İsrailin müdafiə naziri Benyamin Qansın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər etdiyi vaxt İranın baş qərargah rəisi Məhəmməd Baqeri ilə müdafiə naziri Zakir Həsənov telefonda müzakirə aparıb: İran tərəfinin məlumatına görə, zəng təşəbbüsü Baqeriyə məxsusdur və əsas müzakirə mövzusu Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı olub.
Ermənistan sərhədini “qırmızı xətt”i elan edən İran Baqeri vasitəsilə “dialoqa” dəvət edib, Həsənov da “Azərbaycanın Ermənistan ərazisinə müdaxilə etməyib” - deyə cavab verib.
Lakin Baqerinin zənginin İsrail nazirinin Bakıya səfəri ilə bağlı olduğu bəllidir və istisna deyil ki, İran “bölgədə sionistləri istəmirik” kimi absurd mövqeyini təkrarlayıb.
Burada diqqətçəkən məqam hadisələrin inkişafıdır: Xameneyi dünən İrandakı etirazlarla bağlı ilk dəfə rəsmi açıqlama verdi və “iğtişaşlar öncədən Amerika və İsrail tərəfindən təşkil edilib” deyə iddia etdi; İsrailin müdafiə naziri Azərbaycana gəldi və Baqeri Bakıya zəng etdi;
Bu üç hadisə İranın niyyətini ortaya çıxarır: etirazları xarici qüvvələrə bağlamağa çalışan Tehran Qansın Bakıya səfərinə də bu kontekstdə baxır, yaxud bu səfəri Xamneyinin “Amerika və İsrailin planıdır” iddiasını inkişaf etdirmək üçün fürsət bilirlər;
Xamneyinin açıqlamasından sonra rejimin etirazları yatırmaq üçün maksimum gücdən istifadə edəcəyi aydın görünür, lakin “xarici qüvvələr” iddiasını əsaslandırmaq istiqamətində də çalışacaqlar.
Və bu prosesdə Azərbaycanın üzərinə gələcəkləri ehtimalı böyükdür: Qansın Bakıya gəlişindən həm daxili etirazları “xaricə” bağlamaq, həm də sərhəd məsələsində Bakıya təzyiq etmək üçün isifadə edə bilərlər;
Baqerinin bir neçə gün öncə Azərbaycana qarşı təhdid xarakterli çıxışı da onun Bakıya zənginin xoş niyyətli olmadığı fikrini önə çıxarır.
Asif Nərimanlı