Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Britaniyanın maliyyə bazarları niyə çalxalandı? - təhlil

Tras hökuməti geri addım atmalı oldu: vergi dəyişikliyi olmayacaq

Böyük Britaniyanın yeni baş naziri Liz Trasın rəhbərlik etdiyi hökumətin yüksək inflyasiya fonunda əhalinin və biznesin müdafiəsinə yönəlik proqramı ölkə və dünya maliyyə sistemini təlatümə gətirib. Sentyabrın 23-də proqramın açıqlanmasından sonra Britaniyanın milli valyutası olan funtsterlinq  dollar qarşısında 1970-ci ildən bəri ən böyük dəyər itkisinə məruz qalaraq 1,0350 səviyyəsinə düşüb.

Tras hökuməti yüksək inflyasiya şəraitində illik gəliri 150 min funtsterlinqdən yuxarı olanlar üçün tətbiq edilən 45 faizlik verginin 40 faizə endirilməsi, əhali və biznesə enerji qiymətlərinin sabit qiymətinin müəyyənləşdirilməsi, yaranacaq xərcləri qarşılamaq üçün dövlət borclanmasının artırılmasını planlaşdırır. Vergi dərəcələri ilə bağlı yeniliyin noyabrın 6-dan tətbiq olunması nəzərdə tutulurdu. Proqramın icrası dövlət xərclərinin 150 milyard funtsterlinq, dövlət büdcəsi kəsirinin isə 70 milyard funtsterlinq artmasına gətirib çıxaracaq. Bu addıma səbəb Böyük Britaniyada inflyasiyanın sürətlə artması fonunda əhalinin xərclərinin çoxalmasıdır. Belə ki, sentyabrda Britaniyada illik inflyasiya 5,7 faiz təşkil edib. Bu, 2005-ci ildən bəri ən yüksək göstəricidir. Bu zaman ərzaq inflyasiyası 9,3 faiz olub. Qeyri-ərzaq məhsulları isə ay ərzində 3,3 faiz bahalaşıb.

Britaniya maliyyə sistemindəki problemlərin qlobal bazarlara təsiri də nəzərəçarpacaq olub: dünya fond bazarlarında volatillik maksimuma çatıb. Bu proses ABŞ-da narahatlıq doğurub. AB-ın yüksək vəzifəli maliyyə məmurları Tras hökumətinin elan etdiyi proqramın icrasına məsuliyyətlə yanaşmasının gərəkdiyini bildiriblər. Oktyabrın 3-də S&P qlobal reytinq agentliyi Böyük Britaniyanın uzunmüddətli reytinqini “stabil”dən “neqativ”ə endirib. Agentliyin bununla bağlı yaydığı açıqlamada qeyd olunur ki, Tras hökumətinin atdığı addımlar nəticəsində ölkə büdcəsinin kəsiri 2025-ci ilin sonuna qədər hər il ÜDM-in 2,6 faizi həcmində artacaq. Gözləntilərin əksinə olaraq xalis dövlət borcunun ÜDM-ə nisbəti azalmaq əvəzinə 2023-cü ildən etibarən artacaq və 2025-ci ilin sonuna doğru ÜDM-in 97 faizinə çatacaq. S&P analitikləri hesab edirlər ki, yaxın rüblər ərzində Britaniya iqtisadiyyatı texniki resessiya yaşayacaq. Nəticədə 2023-cü ilin sonuna ölkə ÜDM-i 0,5 faiz azalacaq, 2024-cü ildə 1,4 faiz artacaq. Halbuki bu ilin aprelində onlar Britaniya ÜDM-nin 2023-cü ildə 2,3 faiz, 2024-cü ildə isə 2,2 faiz artımını gözləyirdilər.

İngiltərə Bankının baş iqtisadçısı Hyu Pill yeni proqrama görə yaranacaq əlavə xərcləmələrin inflyasiyaya artırıcı təsirini azaltmaq üçün ölkədə uçot dərəcəsinin daha sürətlə artırılacağını istisna etməyib. O, müvafiq qərarın noyabrda qəbul ediləcəyinin gözlənildiyini vurğulayıb. Xatırladaq ki, 10 gün əvvəl Britaniya Mərkəz Bankı uçot dərəcəsini 50 faiz bəndi artırmaqla 2,25 faizə çatdırıb, həmçinin balansındakı dövlət istiqrazlarının həcmini azaldacağını elan edib. Lakin sentyabrın 28-də bu kağızların gəlirliliyinin sürətlə artdığını görərək satışı alışla əvəzləməyə məcbur olub.

Trass rəsmən baş nazir oldu

Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasından olan deputatlar isə parlamentdə baş nazir Liz Trasa etimadsızlıq səsverməsi keçirilməsini təklif ediblər. “Bloomberg” nəşrinin yaydığı məlumata görə, deputatlar hökumət başçısının enerji böhranı ilə mübarizə proqramını bəyənməyiblər. Qanunverici orqanın üzvləri belə bir planın ölkə iqtisadiyyatını məhv edəcəyini və nəticədə Londonun daha çox kredit alacağını düşünürlər.

