Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Azərbaycanın Avropada “ayaq səsləri” güclənir – Bakı qitədə siyasi dayaqlarını möhkəmləndirir  

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana başa çatan səfərini tarixi hesab eləmək olar. Təkcə ona görə yox ki, bu ziyarət Cənub Şərqi Avropa ölkələrinin energetik, deməli, həm də milli təhlükəsizliyində ölkəmizin vazkeçilməz roluna öz möhürünü basdı, həm də o səbəbə ki, rəsmi Bakının qitədə, xristian Qərbində öz siyasi dayaqlarını geridönməz şəkildə möhkəmləndirdiyi, dost-müttəfiqlərinin sayını artırdığını bariz şəkildə təsdiqlədi.

Təsadüfi deyil ki, İlham Əliyevin budəfəki səfəri, bütövlükdə Avropa İttifaqı ilə ölkəmiz arasında xüsusən də Ukrayna böhranından sonra sürətlə dərinləşən əlaqələr, Azərbaycanın Avropada artıq birmənalı arzulanan ölkəyə, onun Prezidentinin isə arzulanan liderə çevrilməsi kapitulyant Ermənistanda ciddi narahatlıq yaradıb. Təbii ki, ən əvvəl İrəvanla sülh müqaviləsinin qəti olaraq Bakının xeyrinə imzalanması üçün yaranan münbit zəmindən dolayı.

Geosiyasi proseslərin kapitulyant ölkənin deyil, məhz ölkəmizin xeyrinə inkişaf etməkdə olduğunu göstərən daha bir ciddi dəlil. Söhbət “Avropa Siyasi Birliyi” adlı yeni qeyri-rəsmi siyasi qurumun yaradılması ideyasının artıq gerçəkləşmək üzrə olmasından gedir.

Xəbər verildiyi kimi, bir neçə ay öncə belə bir ideyanın təşəbbüskarı qismində Fransa prezidenti Emmanuel Makron çıxış edib. Hərgah ideyanın əsl müəllifi Böyük Britaniyanın keçmiş baş naziri Boris Consondur. Lakin kimin ağlına gəlməsindən asılı olmayaraq, müşahidəçilərə görə, ideyanın özü Ukraynanın Avropa İttifaqına sürətli üzvlüyünün mümkünsüzlüyündən doğub.

Ardınca Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti və Makronun yaxın siyasi silahdaşı Şarl Mişel ideyanı inkişaf etdirərək, yeni struktura Aİ üzvü olmayan bir sıra ölkələrin daxil edilməsini təklif edib. Bunlar Ukrayna ilə yanaşı, Türkiyə, Böyük Britaniya, Azərbaycan, İsrail, Gürcüstan, Ermənistan və Moldovadır.

İdeyaya əsasən, Avropa Siyasi Birliyi qeyri-rəsmi birlik olaraq, Avropa siyasəti və təhlükəsizliyi, Avropa iqtisadiyyatı və infrastrukturu ilə bağlı məsləhət verici (konsultativ) orqan olacaq. Onun yaradılması Aİ-nin oktyabrın 6-da Praqada keçiriləcək sammiti ilə eyni vaxta planlaşdırılır.

Musavat.com-un Haqqin.az-a istinadən verdiyi məlumata görə, Avropa İttifaqının yayımçısı olan EURACTIVE.com bu arada xəbər yayıb ki, Avropa Siyasi Birliyinin təsis sammitində bir neçə il əvvəl Aİ-dən ayrılmış Britaniyanın baş naziri Liz Trass da iştirak edəcək. Müəyyən mənada bu xəbəri sensasiyalı saymaq olar, çünki cəmi 3 ay əvvəl Liz Trass Britaniya parlamentində Avropa İttifaqının təşkil etdiyi yeni formatda iştirak etmək niyyətində olmadığını açıqlamışdı. Onun indi öz mövqeyini enerji təhlükəsizliyi və miqrant problemi kimi məsələlərin Praqa sammitinin proqramına salınması ilə əlaqədar dəyişdiyi güman edilir. Bundan başqa, Londona rəsmi şəkildə vəd verilib ki, Avropa İttifaqı yeni strukturun işinə qarışmayacaq.

Liz Trassın Avropa Siyasi Birliyinin təsis sammitində iştirakı Böyük Britaniyanın Avropa İttifaqından çıxmasından təxminən üç il sonra London və Brüssel arasında daha sıx diplomatik münasibətlərin bərpası anlamına gələ bilər. Hərçənd Britaniyanın Mühafizəkar Partiyasının bir çox deputatı yeni Avropa qurumuna qoşulmağa şübhə ilə yanaşır.

EURACTIVE.com bildirir ki, məsələn, diplomatik münasibətləri təzəcə bərpa etmiş Türkiyə və İsrailin, eləcə də aralarında sülh danışıqları dalana dirənmiş Azərbaycan və Ermənistanın daxil olacağı yeni Avropa strukturunun effektivliyi qeyri-müəyyən olaraq qalır. Bundan əlavə, çoxlarının fikrincə, yeni Avropa Birliyi və ya forumu G20, ATƏT və Avropa Şurası kimi təşkilatların fəaliyyətini təkrarlaya bilər.

Saytın məlumatına görə, Praqada Avropa Siyasi Birliyinin təsis sammitinə gələcək Türkiyə və Ermənistan liderləri arasında danışıqların aparılacağı da gözlənilir (toplantı çərçivəsində Ərdoğan-Paşinyan görüşünün mümkünlüyü Türkiyə və Ermənistan rəhbərləri tərəfindən təsdiqlənib).

Azərbaycana gəlincə, onun sammitdə iştirakı hələlik rəsmi təsdiqini tapmasa da, bildirilir ki, Praqa zirvə toplantısında iştirak artıq Azərbaycan dövlət başçısının iş proqramına daxil edilib.

Siyasət şöbəsi,
Musavat.com