Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Əmək müqaviləsinə xitam verilməsinə dair yeni qaydalar müəyyənləşdi

Əmək müqaviləsinə xitam verilməsinə dair yeni qaydalar müəyyənləşib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı Əmək Məcəlləsinə dəyişikliklər haqqında qanunda əksini tapıb.

Aşağıdakı hallar fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçün əsas olacaq:

- fiziki şəxs olan işəgötürən vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə;

- fiziki şəxs olan işəgötürən barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildikdə, yaxud o, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə azadlıqdan məhrum edildikdə;

- fiziki şəxs olan işəgötürən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs hesab edildikdə;

- Mülki Prosessual və Cinayət Prosessual məcəllələrinə uyğun olaraq fiziki şəxs olan işəgötürənin axtarışı elan olunduqda;

- İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq əcnəbi və vətəndaşlığı olmayan işəgötürən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənarda inzibati qaydada çıxarma tətbiq edildikdə.

Bu hallarda əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi əmək münasibətlərinin iştirakçılarını, habelə vəfat etmiş fiziki şəxs olan işəgötürənin vərəsələrini (miras payı həddində) əmək qanunvericilyi ilə müəyyən edilmiş öhdəliklərin icrasından azad etməyəcək.

Milli.Az