Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Dünyanın ən böyük və sirli - 8 yeraltı şəhəri

Bəşəriyyət, tarix boyu həm yerin üstündə, həm də yerin altında maraqlı şəhərlər və tikililər inşa edib. Günümüzdə inşa edilən göydələnlər sanki buludlara çatmaq üçün bir-biriylə rəqabət aparır. Keçmişdə isə əksinə insanlar yeraltında şəhərlər quraraq yaşamaq üçün mübarizə aparırdılar. Bu yeraltı şəhərlərin bir çoxunun necə və nə üçün inşa edildiyi hələ də sirr kimi qalmaqdadır. Nəticə etibarilə bu yeraltı şəhərlər hər kəsin diqqətini cəlb edir, turistlər son illərdə bu yeraltı şəhərlərinə böyük maraq göstərirl'r. Dünyanın ən böyük və ən sirli 8 yeraltı şəhərini təqdim edirik.

DERİNKUYU - Türkiyə

Qardaş Türkiyənin Kapadokya bölgəsindəki 36 yeraltı şəhərdən günümüzə qədər ən yaxşı vəziyyətdə qalanı Derinkuyu yeraltı şəhəridir. Derinkuyu 8 mərtəbədən ibarət möhtəşəm bir yeraltı şəhəridir. O dövrdə belə nəhəng bir yeraltı şəhərin tikildiyinə inanmaq çətindir. Kapadokyaya səyahət edən hər bir turist demək olar ki, mütləq şəkildə bu möhtəşəmliyi görməyə tələsir.

Derinkuyu yeraltı şəhərinin tarixinin eramızdan əvvəl VIII əsrə aid olduğu düşünülür. Derinkuyunun ilk sakinləri Assuriya koloniyaları olmuşdur. Daha sonralar Roma İmperatorluğunun zülmündən qaçan ilk xristianlar Kapadokyaya gələrək burada məskunlaşmışlar. Bölgədəki yeraltı şəhərlərin əsasını qoyan ilk xristianlar, girişləri asanlıqla fərq edilməyən bu şəhərlərdə gizlənərək Roma əsgərlərinin zülmündən xilas ola bilmişdilər. Buranın sakinləri yeraltı şəhərlərdə uzun müddət çölə çıxmadan yaşamaq məcburiyyətində qala biləcəkləri üçün qida anbarları, havalandırma kanalları, şərab fabrikləri, kilsələr, monastırlar, su quyuları, qəbiristanlıq, tövlə, mətbəx, tualet, yaşayış sahələri tikərək ərazilərini genişləndirmişlər.

Bir-biri ilə əlaqəli otaqlardan ibarət olan bu şəhərlərdə bəzi otaqlar bir-birinə yalnız bir nəfərin keçə biləcəyi qədər dar tunellərlə bağlanır. Tunellərin giriş və çıxışlarında təhlükəsizlik səbəbindən tuneli bağlamaq üçün istifadə olunan böyük daş silindrlər var.

ORVIETO - İtalya

İtaliyanın Umbria bölgəsində orta əsrlərə aid olan və tarixi havası mükəmməl qorunan bir məskunlaşma yeri var. Kapadokiyada olduğu kimi bu bölgədə də bir çox yeraltı şəhəri mövcuddur. Şəhərin adının mənası da altı boş şəhər deməkdir. Bu tarixi Orvieto şəhərinin altında mövcud olan mindən çox mağaranın hamısı əllə oyulmuşdur.

Orvieto yeraltı otaqları ilk olaraq quyular tikilərək yaradılmış, daha sonra isə bu quyular genişləndirilərək bir şəhər halına gətirilmişdir. İkinci Dünya Müharibəsi illərində sığınacaq olaraq istifadə edilən şəhərlərdə bir-birinə bağlı labirintlərdən ibarət tunellər, zirzəmilər və müxtəlif yaşayış sahələri mövcuddur.

Yerin altı qədər yerüstündəki tarixi quruluşu ilə də göz qamaşdıran Orvieto küçələrində gəzərkən orta əsrlərə səyahət edə bilərsiniz.

ELLORA MAĞARALARI - Hindistan

Möhtəşəm və rəngarəng məbədləri ilə tanınan Hindistan, yeraltı gözəllikləri ilə də dünya irsini əlində saxlayır. Dünyanın ən böyük oyma monastır mağarası olan Ellora Mağaraları, 34 mağaradan ibarət bir kompleksdir. Maharaştra əyalətində yerləşən bu kompleks, Hindistan mifologiyasındakı Vaişnavizm və Şaktizm dastanlarında qeyd olunan tanrı və tanrıçaların şəkillərini ehtiva edir. Mağaralarda olan şəkillər və heykəllər həqiqətən sənətkarlıq möcüzəsidir və bu heykəllər burada keçirilən dini mərasimlər haqqında məlumatlar verməkdədir. Qaya kütləsindən onlarla heykəlin şaquli olaraq oyulduğu mağaralarda təkcə Buddist deyil, Hindu və digər dinlərin də izlərinə rast gəlinir. Qayaların içinə oyulan məbədlər çox keyfiyyətli oyulduğu üçün indiki vaxtda da öz xüsusiyyətini və orijinal quruluşunu itirməyib. Mağaraların ən ortasında ana məbəd Kaysala yerləşir. Hindu mifologiyasındakı Tanrı Şivanın evi olaraq bilinən Kaysala sözündən adını alan məbəd möhtəşəmliyi ilə seçilir. Təxminən 150 ilə tamamlandığı düşünülən Ellora Mağaralarında, məbədlərin ətrafındakı geniş həyətləri və rahibələrin yerləşdiyi tikililəri də görmək mümkündür.

