Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Minalar iki-iki can alır: 3 günə 6 qurban - səhlənkarlıq, yoxsa...

Xəbər verildiyi kimi, sentyabrın 30-da Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Dilağarda kəndinin minalardan təmizlənməmiş ərazisində tank əleyhinə minanın partlaması nəticəsində 1986-cı il təvəllüdlü Amid Fətullah oğlu Əsədov və 2007-ci il təvəllüdlü Çərkəz Bahadur oğlu Quluzadə həlak olub, 1973-cü il təvəllüdlü Bahadur Məhi oğlu Quliyev isə yaralanıb.

Bir gün sonra - 1 oktyabr tarixində isə Tərtər rayonunun işğaldan azad edilmiş ərazisində yerləşən minalardan təmizlənməmiş “Üçüncü Sovxoz” adlı yerdə piyada əleyhinə minanın partlaması nəticəsində 1990-cı il təvəllüdlü Nicat Novruz oğlu Cabbarov və 1976-cı il təvəllüdlü Rəfail Köçəri oğlu Bayramov ağır xəsarət alıb və ilkin məlumata əsasən, ayaqları amputasiya edilib.

Daha bir gün sonra - oktyabrın 2-də isə Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minanın partlayışı nəticəsində 2002-ci il təvəllüdlü Sabirabad rayon sakini Kərimzadə Rasim Nüsrət oğlu xəsarət alıb. Xəstəxanaya yerləşdirilən zərərçəkənin sağ ayağının bir neçə barmağı amputasiya edilib. Vəziyyəti stabildir.

DİN mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Xocavənd rayonu ərazisində yeni çəkilən Əhmədbəyli-Füzuli-Şuşa yolunda yolu çəkən şirkətin fəhləsi Rasif Kərimzadə yolun kənarında piyada əleyhinə minaya düşməsi nəticəsində mina partlayıb. R.Kərimzadə sol ayağından müxtəlif dərəcəli xəsarət alıb. Polis əməkdaşlarının köməyi ilə o, dərhal xəstəxanaya çatdırılıb. 

Ardıcıl 3 gündə 6 mina qurbanı! Çox deyilmi? Bu, Vətən müharibəsindən sonra ilk böyük rəqəmdir. Bəs faciəvi halların çoxalması nə ilə bağlıdır, mülki şəxslərin səhlənkarlığı ilə, yoxsa...

İnsanlar nələrə diqqət eləməlidir?

Ukraynanın Vətən müharibəsi - ilin sonunadək Rusiya ordusu məhv ediləcək?

Rövşən Məhərrəmov: “İşarələr yoxdursa, o yerlərə qətiyyən girmək olmaz”

Ehtiyatda olan polkovnik, Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polisinin keçmiş rəisi Rövşən Məhərrəmov bir çox vacib məqamların üstünü açdı: “İstər I, istərsə də, II Qarabağ savaşı olsun, düşmən tərəfindən atılan mərmilərlə torpağa təmas olub. Onlar torpağın alt qatına yeriyib. Bunlar da partlamaq üçün təhlükədir. O mərmilər insan həyatına təhlükə yarada, texnikaların sıradan çıxmasına səbəb ola bilər. Bunu da mütləq nəzərə almaq lazımdır. Təmizləmə işləri gedəndə ərazilər onlardan da təmizlənir. Mərmi atılanda torpağın alt qatına qədər gedir və orada partlamadığı halda texnika onun üzərindən keçəndə partlama baş verə bilər. O, minadan daha çox fəsad yarada bilər. İşğal edilmiş ərazilərdə ən azından bir milyona yaxın minalar basdırılıb, mərmilər torpağa təmasda olub. Hazırda da bunlar tam şəkildə təmizlənməyib. Bu da hər zaman ağır fəsadlar verə bilər. Torpaqla təmas daha dərində olanda fəsadları daha ağır olur. Çünki çox dərinə gedir və minaaxtaranlar bəzən tapmağa çətinlik çəkə bilərlər. Dərində olduğu üçün də partlayış daha dəhşətli olur. Həmin yerlərdə çuxurlar əmələ gəlir ki, bu da çox təhlükəlidir. İnsanlar unutmasınlar ki, bir metr yarıma qədər torpağın alt qatına gedən mərmiləri minaaxtaranlar tapmaya da bilərlər. Çox dərinə gedən mərmiləri zərərsizləşdirməkdə də problemlər yaranır. Çox vaxt aparan bir prosesdir. Bəzən insan, texnika əleyhinə olan adi minaları zərərsizləşdirmək daha tez və asan olur, nəinki mərmiləri. Çünki ilk növbədə, onu axtarıb tapmaq lazımdır. Ətrafında mərminin partlamayan hissələri da ola bilər. Bütün bunları mütləq nəzərə almaq lazımdır”.

