Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Yaponiyanın baş naziri Şimali Koreyanın növbəti raket sınağını kəskin pisləyib

Yaponiyanın baş naziri Şimali Koreyanın növbəti raket sınağını kəskin pisləyib

Yaponiyanın baş naziri Fumio Kişida oktyabrın 4-də Şimali Koreya tərəfindən həyata keçirilən raket sınağını kəskin pisləyib.

AZƏRTAC xəbər verir ki, həmin gün Yaponiya vaxtı ilə səhər saat 7:22 dəqiqədə buraxılan raket ölkənin şimalında yerləşən Hokkaydo və Aomori prefekturaları üzərindən uçaraq Sakit okeana düşüb.

Hadisəni şərh edən baş nazir Fumio Kişida deyib: “Biz bu sınağı hiddət doğurucu hərəkət kimi kəskin pisləyirik. Hadisə ilə əlaqədar mən əlaqədar qurumlara mümkün zərərin araşdırılması, müttəfiqlərimizlə birlikdə əlaqədar informasiyanı toplamağı və təhlil etməyi tapşırmışam”.

Yaponiyanın müdafiə naziri Yasukazu Hamada raketin ölkənin şimal əraziləri üzərindən 1000 kilometr hündürlükdən uçaraq 4600 kilometr məsafə qət etdiyini və Sakit okeanda Yaponiyanın məxsusi iqtisadi zonasından kənara düşdüyünü bildirib.

Yaponiya Müdafiə Nazirliyinə görə bu, Şimali Koreyanın cari ildə sayca 23-cü raket sınağıdır. Yaponiya, ABŞ və Cənubi Koreyadan olan hərbçilərin vəziyyəti diqqətlə izlədikləri qeyd edilir.

Yaponiya nazirlər kabinetinin baş katibi Hirokazu Matsuno da Şimali Koreyanın bu hərəkətini pisləyərək, bunu region əhalisinə və beynəlxalq ictimaiyyətə qarşı birbaşa təhdid adlandırıb. Tokionun Pekindəki diplomatik kanallar vasitəsilə Pxenyana etirazını çatdırdığını əlavə edən baş katib ölkəsi üçün təhlükə yaratmadığına görə Yaponiyanın raketi məhv etmədiyini bildirib.

Həmçinin qeyd edilir ki, hökumət hadisə ilə əlaqədar süni peyklərdən istifadə etməklə yerli hakimiyyət orqanlarına fövqəladə vəziyyətlər üzrə ümummilli sistem üzərindən xəbərdarlıq göndərib. Əhaliyə möhkəm binalarda və ya zirzəmilərdə qorunmaq tövsiyə edilib.

Qeyd edilir ki, bu, ballistik raketin Yaponiya üzərindən uçduğu yeddinci, son beş ildə isə ilk hadisədir.

Raket sınağı ilə əlaqədar Yaponiyanın nəhəng dəmir yolu operatoru ehtiyat tədbirləri çərçivəsində ölkənin şimalında sürətli “Shinkansen” qatarlarının hərəkətini dayandırıb.

Ölkə üzrə hava nəqliyyatında da təhlükə barədə xəbərdarlıq yayılıb.