Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Nazirlərin kritik Cenevrə görüşü - Masada sülh sazişinin “Moskva”, yoxsa “Brüssel” variantıdır?

Deputatdan və siyasi ekspertdən sülhə dair sənədin necə hazırlanması haqda açıqlamalar; “İstənilən halda sülh müqaviləsi imzalanarkən baza sənədi kimi 2020-ci ilin 10 noyabr sənədi əsas götürüləcək”

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında oktyabrın 2-də Cenevrədə görüş olub. Bu, sərhəddəki 12-14 sentyabr insidentindən sonra onlar arasında sayca ikinci canlı təmas idi. Bundan qabaq XİN rəhbərləri sentyabrın 19-da Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə bir araya gəlmişdilər.

Cenevrə görüşünün anonsunu bir neçə gün öncə Ermənistanın baş naziri Nikol Paşinyan vermişdi. Bildirmişdi ki, nazilər sülh müqaviləsinin mətnini müzakirə edəcəklər. Paşinyan həmçinin bildirmişdi ki, layihədə Qarabağla bağlı bəndin olması gözlənilmir, çünki bu, Azərbaycan daxilində müzakirə ediləsi mövzudur. O, mümkün sülh müqaviləsi sənədinin mahiyyəti haqqında bəzi başqa diqqət çəkən fikirlər də söyləmişdi.

Məsələn, demişdi ki, "Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımalıdır", “Nə Moskva, nə Brüssel, nə də Vaşinqton Qarabağın müstəqilliyini və Qarabağın Ermənistanın bir hissəsi kimi tanımağa hazır deyil. Biz bu faktı etiraf etməliyik”.

Daha öncə isə Ağ Evdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında sülh müzakirələri aparılmışdı.

Bütün bunlar sülh danışıqlarının Bakının 5 məlum prinsipi əsasında aparıldığına şübhə yeri saxlamır. Yada salaq ki, 31 avqust Brüssel anlaşmasına görə, gələn ayın - noyabrın sonunda İlham Əliyev və Nikol Paşinyan Aİ Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə təzədən Brüsseldə bir araya gələrək, bu dəfə konkret sənədi - sülh müqaviləsinin mətnini razılaşdırmalıdır. Eyni anlaşmağa əsasən XİN başçıları sentyabr ərzində görüşməli idilər. Lakin sərhəddəki məlum hadisələr prosesi ləngitdi.

Cenevrə danışıqlarına gəlincə, erməni teleqram kanallarından birinin bu yaxınlarda dərc etdiyi məlumata görə (onun həqiqiliyi təsdiqlənməyib), biri Brüssel, digəri isə Moskva tərəfindən təqdim olunmuş iki sülh sazişi layihəsi var. “Brüssel” variantında Qarabağla bağlı heç nə deyilmir, Azərbaycanla Ermənistan arasında bütün kommunikasiyaların, o cümlədən Naxçıvana gedən avtomobil və dəmir yollarının açılmasından bəhs edilir.

Rusiyanın təqdim etdiyi variantda isə Qarabağdan bəhs edilsə də, bu məsələyə daha sonra, regionda “davamlı sülh” əldə olunanda baxıla biləcəyi vurğulanır. Həmçinin sülh müqaviləsinin “Moskva” variantında Azərbaycanın materik hissəsi ilə anklav Naxçıvan arasında Rusiya sərhədçilərinin nəzarəti altında hərəkətin təmin edilməsi öz əksini tapsa da, sərhəddə gömrük nəzarətindən istifadə məsələsi açıq qalır.

Bakıdakı yüksək vəzifəli mənbənin sözlərinə görə isə həm Brüsselin, həm də Moskvanın təqdim etdiyi variantlarda Azərbaycanın bəyənmədiyi müəyyən məqamlar var.

