Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Kreml İLHAQI tanıtdıra biləcəkmi? - DETALLAR

"Rusiya prezidenti Vladimir Putin Ukraynanın 4 bölgəsini Rusiyaya birləşdirdikdən sonra tərəfdaşlarından dəstək gözləyir. Ankara ilk gündən açıqlama verib ki, Ukraynanın parçalanmasını və ərazilərinin ilhaqını tanımır. Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında Ukrayna torpaqlarının ilhaqının beynəlxalq hüquqa zidd adlandırıb. Bu ilhaq Ankaranın Moskva ilə Kiyev arasında vasitəçiliyinə də zərbə vurub. Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Putindən sonrakı Rusiya lideri ilə görüşə bilər, Kremlin indiki sahibi ilə görüş mümkün deyil. Halbuki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilhaqa qədər Putinlə Zelenskini görüşdürməyə çalışırdı".

Publika.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, Belarus və Ermənistan Rusiyanın müttəfiqi olsa da, Rusiyanın ilhaqını dəstəkləməyib:

"Belə olan halda Kremlin ümidi ötən dəfə olduğu kimi Nikaraqua və bir neçə ada dövlətinədir. Kreml Krımı ilhaq edəndə məhz bir neçə ada-dövlət bunu qəbul etmişdi. Vladimir Putin Ukrayna torpaqlarının Rusiyaya birləşdirdiyini elan etdiyi günün sabahı Çin lideri Si Sinpinə təbrik məktubu yazıb. 1 oktyabr Çində Respublika günü kimi qeyd edilir. Putin məktubunda Si Sinpini əziz dostu adlandırıb. Kreml sahibi Çinin beynəlxalq arenada artan nüfuzuna işarə edərək iqtisadi və sosial sahədə uğurlarını vurğulayıb: “Rusiya-Çin əlaqələri və strateji tərəfdaşlığı dinamik inkişaf edir”.

Politoloq bildirib ki, Si Sinpin də Putinə yazdığı məktublarda həmkarını “əziz dost” deyə hitab edir:

"Buna baxmayaraq, Si Sinpin Ukrayna ərazilərinin ilhaqını tanımayacaq. Ancaq o. eyni zamanda bu ilhaqa görə Kremli tənqid etməyəcək. Putin də anlayır ki, Pekin Ukraynanın 4 bölgəsinin Rusiyaya birləşdirilməsini tanımayacaq. Putin üçün önəmlidir ki, ilhaqa rəğmən, Pekin Kremllə tərəfdaşlıqdan imtina etməsin. Rusiyanın Ukrayna torpaqlarını ilhaqı Mərkəzi Asiya ölkələrinin də maraqlarının əleyhinədir. Rusiyanın Mərkəzi Asiyadakı əsas tərəfdaşı Qazaxıstan Ukraynanın ərazi bütövlüyünü tanımaqda davam edəcək. Vladimir Putinin bir gözü də Qazaxıstandadır. Kreml sahibi və onun tərəfdarları Qazaxıstanın şimalını qarışdırmaq üçün münbit məqam gözləyir. Ukraynada olduğu kimi Qazaxıstanın şimal şəhərlərində də ruspərəst qüvvələr yetişdirilir. Astana Rusiya təhlükəsindən özünü qorumaq üçün alternativ yollar axtarır".

Tural Turan