Hərbi ekspert insanlara çağırış da etdi: “Minalar təmizlənməmiş ərazilərdə işarələr var ki, həmin işarələr o yerlərin minalı olduğunu göstərir. O əraziyə keçmək qətiyyən olmaz. Minatəmizləmə işlərini aparanlar həmin ərazilərə işarələr qoyurlar. Tövsiyəm odur ki, həmin işarələr olan yerlərə daxil olmasınlar. Bilirsiniz ki, Qarabağdakı ərazilərimizdə çoxlu sayda minalar var. Bunlar həddindən artıq çoxdur. I Qarabağ savaşından sonra keçən uzun müddət ərzində həmin yerlərə rahat şəkildə minalar basdırıblar. II Qarabağ savaşında isə çoxlu sayda mərmilər atılıb. Partlamamış mərmilər olmamış deyil. O yerlərdə texnikanın işləməsi, piyadaların gəzintisi qətiyyən olmaz. Ayaq dəyməyən yerlər var. Əgər mühəndislər həmin yerləri yoxlamayıblarsa, insanlara tövsiyəm budur ki, həmin ərazilərə girməsinlər. Çünki bu təhlükədir. Nəzarət də həmin ərazilərə güclü olmalıdır. İnsanları, texnikaları o yerlərə buraxmaq olmaz. İnsanların özü də başa düşməlidir ki, hər an həyatlarına təhlükə ola bilər. Hər bir ərazi müəyyən olunur və bilinir ki, hansı ərazilərdə minalar var. Ərazi böyük olduğu üçün yoxlanmamış ərazilər də var. İşarə olmasa belə o yerlərə getmək də təhlükəlidir. Bunu insanlar yaxşı bilməlidirlər. Bilirsiniz ki, ermənilər bizə minalar basdırılan müəyyən ərazilərin guya xəritəsini vermişdilər. Sonradan onların saxta olduğu məlum oldu. Əslində onların özlərində də dəqiq xəritələr yoxdur. Çünki I və II Qarabağ savaşlarında ermənilər geri çəkildikcə həmin ərazilərin xəritələrini hazırlamaqda çətinlik çəkə bilərdilər. İstənilən halda düşmən düşməndir və bundan sonra da xəritələr təqdim etsələr belə onlara qətiyyən inanmaq olmaz. Bir sözlə işarələr yoxdursa, o yerlərə qətiyyən girmək olmaz”.

9 may Qələbə Günü bizə XATIRLATDI

Alp Arslan İmamqulu: “Minalanmış ərazilərin xəritələri Azərbaycana düzgün şəkildə təqdim olunmayıb”

Tanınmış hərbi ekspert, “M5 Müdafiə və Strategiya jurnalı”nın regional təmsilçisi  Alp Arslan İmamqulu getdikcə mina təhlükələrinin azalacağına işarə etdi: “Ermənistan bir terror dövlətidir. Bu, müharibədən qalmış minaların partlaması ilə bir daha sübut olunur. Çünki dəfələrlə müraciətlər olmasına baxmayaraq, minalanmış ərazilərin xəritələri Azərbaycana düzgün şəkildə təqdim olunmayıb. Müharibənin bitməsindən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, vaxtaşırı bu cür partlayışların olması nəticəsində insanlarımızın həyatlarını itirmələri, xəsarət almaları 30 illik dəhşətin davam etməsi deməkdir. İstənilən halda bu gün ərazilərimizə qayıdış çərçivəsində insanlarımız öz yaşayışlarını təmin etməkdədirlər. Artıq bir sıra şirkətlərimiz müvafiq ərazilərdə fəaliyyət göstərirlər. İnsanlarımız təhlükələrə və qoyulmuş işarələrə xüsusi diqqət yetirməlidirlər. Hərəkət zonaları olaraq müəyyənləşdirilmiş marşrutlardan kənara çıxmamağa xüsusi diqqət yetirilməlidir. Bu cür halların baş verməməsi üçün bəhs olunan məqamlar nəzərə alınmalıdır. Növbəti illərdə ərazilərin minalardan təmizlənməsi ilə bu cür risklər və hadisələrin sayı azalmış olacaq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”