Fayl:Elman Nəsirov.jpg — Vikipediya

Elman Nəsirov

Milli Məclisin deputatı Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, nazirlər arasında Cenevrə görüşü Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Avropa İttifaqı Şurasının Prezidentinin avqustun 31-də keçirilən görüşündə əldə edilmiş razılıq əsasında baş tutub: “Bu görüşdə çox ciddi fikir mübadiləsi oldu. Xüsusilə də Azərbaycan Xarici İşlər Nazirliyi son zamanlar Azərbaycan-Ermənistan sərhədində baş verən məlum insidentlər, Ermənistanın hərbi təxribat məsələlərinə diqqət cəlb edərək sərhədlərin delimitasiyasının olduqca önəmli bir məsələyə çevrildiyini vurğulayıb və qeyd edib ki, əvvəllər əldə edilmiş razılaşmaya əsasən noyabr ayında Brüsseldə sərhədlərin müəyyən edilməsi ilə bağlı birgə komissiyanın iclası keçiriləcək və yeni reallıqları nəzərə alıb bu iclasın noyabrda deyil, oktyabrda keçirilməsi məsələsini gündəmə gətirdi. Eyni zamanda azərbaycanlı nazir bir daha vurğuladı ki, çox qısa zaman ərzində iki dövlət arasında nəqliyyat kommunikasiya xətləri bərpa edilməlidir. Azərbaycanın lazım bildiyi əsas məsələlərdən biri də ilk növbədə qeyri-qanuni erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması məsələsidir. Bu proses maksimum sürətləndirilməlidir. Nə qədər ki, erməni silahlı qüvvələri Azərbaycan ərazisindədir heç bir sülhdən söhbət gedə bilməz. Humanitar məsələlər müzakirə edilərkən isə burada iki mühüm məqama azərbaycanlı nazir Ceyhun Bayramov diqqəti cəlb elədi. Bildirdi ki, indiyə qədər Birinci Qarabağ müharibəsində 4 minə qədər soydaşımız itkin düşüb, lakin onların taleyinə Ermənistan tərəf tam aydınlıq gətirməlidir, həmçinin Ermənistan Azərbaycana qarşı apardığı mina müharibəsinə son qoymalıdır. Təbii ki, bütün bunlar nəticə etibarilə çoxdan gözlənilən sülh müqaviləsinin imzalanmasını təmin etməlidir və sülh müqaviləsinin imzalanması ilə bağlı proses sürətlənməlidir. İki ölkənin xarici işlər nazirlərinin görüşü də eyni məntiqdən doğan məsələdir”.

O ki qaldı sülh sazişi imzalanarkən indi masada olan Brüssel, yoxsa Moskva variantının əsas götürüləcəyinə, deputat hesab edir ki, bu variantlar mahiyyət etibarilə bir-birini təkzib eləmir: “Çünki istənilən halda sülh müqaviləsi imzalanarkən baza sənədi kimi 2020-ci ilin 10 noyabr sənədi əsas götürüləcək. Bundan savayı, 2021-ci ilin 11 yanvar sənədi var. 26 noyabr 2021-ci ildə Soçidə imzalanmış sənəd var. Həmçinin Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin 4 dəfə görüşü keçirilib və orada vacib razılaşmalar əldə edilib. Bu razılaşmaların hər birinin mahiyyəti ilə tanış olarkən görürük ki, bunlar bir-birini təkzib etmir, regionda sülhün və təhlükəsizliyin təmin olunması mənafeyinə xidmət göstərir. İstənilən halda Azərbaycanın haqlı maraqlarını qoruyan, pozmayan bir variant tətbiq olunmalıdır və inanırıq ki, olunacaq”. 

Dəyişən dünyada Azərbaycanın yeri - Yeganə Hacıyeva ilə söhbət

Yeganə Hacıyeva

Politoloq Yeganə Hacıyeva isə bildirdi ki, nazirlərin görüşündə əsas müzakirəyə sülh sazişinin imzalanması məsələsi çıxarılmalı idi. Şübhəsiz ki, elə bu məsələ də müzakirə edilib. Çünki bundan öncəki Brüssel görüşləri zamanı sülh sazişinin mətninin işlənməsi ilə bağlı razılaşma olmuşdu: “Öncəliklə istər Brüssel, istər Moskva varinatı ilə bağlı bir neçə məqamı qeyd etmək lazımdır. Vacib məqamlardan biri odur ki, nə Qarabağ mövzusu, nə status mövzusu, nə xalqların öz müqəddəratını təyin etmə mövzusu bu variantlarda yoxdur. Əvəzində isə 44 günlük müharibədən sonrakı regiondakı sülh və sabitliyin formalaşması vacib zəminlər öz əksini tapır. Bu zəminlər iqtisadi, siyasi, təhlükəsizlik və humantar məsələləri özündə əks etdirən nüanslardır. Amma 2 oktyabrda Cenevrədə keçirilən görüşdə hesab edirəm ki, daha çox Brüssel variantı müzakirə edilib. Çünki təşəbbüs Brüsselin idi. Əslində isə Brüssel formatı deyilən format yoxdur. Proseslər 10 noyabr üçtərəfli bəyanatındakı bəndlər üzrə gedir. Amma oradakı razılaşmaların həyata keçməsinə Rusiya daxilində mane olan qüvvələr var. Son proseslər göstərir ki, Rusiyanın daxilində Rusiyanın maraqları əleyhinə gedən qüvvələr mövcuddur ki, məhz o qüvvələr üçtərəfli razılaşmadakı bəndlərin həyata keçməməsi üçün addımlar atırlar. Nazirlərin görüşündə humanitar mövzulara da xüsusi yer ayrıldığını söyləmək olar”.       

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”