"Bakı-Moskva: mədəniyyətlərin dialoqu" konfransı təkcə humanitar əməkdaşlıq məsələlərini deyil, həm də iqtisadi, təhsil və elm sahələrində əlaqələri əhatə edir.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy "Bakı-Moskva: mədəniyyətlərin dialoqu" konfransı çərçivəsində deyib.

O bildirib ki, bu konfrans vacib əhəmiyyət kəsb edir:

"Qeyd etmək lazımdır ki, on il əvvəl bu cür tədbir Bakı Beynəlxalq Humanitar Forumunun başlanğıcı oldu. İndi bu forum böyük əhəmiyyət qazanıb müxtəlif ölkələrdən çoxlu sayda nümayəndələrin diqqətini cəlb edir".

M.Şvıdkoy qeyd edib ki, Bakıda keçirilən konfrans Azərbaycanla Rusiya arasında münasibətlərin səviyyəsini və xarakterini nümayiş etdirir:

"Konfrans hər iki ölkə üçün vacibdir, çünki mədəni, iqtisadi, elmi məsələləri, əməkdaşlığın müxtəlif aspektlərini əhatə edir. Əlbəttə ki, biz Azərbaycanı Qafqazda vacib, strateji tərəfdaşımız kimi nəzərdən keçiririk. Fikrimcə, bugünkü konfrans bunu yüksək səviyyədə təsdiq edəcək. Bizim böyük planlarımız var".

Qeyd edək ki, Bakıda Azərbaycan ilə Rusiya arasında əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə "Bakı-Moskva: mədəniyyətlərin dialoqu" konfransı keçirilir. Üçgünlük konfrans Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və TASS informasiya agentliyinin dəstəyi ilə təşkil edilib.

Bu gün konfrans çərçivəsində "Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır" mövzusunda dəyirmi masa keçirilib. Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayevin, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Qusmanın və Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun moderatorluğu ilə keçirilən tədbirdə dövlət strukturlarının nümayəndələri, tanınmış mədəniyyət, təhsil və elm xadimləri, hər iki ölkədən olan jurnalistlər iştirak ediblər.

Konfrans çərçivəsində TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Qusmanın "Hakimiyyət formulu" və "Həyat formulu" kitablarının təqdimatı və digər mədəni tədbirlər nəzərdə tutulur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.