Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Bu şəhərə gələnlər peyğəmbərə çevrilir

Demişdim axı, hər şəhər canlıdır. Dərisi, nəfəsi və udub yediyi adamları da fərqlidir. Stokholm sindromundan az-çox bəhs etmişdim. İndi də Qüds sindromuna aydınlıq gətirəcəm.

Yəqin bilirsiniz, dünyanın ən müqəddəs şəhərlərindən bəlkə də ən alisi Qüds sayılır. Hətta iş o yerə çatıb ki, UNESCO bu şəhəri qeyri-maddi irs siyahısına daxil edib. Peyğəmbərlər də öz fövqəltəbii istedadlarının burada fərqinə varıblar axı. Nəysə o da sizə agahdır ki, hər il Qüdsə 2 milyondan çox turist gəlir. 1930-cu ildə psixiatr Heins Herman Qüds sindromu barədə ilk araşdırmasını ictimaiyyətə təqdim edir. Bu sindromun digər adı isə "dini psixoz" kimi səslənir. İsrailli tədqiqatçılar bu xəstəliyi təsdiqləsələr də, dünya səhiyyəsi varlığına tam razılıq verməyib.

Demək belə... Təsəvvür edin, Qüdsə gəlirsən. Şəhərdə biraz zaman keçirdikcə müqəddəsləşdiyinin, ilahlaşdığının fərqinə varırsan. Təpədən dırnağa peyğəmbərə bürünürsən. Özü də bilirsiniz maraqlısı nədir? Qüdsə gəlmədən öncə, belə deyim, ağlı başında insan imişsən. Nə olursa, şəhərin mənəvi yükü çiyninə asılandan sonra baş verir. Tədricən dinə doğru yol alırsan. Xəstəliyin də 3 növü var. Bəli, zərərsizdir. Lakin bir o qədər də qərib və qəribədir. Bəziləri "mən İsayam" - deyib, şəhərin hər ucunu-bucağını gəzir, başqaları əlinə əsa alıb, dənizi ikiyə bölməyə cəsarətlənir, kimi də hər şeydən təcrid olub, özünü təkcə ibadətin qoynuna atır.

Adətən bu sindroma yoluxanlar şəxsi gigiyenaya çox önəm verirlər. Yəni, ruhları qədər vücudlarını da paklamaq istəyirlər. Lakin bəzən hədlərini aşıb bədənlərinə xələl yetirirlər. Tədqiqatlar sübut edir ki, dini psixoza mübtəla olanların çoxu Qüds səyahətindən öncə dinlə heç bir əlaqəsi olmayanlardır. Din, irq, dil demədən hər kəsi öz təsirinə alırmış bu sindrom. Bəs, bilirsiniz sağalmaq üçün nə etmək lazımdır? Sadəcə Qüdsü tərk etmək. Bəli, Qüdsün kənarına çıxar-çıxmaz uzağı bir həftəyə sağalırsan. Sizi bilmirəm, mənim ən məhrəm duyğularıma da təmas etdi bu sindrom. Düşünürəm ki, bu durum əslində sevginin, eşqin, enerjinin episentrinə düşməkdir.

Bəlkə mən də Qüdsə səfər etsəm, ağ əbamı geyinib, küçə-küçə gəzərdim. Bu şəhərin fantastik aurasına düşüb neçə-neçə dinin təməlini qoyardım. Bəlkə kitab yazardım... Bəlkə rəsmən başlayardım... Bəlkə də fövqəltəbii gücümü işə salıb dünyanı dağıdar, yenidən yaradardım. Bilmirəm, amma o təmiz illüziyadan ayrılıb acı gerçəyimizə qayıtmaq istəməzdim. Hə, bir də bəs o vaxt dünyaya Tanrı mesajı ötürən Qüds peyğəmbərlərinə iman gətirən biz indikiləri niyə psixozla suçlayırıq?! Bəlkə elə damarlarından qan daman planetə yeni Qüds peyğəmbəri gərəkdir?!

Leyla Sarabi