Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Paşinyan olmayan sərhədə beynəlxalq müşahidəçi çağırır - Bakının mövqeyi...

ATƏT missiyasını münaqişə zonasına göndərməyi müzakirə edib, İrəvan Fransanı çağırır, Kreml isə KTMT-ni planlaşdırır - hərbi və siyasi ekspert rəyi

Oktyabrın 1-də ATƏT-ə sədrlik edən Polşa xarici işlər naziri  Zbiqnev Rau fransız həmkarı Ketrin Kolonna ilə təşkilatın missiyasının Ermənistan-Azərbaycan sərhədindəki münaqişə zonasına göndərilməsi imkanlarını müzakirə edib.

“Yeni Müsavat” bildirir ki, bu barədə Polşa XİN məlumat yayıb. Az əvvəl isə Rusiya XİN başçısı Sergey Lavrov Azərbaycan-Ermənistan sərhədində KTMT müşahidəçilərinin yerləşə biləcəyini bəyan etmişdi. Həmçinin baş nazir Nikol Paşinyanın Fransa səfəri çərçivəsində bu ölkənin müdafiə nazirliyi tərəfindən Ermənistana hərbi müşahidəçilərin göndərilməsi ilə bağlı razılıq əldə olunub. Məlumdur ki, sərhədə beynəlxalq müşahidəçilər yerləşdirmək təklifi İrəvandan gəlib. Ancaq sərhədlər ilkin olaraq dəqiqləşməyibsə, müşahidəçilər (ATƏT, KTMT, Fransa) harada yerləşəcək? Ən əsası, rəsmi Bakı buna razı olacaqmı?

“Ermənistan ardıcıl olaraq beynəlxalq tərəfdaşlarına problemin həlli üçün bir düstur təklif edir. İstər BMT Təhlükəsizlik Şurasının, istər ATƏT-in, istərsə də digər beynəlxalq təşkilatın mandatı altında olsun, Ermənistan-Azərbaycan sərhədində beynəlxalq müşahidə missiyasını yerləşdirmək lazımdır”, - deyə Paşinyan qeyd edib. Yeri gəlmişkən, baş nazir Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasının adını çəkməyib. Hərbi analitik Azad İsazadə “Yeni Müsavat”a qeyd etdi ki, Azərbaycan buna razı olmayacaq: “Çünki böyük mənası yoxdur. Sadəcə, sərhəddəki vəziyyəti müzakirə etməliyik. Beynəlxalq müşahidəçilərin qarışması prosesi uzadacaq. Texniki cəhətdən mümkün deyil, uzun işdir, Bakıya da sərf etmir. Ona görə ki, danışıqlar formasında illərlə davam edə bilər. Əsas odur ki, sərhəd barədə müqavilə bağlanmalıdır. Sadəcə, Paşinyan vaxt udmaq istəyir, real nəticəsi olacaq sənədə imza atmamaq üçün bu beynəlxalq müşahidəçiləri bölgəyə dəvət edir”.

Asif Nərimanlı: ”Eskalasiyanın baş verməsi Ermənistana sərf edə bilər”

Asif Nərimanlı 

Siyasi şərhçi Asif Nərimanlı qeyd edir ki, İrəvan sərhəddə “beynəlxalq müşahidəçilərin yerləşdirilməsi zəruriliyini” qeyd edir: “Hələ ötən il bu məsələni gündəmə gətirən Paşinyanın məqsədlərindən biri ”alternativ imkanların" olduğunu göstərərək, Rusiyanın dəstəyini əldə etmək idisə, indi artıq “beynəlxalq müşahidəçilər” adı altında Qərb qüvvələrinin, xüsusilə ABŞ və Fransanın “müşahidə missiyaları”nın bölgəyə qapısını aralamağa çalışır. Ermənistan eskalasiyanın hər an yenidən alovlana biləcəyi vəziyyət yaradır". Təhlilçi hesab edir ki, sərhəddə erməni təxribatından dərhal sonra Paşinyanın atdığı tvit məqsədi bir daha ortaya çıxarır: “Bakıya qarşı beynəlxalq təzyiqə və ordumuzun mövqelərindən geri çəkilməsinə nail olmaq. Bynəlxalq birliyi Azərbaycana qarşı çıxmağa çağırır, lakin bu çağırışda yeni və mühüm detal da gizlənib. Bu, Ermənistanın müstəqilliyinə, suverenliyinə və demokratiyasına hücumdur” iddia edir erməni baş nazir və “demokratiya” ifadəsini xüsusi vurğulamaqla Qərbə “Bakı bölgədə demokratiyaya qarşıdır” mesajını ötürür, həmçinin öz cəbhəsini nümayiş etdirir".

Oxu.az - Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma Ermənistanda türk görmək istəmirlər”

 Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədova beynəlxalq müşahidəçilərin çağırılmasını Ermənistanın manevri hesab edir. Onun fikrincə, Azərbaycandan qabaq Rusiya buna mane olacaq: “Paşinyan bununla KTMT-nin fəaliyyətinin səmərəsiz olduğuna işarə edir. Dəfələrlə bəyan edib ki, bu blok müraciətlərə müsbət cavab vermir. Hətta ötən həftə təşkilatdan çıxmağın mümkünlüyünü vurğulamışdı. Paşinyan beynəlxalq müşahidəçilərə çağırış etməklə Rusiyanı guya şantaj etmək fikrindədir. ATƏT sədrinin fransız həmkarı ilə bunu müzakirə etməsi də Minsk Qrupunu reanimasiya etməyə hesablanıb. Amma İrəvan nə qədər çək-çevir etsə belə faydası yoxdur. Əvvəla, Bakı buna icazə verməz, ikincisi, Kreml dərhal Paşinyanın qulağını çəkəcək. O baxımdan bu təşəbbüslər, müzakirələr sərhəddə yaranmış gərginliyin həllinə deyil, uzanmasına xidmət edir. Ermənistan 10 noyabr sənədinin müddəalarını icra etsə, Brüsseldə əldə olunan razılaşmaları həyata keçirsə, başqa ideyalara ehtiyac qalmayacaq”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”