Oktyabrın 2-də Liz Trass etiraf edib ki, hökumət maliyyə bazarlarını dövlət borcunun artımı və vergilərin azaldılmasına daha yaxşı hazırlaya bilərdi: “Biz daha yaxşı zəmin hazırlamalıydıq”.

Oktyabrın 3-də isə ölkənin maliyyə naziri Kvasi Kvartengin elan edib ki, vergi dərəcələri ilə bağlı dəyişikliyə gedilməsi qərarı icra olunmayacaq. Nazirin açıqlaması dərhal valyuta və fond bazarlarına təsir edib. Funtsterlinqin dollar qarşısında məzənnəsi 5 faizədək artaraq 1,12 civarına çatıb.

Fariz Hüseynli: “Mərkəzi bankların iki cür müstəqilliyi olur“ - FED.az

Fariz Hüseynli

İqtisadçı-alim, ABŞ Şimali Dakota Universitetinin professoru Fariz Hüseynli Britaniya maliyyə sistemində baş verənləri şərh edərək hökumətin yanlış addım atdığını bildirib: “İngiltərədə maliyyə dünyasında nə baş verir? Çox bəsit şəkildə izah etsək - əvvəla hökumət səhv maliyyə siyasətini açıqlayanda bazar başa düşdü ki, büdcə kəsiri artacaq. Sonra hökumət dedi ki, funtun zəif olması bizə problem deyil (bir az Türkiyə kimi), əsas böyümə olsun, eybi yox, qoy funt zəifləsin. Ödəmələr kəsiri verirsənsə və nə qədər güclü pulun olsa da, dollar kimi rezerv deyilsənsə, bunu deməklə artıq öz əleyhinə işləyirsən. Bütün bazar da başa düşdü ki, İngiltərə dövlət borc kağızlarının dəyəri düşəcək və funt zəifləyəcək. Dərhal hamı satmağa başladı. Amma gərək sistemdə zəif halqanı biləsən - kəndiri nə qədər bərk çəksən, incəldiyi yerdən qırılacaq. Zəif halqa isə bəzi araçı şirkətlər idi, hansılar ki, qısamüddətli dövlət borc kağızlarına yatırım edirdilər və bunu zəmanət göstərərək borc alıb fərqli müddətli yatırımlar edirdilər. Bu fondlar elə bil borc arbitrajı edirdilər və çox bəsit şəkildə pul qazanırdılar. Qısamüddətli dövlət borcunu al, onu zəmanət göstər, əvəzində nağd götür, get yenə borc kağızları al, onu zəmanət qoy yenidən nağda çevir və beləcə, arada müəyyən arbitraj qazanırdılar. Amma problem odur ki, bu fondlar ki, bu kağızları zəmanət göstərirdi, həmin zəmanətin dəyərindən asılı idi hər şey. Həmin borc kağızları dəyərdən düşəndə artıq sağlam zəmanət ola bilmədi. Bütün sistem isə onların üstündə qurulmuşdu. Zəmanət çökəndə sənə borc verən axı borcunu istəyəcək. Onlar da məcburən əllərindəki, kağızları satmalı oldular, amma satdıqca daha da ucuzlaşdı kağızlar. Yəni margin-borc spiralına girdilər (2008-ci ildə ipoteka kağızlarına zəmanətli borcu olan banklar kimi) və nəticədə batmalı oldular”.

Ekspertin sözlərinə, sistemdə əsas zəif halqa pensiya fondları idi: “Pensiya fondları bu fondlara yatırım etmişdilər, külli miqdarda. Gələcəkdəki pensiya öhdəliklərini qarşılamaq üçün bu yatırımlar normal görünürdü. Bir Allahın qulu da demirdi, bəs birdən bu zəmanətlər buxarlansa, biz nə edəcəyik? Zəif halqa pensiya fondları elə vəziyyətə düşdü ki, dövlət məcburən müdaxilə etdi və Mərkəzi Bank (BOE) bu kağızları almağa qərar verdi ki, qiyməti stabilləşsin və bazar çökməsin. Nə isə, uzun sözün qısası, istər şirkətdə maliyyəçi, istərsə də bank sistemində işləyirsənsə, gərək sual verəsən ki, pul necə hərəkət edir, hərəkətə nə təsir edir və bu hərəkətləri pozacaq faktorlar nələrdir? Çox vaxt hər şey yaxşı işləyəndə sistem çox normal görünür və heç kim sual vermir, amma qısaqapanma ssenarilərini gərək edəsən və görəsən ki, harada tıxac yaranacaq və bu şirkətə, ya banka, ya da sistemə necə təsir edəcək. Yəni maliyyə sistemini öyrənəndə gərək santexnik kimi pulun keçdiyi trubaları, filterləri, "troynikləri" və sairəni öyrənəsən. Maliyyə bazarlarının hərəkətverici qüvvəsi səhm bazarları yox, borc bazarlarıdır. Maliyyə sistemini tam başa düşmək üçün borc bazarını başa düşəsən. Pulun hərəkətində əsas kanallardan biri repo bazarlarıdır".

Dünya SAKİT,
“Yeni Müsavat”