PETRA - İordaniya

Qırmızı dəniz və Fars körfəzi bölgələrində əhəmiyyətli bir ticarət məntəqəsi olan Petra, İsveçrəli tədqiqatçı İohan Burkxardt tərəfindən kəşf edilənə qədər yalnız köçəri ərəblər tərəfindən tanınan itirilmiş bir şəhər idi. Həmin vaxtdan isə Petra tədricən regionun hüdudlarından kənarda da gözəl və sirli qədim şəhər kimi tanınmağa başladı. Hələ də sirrini qoruyan qədim Petra şəhəri, İordaniya deyiləndə ağla ilk gələn əfsanəvi bir memarlıq möcüzəsidir.

Çölün ortasında yerləşən və gün ərzində çəhrayı, qırmızı, narıncı və sarı rəngə çevrilən Petra şəhərinin, qeyri-adi bir xalq olan Nabateylər tərəfindən inşa edildiyi bilinməktədir. Möhtəşəm memarlıq nümunəsi olan Petra şəhərinin o dövrdə qayalara necə oyulması maraq doğurur. Petra şəhərini İndiana Cons filmlərindən də xatırlaya bilərsiniz.

WIELICZKA Duz Mədəni - Polşa

Dünyanın ən böyük yeraltı duz mədəni olan Wieliczka, 15 milyon il əvvəl daxili dənizin geri çəkilməsi nəticəsində duz mədəninə çevrilmişdir. Wieliczka Duz Mədəni keçmişdə mədən kimi fəaliyyət göstərsə də indi turistik məkan sayılır. Wieliczka Duz Mədəni hamısı mədəndən çıxarılan duz hesabına inşa edilmiş möhtəşəm bir kilsə, relyeflər, heykəllər, salonlar və otaqlardan ibarətdir.

Mədəndən çıxarılan duzu nəql etmək üçün qurulan taxta mexanizmin o vaxtlar hansı memarlıq zəkası ilə inşa edildiyi görənləri heyrətləndirir. Mədənin içərisi olduqca genişdir və yüksək tavanlıdır. Ağ duzdan hazırlanan sənət əsərləri və büllur çilçıraqlar da daxil olmaqla bütün detalları onu həyatınızda görməli olduğunuz yerlərdən birinə çevirir.

EDİNBURQ ZİRZƏMİLƏRİ - Şotlandiya

Şotlandiyanın paytaxtı Edinburqda yerləşən zirzəmilər qorxunc, sirli və fantastik hekayələri ilə tanınır. Zirzəmilərin 1700 -cü illərə aid olduğu təxmin edilir. Zirzəmilərdən sorğu-sual mərkəzi və ya qatillər üzərində təcrübə aparmaq üçün istifadə edildiyi məlumdur. Bəzi şəxslər isə zirzəmilərin dəmirçi və ayaqqabı tikən ustaların işlədiyi yer və ya qeyri-qanuni məhsulların saxlanıldığı anbar kimi istifadə edildiyini bildirir. Zirzəmilərdə olan ziyarətçilərdən bəziləri buradan qəribə işgəncə və sorğu-sual səslərinin gəldiyini və ya görünməz kimsələrin onların qolunu sıxdığını bildirirlər.

DIXIA CHENG - Çin

Pekinin yeraltı şəhəri Dixia Cheng (Nəhəng daldalanacaq), digər şəhərlərdən fərqli olaraq yaxın tarixlərdə inşa edilmiş xüsusi bir sığınacaqdır. Dixia Ceng müharibə baş verərsə bombardmanlardan, xüsusilə də nüvə hücumlarından qorunmaq üçün tikilib. Ancaq zirzəmilərin sığınacaq kimi istifadə edilməsinə heç vaxt ehtiyac olmadığı üçün 2000-ci ildə ziyarət üçün turistlərin üzünə açılıb.

Məktəblər, xəstəxanalar, teatrlar və restoranlar kimi xidmət sahələrini də əhatə edən Dixia Cheng-in şəbəkə formasındakı tunellərinə 100 gizli giriş vasitəsilə daxil olmaq mümkündür. Tunellər, tələbələr də daxil olmaqla 300 mindən çox könüllü vətəndaş tərəfindən qazılaraq tikilmişdir. Nüvə bombardmanı, zəlzələ və daşqına tab gətirmək iqtidarında olan yeraltı şəhərdə təxminən 800 min nəfər yerləşə bilər. Dixia Cheng-də tam şəhər infrastrukturu yaradılıb.

NAOURS - Fransa

Fransanın şimal bölgəsində yerləşən yeraltı Naours şəhəri, 300-dən çox otaqdan və iki kilometr uzunluğundakı tunellərdən ibarətdir. Naours insanlar tərəfindən tikilən nəhəng yeraltı şəhərlərindən biridir. Yerin 100 metr aşağısında yerləşən Naours şəhərinin tarixi III əsrə qədər gedib çıxmaqdadır.

Bu tarixi şəhər əvvəlcə orta əsr müharibələrindən gizlənmək üçün istifadə edilmiş, sonralar isə yaşayış sahəsinə çevrilib. 3 min insanın yaşaya biləcəyi bu şəhərdə tövlələr, quyular, ibadət yerləri, sobalar və s. bənzəri bütün sosial-mədəni obyektlər var.

AviaTravel

Turizm və aviasiya haqqında daha çox məlumat - www.aviatravel.az