Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Bu, jurnalistlər üçün daha geniş imkanlar yaradacaq - Mirzəbəyli

“Media haqqında” qanun bütövlükdə ictimaiyyət və peşəkarlar tərəfindən müzakirə olunan qanun layihəsi olub. Bütün fikirlərə baxmayaraq, təkmildir, mahiyyət etibarilə bugünkü çağırışlara cavab verir. O kontekstdən də Jurnalistlərin Media Reyestrinin yaradılması peşəkar media nümayəndələri üçün daha geniş imkanlar yaradır. Bu, şübhəsiz ki, ilk olaraq redaksiyaların formalaşması prosesini stimullaşdırır.

Bunu Publika.az-a “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Elçin Mirzəbəyli deyib.

Media eksperti hesab edir ki, ənənəvi, yəni konkret institutlara malik media subyektlərinin inkişafı üçün Jurnalistlərin Media Reyestrinin formalaşması önəmlidir.

“Eyni zamanda, konkret jurnalistika fəaliyyəti ilə məşğul olan insanların çərçivəsinin müəyyənləşdirilməsi baxımından Jurnalistlərin Media Reyestri xüsusi əhəmiyyətə malikdir. Reyestrə daxil edilən media nümayəndələrinə jurnalist vəsiqəsinin verilməsi media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcək” - ekspert vurğulayıb.

E.Mirzəbəyli qeyd edib ki, reyestrə daxil edilmiş media subyektləri və jurnalistlər müxtəlif xarakterli güzəşt və imtiyazlardan yararlana biləcəklər:

“Bu kontesktdə reyestr həm media subyektlərinə, həm də peşəkar jurnalistika ilə məşğul olan insanlara müvafiq imtiyazların, vergi güzəştlərinin, eyni zamanda sosial paketlərin təklif olunması üçün müəyyən imkanlar yaradacaq. Biz zamanla, reyestr formalaşdıqca bu prosesin daha dinamik, aktiv şəkil alacağını görəcəyik. İndiki şəraitdə mənzərə göz önündə olmadığı üçün sadəcə onun çərçivələri haqqında danışmaq mümkündür. Amma mənzərə göz önündə olanda Azərbaycan mətbuatında çalışan, xüsusilə də peşə etikasına əməl edən, medianın bütün prinsiplərini özündə əks etdirən həm subyektlərin, həm də jurnalistlərin fəaliyyəti üçün geniş imkanlar yaranacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyev “Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında fərman imzalayıb. Fərmanda jurnalistlərin Media Reyestrinə daxil edilməsi, çıxarılması və daxil olunmasından imtina qaydaları, media subyektlərinə və jurnalistlərə şəhadətnamələrin verilməsi və s. bu kimi qaydalar müəyyənləşib.

Akqabay Mıradov