Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Davamlı təkrarlanan yeraltı zəif təkanlar - güclü zəlzələnin anonsu, yoxsa....

Qurban Yetirmişli: “Bu cür xırda təkanların olması yaxşıdır, o vaxt daha təhlükəli olur ki...”

Qardaş Türkiyədə yeraltı təkanlar artıb. Axır vaxtlar az qala hər gün ölkənin gah bu, gah da başqa bölgəsində orta gücdə zəlzələlər qeydə alınır. Son olaraq Muğla şəhərində 4,8 bal gücündə zəlzələ olub. Bildirilib ki, yeraltı təkan şəhərin Köyceğiz bölgəsində baş verib. Zəlzələnin ocağı 8,11 km dərinlikdə qeydə alınıb.

Bu silkələnmələr daha güclü zəlzələnin anonsu ola bilərmi? Bəs Azərbaycanda seysmoloji durum necədir? Ölkədə güclü yeraltı təkanlar gözlənilmir ki? Paytaxtda daha çox hansı tikililər silkələnmələrə həssas sayılır?

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh etdi: “Əslində Türkiyədə bu cür xırda təkanların olması bir tərəfdən yaxşıdır ki, orada parçalanma gedir, enerji boşalmaları baş verir. O vaxt daha təhlükəli olur ki, balaca bir təkan olsun, sonradan böyük, uzunmüddətli olsun. Onda daha güclü təkan və ya dağıntılar yarada bilər. Bu cür təkanların onu deməyə əsas verir ki, lap dəhşətli zəlzələnin olması ehtimalı azdır. Mən demirəm, sıfırdır. Amma xırda təkanların olması daha yaxşıdır”.

Gün ərzində Azərbaycanda 50-60 zəlzələ qeydə alınır - Qurban Yetirmişli

Qurban Yetirmişli

Yetirmişli Azərbaycandakı seysmoloji vəziyyət barədə danışıb: “Azərbaycanda qeyd olunmayan, hiss olunmayan təkanlar var. Demək olar ki, hər gün təkanlar olur. Cihazlar tərəfindən qeydə alınan təkanlardır. Elə bir ərazi yoxdur ki, orada yaxın günlərdə dəhşətli zəlzələ olsun. Hiss olunmayan xırda təkanlar da hər zaman olur.

O ki qaldı yeni tikililərlə bağlı vəziyyətə, bizə bununla bağlı müraciət edən də yoxdur. Yeni tikililərlə bağlı biz seysmikliyi dəqiqləşdirmirik. Binalar neçə bal gücünə tab gətirə bilər, mən onu deyə bilmərəm. Amma ümumiyyətlə, Bakı 8-9 ballıq zonadır".

Mərkəz direktoru “yaxınlarda bölgələrdə yeni seysmik mərkəzlər yaradıldı, daha nə kimi yeniliklər var” sualına da cavab verib: “22 stansiyanın hamısı quraşdırılıb. Hazırda 84 stansiya var, həm palçıq vulkanları, eləcə də seysmikliyi izləmək üçün əvvəlki stansiyalar. Seysmoloji mərkəzlər təkanları qeydə alır, daxildə gedən proseslərin hamısı izlənilir. Bu 22 stansiyadan da 12-ni biz Abşeronda palçıq vulkanları ətrafında qurmuşuq ki, bu vulkanların dinamikasını öyrənməyə başlayaq. Orada gedən prosesləri izləyək. Onların modellərini quraq, hansı arealda, dərinlikdə getdiyini öyrənək, sıxılma, gərilmə, orada partlayışlar, vulkanın aktivliyi necədir- bütün bunları izləmək üçün quraşdırılıb. Zəlzələ baş verdi, bunun vulkana təsiri var-yoxdur? Necə dəyişiklik gedib? Bütün bunlar araşdırılır. Ancaq bizim planımızda  Qarabağda stansiyaların açılması ilə bağlı məsələ durur. İşğaldan azad olunmuş ərazilərdə seysmik stansiyaların quraşdırılması mərkəzin prioritet məsələsidir. Qarabağda seysmik stansiyaların quraşdırılması prosesinin ləngiməsinin azad olunmuş ərazilərin minalardan təmizlənməsinin davam etməsi ilə bağlıdır. Seysmik stansiyaların quraşdırılması üçün mütləq ərazilərə baxış keçirilməsi və texniki parametrlərin uyğunluğunun yoxlanılması vacibdir. Eləcə də həmin ərazilərdə əhalinin məskunlaşması mütləqdir. Çünki bunun sayəsində stansiyaların işləməsinə nəzarət etmək mümkün olacaq”.

Q.Yetirmişli “Zəlzələnin olacağını əvvəlcədən proqnozlaşdırmaq üçün qurğular da Azərbaycana gətirilməli idi” sualına belə cavab verib: “İnkişaf etmiş ölkələrdə layihələr vardı. Birincisi, ölkə gərək buna hazır olsun. İlkin məlumatlar birinci mərtəbədə qalanlar üçün, həyət evlərində yaşayanlar üçün yaxşı olar. 17-ci mərtəbədən yaşayanlar düşənə qədər, liftdə qala bilərlər, yaxud başqa hadisə baş verə bilər. Həm də pandemiya dövrü imkanlarımızı daraltdı. Pandemiyadan qabaq bütün məktəblərdə, ahıl evlərində, tikinti şirkətlərində zəlzələ zamanı davranış qaydaları ilə bağlı bizim gənclər əyani sürətdə fəaliyyət göstərirdilər. Pandemiyanın sonu elan olunsun, yenə də davam edəcəyik”.

Qeyd edək ki, yaxın günlərdə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi, Böyük Britaniyanın Oksford Universiteti və BP şirkəti Azərbaycan ərazisində aparılan paleseysmoloji tədqiqatların ilkin nəticələri və gələcəkdə görüləcək işlər haqqında məlumat veriblər. Böyük Britaniyanın Oksford Universitetinin əməkdaşlarının Salyan ərazisində apardıqları peyk üzərində aparılan çəkilişlər əsasında qurulan xəritə məlumatlarına əsasən, müasir seysmikliyi olan bir sıra çox aktiv sürüşmə qırılmaları və çoxsaylı zəlzələ zonaları müəyyən edilib. Həmçinin geoloji yerdəyişmə sürətlərini müəyyən etmək üçün yerini dəyişmiş çay terraslarından nümunələr toplanıb. Tədqiqatların məqsədi yerdəyişmə tipli qırılmaların geoloji inkişafının istiqamətlərini və rolunu müəyyən etməkdir. Bundan əlavə, palçıq vulkanlarının olduğu bölgələrin peyk şəkilləri təhlil edilib. Böyük Britaniyanın Oksford Universitetinin professoru Riçard Voalker bildirib ki, Xəzər dənizi hövzəsində aparılan seysmoloji və geofiziki tədqiqatlar böyük əhəmiyyət daşıyır. Bu tədqiqatlar Xəzər dənizində baş verən zəlzələlərin daha ətraflı öyrənilməsinə də imkan verəcək.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”