, buna qədər sözügedən mürtəce təşəbbüslərin qanunverici orqandan keçməsinə mane olmalıyıq: “Üstəlik, ”artsax"ın adını çəkməsi belə ABŞ üçün rəzalətdir. Kiçik bir anklav olan, 20-25 min erməni yaşayan yeri “ərazi bütövlüyü” adlandırmaq Birləşmiş Ştatların milli maraqlarına uyğun deyil. O zaman eyni sözləri Ukraynanın ilhaq edilən bölgələri haqda da söyləsinlər".

İmran Xan xarici və təhlükəsizlik siyasətinə görə hədəf götürülüb" - Elxan Şahinoğlu

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, konqresdəki ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin ardınca Fransa parlamentinin bir qrup deputatı İrəvana təşrif buyurub, baş nazir Nikol Paşinyanla görüşüblər: “Nensi Pelosi kimi fransalı deputatlar da Ermənistana dəstək ifadə edib, Azərbaycanı hədələyiblər. Deputat qrupuna Fransa-Ermənistan parlamentlərarası dostluq qrupunun rəhbəri Jülber Devinaz başçılıq edib. ABŞ Konqresində və Fransa parlamentində Azərbaycanla dostluq qrupları yoxdurmu? Varsa, onlar niyə açıqlama vermir, bu həssas məqamda Bakıya gəlmirlər?”

Emil SALAMOĞLU,
“Yeni Müsavat”