Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Göbəyimizi özümüz kəsdiyimiz gün: 27 sentyabr tarixdə əbədi qalacaq!

27 sentyabr - ərazi bütövlüyümüz uğrunda şəhid olmuş hərbçilərimizin, qeyri-döyüş şəraitində erməni hücumunun qurbanı olmuş dinc mülki sakinlərimizin Anım Günüdür. İstər Birinci Qarabağ savaşı olsun, istərsə də İkinci, Vətən övladlarının hamısını hörmət və rəhmətlə yad edirik. Bu mənada 27 sentyabr 44 günlük müharibənin başlanğıc gününü simvolizə eləsə də, əslində çox böyük anlamdadır.

27 sentyabr hər şeydən öncə ermənilərin Azərbaycan xalqına qarşı 200 ildən çoxdur sürdürdüyü, bitmək bilməyən kin və düşmənçiliyinə, xəbis xisləti və xainliyinə, etnik dözümsüzlüyünə qarşı ümumxalq qəzəbimizin, böyük bir vulkanın püskürdüyü gündür.

Sirr deyil ki, əzəli torpağımız Qarabağa ermənilərin çar Rusiyası zamanı köçürüldüyü andan Azərbaycan xalqının “qara günləri” başlayıb. Qoynumuzda yer verib isitdiyimiz mənfur tayfa bizə minnətdar olmaq əvəzinə, məskunlaşan kimi öz nankor mahiyyətini büruzə verməyə başlayıb. Toponimlərimizi dəyişib, münbit ərazilərimizi ələ keçirməyə çalışıb, əksəriyyət təşkil etdiyi yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırıb. “Yersiz gəldi, yerli qaç” məsəli yəni.

Bu azmış kimi yaxın tarixdə xalqımıza qarşı çoxsaylı soyqırım aktları həyata keçiriblər. Bizə zorla sırınmış qonşuların bu ifrat və murdar millətçilik, faşist siyasətin altını Azərbaycan xalqı xüsusən də 1905-1907-ci və 1918-ci illərdə, Birinci Qarabağ müharibəsi zamanı (1988-94) çəkib. Yüz minlərlə soydaşımız vəhşicəsinə qətlə yetirilib.

01.jpg (2.11 MB)

1918-1920-ci illər xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə qalıb. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalıb, yaşadıqları yerlərdən qovulub, onlara ağlasığmaz işgəncələr verilib, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, yerlə yeksan edilib.

Azərbaycanlıların öz dədə-baba torpaqlarından qovulması sovet dövründə də davam edib. 1948-1953-cü illərdə Ermənistandakı öz tarixi yurd yerlərindən 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilib. 1988-ci ildə daha 300 minə yaxın azərbaycanlı doğma yurdundan qovulub və bununla da Ermənistan monoetnik dövlətə çevrilib. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi digər yüzlərlə kənd və şəhərlərimizin dağılması, on minlərə günahsız insanın ölümü, daha bir neçə yüz min soydaşımızın öz tarixi torpaqlarından didərgin düşməsinə gətirib.

Dinc SSRİ dövründə belə Azərbaycandan torpaq qopartmağı bacaran, buna davam edən nankor qonşuların ağzında sözsüz ki, “şirə” qalmışdı. Bunun nəticəsində 1988-1994-cü illərdə xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20%-ni işğal edə bildilər. İşğal zamanı yaşayış məntəqələrimizi yerlə bir elədilər, dinc əhaliyə divan tutdular, ekoloji və başqa terror əməlləri törətdilər. Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını bir daha göstərir. Dinc, əliyalın insanlarımıza qarşı törədilən qətliamlar içərisində əlbəttə ki, Xocalı soyqırımı məxsusi seçilir.

khojaly8_(1)df (1).jpg (228 KB)

Təəssüf ki, bütün bu cinayətlər beynəlxalq birliyin, böyük dövlətlərin gözü qarşısında baş versə də, ortada yetərincə dəlil-sübut olsa da, cinayətkarlar öz layiqli cəzalarını almadılar. İşğalçı Ermənistan cilovlanmadı. Əksinə, xristian Qərbin riyakar, çoxüzlü siyasətindən, gizli xristian təəssübkeşliyindən, işğala məruz qalanla işğalçı arasında bərabərlik işarəsi qoymasından, BMT TŞ-nin Qarabağa dair məlum qətnamələrini görməzdən gəlməsindən, eləcədə Rusiyanın “parçala, hökm sür” siyasətindən ruhlanan təcavüzkar daha da azğınlaşdı, özünü torpaqlarımızda on illərlə, rahat hiss elədi. Təzyiqlər işğalçıya edilməli olduğu halda, işğala məruz qalan tərəfə – Azərbaycana yönəldi. ATƏT-in üzdəniraq Minsk Qrupunun əsas işi 28 ilik “vasitəçilik” dövründə işğalı rəsmiləşdirmək oldu!

Beləcə, Azərbaycan üçün bütün dinc həll yolları, qapılar bağlandı, Qarabağ konfliktinin sülh danışıqları ilə, ədalətli nizamlanması şansı sıfırlandı. Azərbaycan “öz göbəyini özü kəsməli” oldu, BMT qətnamələrini özü reallaşdırmalı oldu: 2020-ci il sentyabrın 27-də səbri tükənən xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyev ətrafında yumruq kimi birləşərək təcavüzkarın başını “Dəmir yumruq”la əzdi.

16361017214596240802_1000x669.jpg (476 KB)

Cəmi 44 günə işğalçı ordu darmadağın edildi, Azərbaycan Ordusu ərazi bütövlüyümüzü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa elədi. Müxtəlif təzyiq və təhdidlərə rəğmən, haqq savaşında zəfər çaldıq. Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və Ordumuzun gücü düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı, halal qələbəsinə şahidlik elədi.

Amma rəsmi İrəvan Lələtəpə (2016 aprel) və Tovuz döyüşlərindən (2020 iyul) vaxtında və doğru nəticə çıxarsaydı, 44 günlük savaşa da lüzum qalmaz, hər iki tərəfdən minlərlə yeni canlı itki olmaz, aradakı düşmənçilik daha da dərinləşməzdi. Məgər həmin döyüşlərdən Azərbaycanın işğalla barışmayacağı aydın deyildi? Lakin yalançı qələbənin “eyforiyasından” çıxa bilməyən Ermənistan və onun rəhbərliyinə Lələtəpə və 2020-ci il sərhəd döyüşləri dərs olmadı. Azərbaycana qarşı diversiyalar davam etdirildi, erməni siyasətçiləri xalqımıza qarşı aşağılayacı və təxribatçı bəyanatlar verdilər, “Qarabağ Ermənistandır və nöqtə”, “Yeni ərazilər uğrunda yeni müharibə” deyib sayıqladılar. Və... nəhayət, cavablarını artıqlaması ilə aldılar! Elə bir cavab ki, bir daha Azərbaycan tərəfə çətin ki, dönüb baxsınlar.

parad-1607492910.jpg (71 KB)

Bu xüsusda İkinci Qarabağ savaşı, Vətən müharibəsi əlbəttə ki, bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə düşmənlərimizə böyük göz dağı kimi, əbədi qalacaq!..

Siyasət şöbəsi,
Musavat.com