Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Deputat sinif yoldaşını döyən şagird haqda: “Ciddi cəza tədbirləri görülməlidir”

Deputat Ceyhun Məmmədov 112 saylı məktəbdə şagirdin öz sinif yoldaşını döyməsi hadisəsinə sosial şəbəkədə münasibət bildirib. Millət vəkili baş verən hadisə ilə bağlı ciddi tədbirlərin görülməsi ilə bağlı çağırış edib:

“112 saylı məktəbdə şagirdlər arasında baş verən xoşagəlməz hadisə həm də ciddi mesajdır. Bu kimi hadisələr ciddi araşdırılmalı, cəza tədbirləri görülməlidir. Bu həm də şagirdlər arasında aqressiyanın artdığını göstərir. Bu məsələdə həm valideynlər həm də məktəblər ciddi məsuliyyət daşıyırlar. Bu suallara cavab axtarılmalı, aradan qaldırılması üçün ciddi tədbirlər görülməlidir. Nə üçün uşaqlar bu qədər aqressivdirlər? Nə üçün ətrafda olan o qədər şagird həmin xoşagəlməz vəziyyətə heç bir reaksiya vermədilər? Bu biganəliyin səbəbi nədir? Sinif rəhbərləri və məktəb direktorları siniflərdə gedən proses və xoşagəlməz hadisələrdən nə qədər məlumatlıdırlar? Əgər indi bu suallara cavab axtarmasaq və ciddi tədbirlər görməsək gələcəkdə bu kimi hallar daha da artacaq. Övladlarımıza nəzarət edək, onlara vaxt ayıraq, düzgün tərbiyə verək”.

Xatırladaq ki, Bakıda yerləşən 112 saylı məktəbdə şagirdin digər şagird tərəfindən döyülməsi faktı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Daxili İşlər Nazirliyi tərəfindən müvafiq araşdırmaya başlanıb.

Xalidə Gəray, Musavat.com