Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Seçki ehtirası: seçilənlər-seçilməyənlər qovğası

Bizim ölkədə hər bir seçki söz-söhbət, toqquşma, narazılıq, umu-küsü, giley-güzar predmeti olur. Çoxdan belədir və hələ çox belə olacaq.

Bütün bunların əsaslı səbəbləri var. Çünki yeraltı keçidi qoyub yolun üstü ilə keçən, adicə metro kartına pul yükləyərkən növbəyə durmaq kimi elementar qaydalara riayət etmək istəməyən camaatımız dürüst seçki görməyib.

Bizdə əminlik var ki, seçkilər həmişə saxtalaşdırılır. Hamı Stalinin məşhur “əsas məsələ kimin kimə səs verməsi deyil, verilən səsləri kimin saymasıdır” kəlamını əzbər bilir və tez-tez təkrarlayır.

Bir sözlə, ən ideal seçkiyə belə dodaq büzəcək, nəticələrini şübhə altına alacaq potensialdayıq. Tərs kimi, ideal seçki keçirmək vərdişlərimiz də yoxdur.

İndi baxıram ki, jurnalistlərin dünənki qurultayında Mətbuat Şurasının idarə heyətinə keçirilən seçkilərin nəticələrini şübhə altına alanlar, seçilənlərin ünvanına tənqid, hətta təhqir yazanlar, ümumiyyətlə, bu qurumun lazımsızlığını iddia edənlər var.

Bəri başdan deyim ki, qurultay nümayəndəsi idim və adları bülletendə olan həmkarlarımın arasında ürəyimdən gəldiyi kimi seçim etdim və seçdiklərimin böyük əksəriyyəti seçildi. Yalnız qazı-jurnalist Məğrur Əlipoladda, necə deyərlər, “xal yandırdım”. İstəyirdim o da MŞ-nın idarə heyətində olsun. Olmadı, canı sağ olsun. Faciə deyil ki. Səngərdə uzanıb erməni gülləsinin altında şeir yaza-yaza müharibədən sağ qayıdıb-qayıtmayacağını düşünən adamdır, MŞ rəhbərliyində təmsil olunsa nə olacaq, olunmasa, nə olacaq?

Ümumiyyətlə, MŞ İH-ə seçilənlərlə bağlı bu nə kütləvi qınama-qısnama, seçilməyənlərlə bağlı bu nə isterikadır, nə deməkdir, anlaşılmır.

Bəs kim seçiləydi, ay əziz həmkarlar? O qurumda təmsil olunanların bir-ikisi xaric, qalan hamısı gündəlik qəzetlərin, populyar saytların, media qrupların rəhbərləridir. Onlar kənarda qalsaydıı, daha kiçik kollektivlərin o qədər də populyar olmayan redaktorları seçilsəydi, daha böyük ajiotaj olmayacaqdımı?

Hamımız bilməliyik ki, hər bir seçkinin nəticəsi təkcə namizədin populyarlığından yox, həm də sevimli olmasından və öz ətrafında daha çox seçicini birləşdirməsindən asılıdır. İndi nə edək ki, qurultay nümayəndələri onlara təklif edilən namizədlər arasından seçim etməli idilər. Başqaları yox idi.

Əslində qurultayda gözüm Arif Əliyevi, Mehman Cavadoğlunu, Hikmət Sabiroğlunu, Bahəddin Həzini, Qabil Abbasoğlunu, Azər Qaraçənlini, Zamin Hacını, Şahin Cəfərliini, Azər Rəşidoğlunu, Rəsul Mirhəşimlini, Böyük Ağayevi, Aydın Canı, Azər Hüseynbalanı, Azər Ayxanı, Aygün Muradxanlını, Şahnaz Bəylərqızını, Esmira Namiqqızını, Ləman Əliəşrəfqızını, Elçin Rüstəmlini, Kamil Həmzəoğlunu, Rövşən Kəbirlini, Asəf Quliyevi, Seyfəddin Hüseynlini, digər sevimli imzaların sahiblərini, istedadlı gənc və yaşlı həmkarlarımı axtardı. Amma onlar nə qurultay nümayəndəsi idilər, nə də harasa seçilmək üçün namizədliklərini irəli sürmüşdülər. Bir çox populyar imza sahibləri isə qurultayda olsalar da, hər hansı bir seçkili orqanda təmsil olunmaq istəmədilər.

Belə olan halda kim seçilməliydi? Yəni “lotereyeda maşın udmaq üçün ən azı bir lotereya almaq lazımdır” məsələsi... Onlar “lotereya bileti” almamışdılar.

Ona görə də MŞ İH-in yeni tərkibindən gileylənməyin yeri yoxdur.

Baxın, yuxarıda sanballı imzalardan ibarət bir heyətlik jurnalist adı qeyd etmişəm. Guya məhz bu adamlar İH-ə seçilsələr, hamı razı qalacaqdı? Əsla! Onda da digər seçilməyənlər qınayıcı, aşağılayıcı nəsə yazacaqdılar və fikirlərini belə ümumiləşdirəcəkdilər ki, “jurnalistikanın başına daş düşüb”, “bu heyətlə jurnalistika sahəsində heç bir uğur qazanmaq olmaz”, “yenə köhnə adamlar seçilib”, “MŞ-da qələmlərini satanlar təmsil olunub” və sair və ilaxır.

Ümumiyyətlə, belə şeyləri çox da ürəyə salmaq olmaz. Mətbuat Şurası artıq mükafat paylayan, təminat vəd edən qurum deyil, əsasən QMİ-nin Qazılar Şurası kimidir, dövlət, hökumət və ictimaiyyət nümayəndələri ilə jurnalistlərin arasındakı mübahisələri məhkəməyə qədər çözəcək.

Yaxşı jurnalist olmaq istəyənin MŞ-yə ehtiyacı yoxdur. Bir sayt və ya qəzet MŞ üzvü olmadan da, çalşqanlıq, intuisiya və istedadlı kollektiv hesabına ölkənin ən populyar media qurumu ola bilər.

Həyatda belə örnəklər də var: ölkəmizin ən populyar mahnılarının müəllifi Bəhram Nəsibov Bəstəkarlar İttifaqının üzvü olmayıb. Eləcə də şöhrəti dünyanı tutan yazıçılar var ki, hansısa yaradıcı təşkilatın, hansısa şuranın rəhbərliyində təmsil olunmayıblar.

Daha bir misal. Məşhur rəssam Pol Qogen yaradıcı adamların qaynaşdığı Parisdən köçüb, heç bir həmkarının olmadığı Taitidə yaşayıb, sonra başqa bir adaya köçüb, orada da ölüb. Qogenin “bu, yaxşı alınmadı” deyib kənata atdığı rəsm əsərinin qiyməti bu gün ən azı 3 milyon dollardır, hələ şedevrlərini demirəm. Yəni hansısa təşkilatda təmsil olunmaq yaradıcı adama yaxşı əsərlər yaratmağa kömək etmir, əksinə, mane olur.

Ona görə də, əziz həmkarlar, gəlin, diqqətimizi işimizə verək, yaxşı yazılar yazaq, maarifçilik işi aparaq. Mətbuat sahəsində məmurluq etməyə həvəsli olanları da öz seçimləri ilə baş-başa buraxaq.

Xalid KAZIMLI