Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Media Reyestrinə daxil olmaq - bərabər və ədalətli rəqabət mühitinin açarı

Media Reyestrinə daxil olmaq - bərabər və ədalətli rəqabət mühitinin açarı

“Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı “Media haqqında” Qanunda nəzərdə tutulan bir sıra mühüm hüquqi tənzimlənmə mexanizmlərin hərəkətə gətirilməsi və tətbiqi baxımından mühüm əhəmiyyətə malikdir. Media sektorunda informasiya və kommunikasiya texnologiyalarının inkişafının, fərdlərin və topluluqların informasiya təhlükəsizliyini təhdid edən çağırışların yaratdığı reallıqlardan sui-istifadə hallarının məhdudlaşdırılmasına, vətəndaşların, jurnalistlərin və media subyektlərinin hüquqlarının qorunmasına önəmli töhfə verəcək.

Bunu Musavat.com-a “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.

Ekspert bildirib ki, Media Reyestrinə bəzi maraqlı qruplar və onların yanlış, yaxud məqsədyönlü təbliğatının təsiri altına düşən şəxslər tərəfindən hansısa mücərrəd, ölçüyə gəlməyən anlayışların “məhdudlaşdırılması” kontekstindən təqdimatı kökündən yanlışdır:

“ “Media haqqında” qanun və onun tələbindən irəli gələn Media Reyestri hüquqi platformadır, bütün tərəflərin hüquqlarının və öhdəliklərinin müəyyənləşdirildiyi, subyektiv mülahizə və qərarlara imkan verməyən hüquqi normalar məcmusudur. Bunun alternativi xaos, ozbaşınalıq, dərəbəylik, vətəndaşların, media subyektlərinin və jurnalistlərin hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına zəmin yarada biləcək hüquqi nihilizmdir. Hüquqi dövlətdə heç bir sahə, o cümlədən media sektoru hüquqi tənzimləmələrdən kənarda qala bilməz və qalmamalıdır da. Bu baxımdan, Media Reyestrinin aparılmasının qaydalarının müəyyənləşdirilməsinə və təqbiqinə bütün media subyektləri və jurnalistlər üçün bərabər imkanlar və rəqabət mühiti yaradan platforma kimi yanaşmaq lazımdır. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, jurnalistlərin Media Reyestrinə daxil edilməsi könüllülük prinsipi əsasında aparılacaq və həmçinin media subyektləri də onlarla işləyən jurnalistlərə özlərinə məxsus vəsiqələri verməkdə tam müstəqil olacaqlar. Yəni hansısa şəxsin adının Media Reyestrinə daxil edilməməsi onun peşə fəaliyyəti ilə məşğul olmasına heç bir maneə yaratmayacaq. Amma Media Reyestrinə daxil olmaq həm jurnalistlər, həm də media subyektləri üçün bir sıra iqtiqamətlərdə, xüsusilə də sosial və digər güzəştlərdən faydalanmaq baxımından daha geniş imkanlar açacaq. Çünki Media Reyestrinə daxil olmaqla, media subyektləri müvafiq peşə standartlarına cavab verdiklərini, medianın klassik və modern institutlarının əks olunduğu bir müstəvidə çalışdıqlarını, yəni peşəkar fəaliyyətlərini ortaya qoyacaqlar. Bu isə bərabər və ədalətli rəqabət mühitinin açarıdır. Reyestr medianın inkişafına dəstək layihələrinin iqtisadi və hüquqi əsaslandırmasının formalaşdırılmasına imkan verəcək. Yəni media subyektləri öz inkişaflarını təmin etmək üçün əsaslandırılmış biznes layihələri ilə çıxış edəcək və bunun qarşılığında həm ölkənin qeyri-neft sektorunun, sahibkarlığın, həm də medianın inkişafı üçün nəzərdə tutulan güzəştlərdən faydalana biləcəklər.

Həmçinin Media Reyestrində yer alan informasiyaların əlçatanlığı, digər mühüm elektron informasiya sistemlərinə inteqrasiyası bu sahədə, xüsusilə də peşə fəaliyyəti ilə bağlı şəffaflığın təmin olunmasına, neqativ halların qarşısının alınmasına, o cümlədən media subyektləri və jurnalistlərin hüquqlarının daha yüksək səviyyədə müdafiəsinin təmin edilməsinə imkan yaradacaq. Media Reyestri jurnalistika sahəsində peşəkar fəaliyyətin hüquqi nizama salınmasıdır və sözün bütün mənalarında, mediaya peşəkar faəliyyət istiqaməti kimi baxanlara, bütün hüquq və azadlıqları kompleks şəkildə dərk edənlərə, medianı öz həyatının ayrılmaz bir parçası hesab edənlərə, kəsəsi, medianın daimi sakinlərinə layiq olduqları imkanları yaradacaq”.

Aytən Novruz 
Musavat.com