Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Heydər Əliyev və tariximiz: Bu günə gətirən inqilabi xidmətlər... – Əli Hüseynli

2023-cü ilin ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilməsi müstəsna əhəmiyyət kəsb edir. Bu, təkcə tarixi və görkəmli bir şəxsiyyətin anadan olmasının 100 illiyi deyil, həm də Azərbaycanın dövlətçilik tarixi deməkdir. Bir neçə il öncə Azərbaycan Xalq Cümhuriyyətinin yüz illik yubileyi qeyd edildi. Təəssüf, AXC cəmi iki il yaşayıb, Heydər Əliyevin qurduğu müstəqil dövlət isə artıq 30 ildir müstəqildir. Heydər Əliyevin özünün də qeyd etdiyi kimi bu müstəqillik əbədi olacaq. Gələn ilin “Heydər Əliyev İli” elan olunması həm də müasir Azərbaycan tarixinin, dövlətçiliyimizin müstəqil formada təsdiq edilməsinin yubileyidir.

Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Onun sözlərinə görə, Heydər Əliyev 1978-ci ildə sovet Azərbaycanının Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusunun verilməsinə nail olmaqla inqilabı bir addım atıb: “Çünki 1936-cı ildə sovet Ermənistanı və sovet Gürcüstanının konstitusiyalarında bu, mövcud olsa da sovet Azərbaycanının Konstitusiyasında əksini tapmamışdı. Sözsüz, o dövrdə buna nail olmaq elə də asan deyildi. Müsəlman, türk respublikası üçün bunu etmək çox çətin olsa da Heydər Əliyev bunu bacardı. Heydər Əliyev indi asan görünə bilən, amma o dövrdə mürəkkəb şəraitdən keçən başqa uğurlara da imza atmışdı”.

Əli Hüseynli xatırladıb ki, o illərdə ilk növbədə Qarabağla bağlı bir sıra məsələlər həllini tapıb: “Heydər Əliyevin özü də xatirələrində bu barədə bəhs edib. Məhz Heydər Əliyevin qətiyyəti sayəsində sovet Azərbaycanında o zaman Qarabağda baş qaldırmağa çalışan separatizm və mənfi meyillərin qarşısı alındı. Azərbaycanının rəhbəri olan kimi Heydər Əliyev keçmiş Dağlıq Qarabağda yaşayan azərbaycanlılara xüsusi diqqət yetirməyə başladı. Məhz Heydər Əliyevin hakimiyyəti dönəmində, yəni 1969-1982-ci illərdə Qarabağda azərbaycanlıların sayı iki dəfə armışdı. Bu gün Ali Baş Komandan İlham Əliyevin yenidən qurub, bərpa etdirdiyi bir çox ev muzeyləri, məqbərələr, dini, tarixi abidələr 70-ci illərdə Heydər Əliyev tərəfindən Qarabağda tikdirilib”.

Komitə sədri vurğulayıb ki, Heydər Əliyevin sovet rəhbərliyində hakimiyyətdə olduğu dövrdə Ermənistan SSRİ-də, Göyçə, Zəngəzur, İrəvanda azərbaycanlılara məxsus heç bir toponimin adı dəyişdirilməyib: “O dövrdə bu ərazilərdə Azərbaycan toponimləri olduğu kimi qalırdı. Çünki Heydər Əliyevdən çəkinirdilər. O zaman Aşıq Ələsgərin heykəlinin məhz Göyçə mahalında ucaldılması da mühüm hadisə idi. Sözsüz, mütləq zaman gələcək, Prezident İlham Əliyev Göyçə mahalında Aşıq Ələsgərin də dağıdılmış abidəsini bərpa etdirəcək”.

Əli Hüseynli qeyd edib ki, o illərdə 10 minlərlə azərbaycanlı tələbə keçmiş SSRİ-nin tanınmış təhsil ocaqlarında oxumağa göndərildi: “Onlardan 800-ü hərbi kadr idi. Heydər Əliyev Azərbaycan SSR-də hərbi məktəb yaratsa da, SSRİ-nin qabaqcıl ali təhsil və hərbi məktəblərinə azərbaycanlı gənclərin göndərilməsinə də nail olmuşdu. Ümumilikdə Heydər Əliyevin Azərbaycan SSR-yə rəhbərlik etdiyi dövr əslində indiki müstəqil Azərbaycanın fundamenti hesab edilir. 1991-ci ildə Azərbaycanın ikinci dəfə müstəqilliyini əldə etməsi müzakirə edilərkən bir çoxları məsələ qaldırırdılar ki, Azərbaycan müstəqil ola bilməz. Bunu belə əsaslandırmağa çalışırdılar ki, bunun üçün iqtisadi əsaslar yoxdur.

Heydər Əliyev o zaman deputat kimi çıxış edərək göstərdi ki, əslində Azərbaycan özünün müstəqilliyini bərpa etməyə tam hazırdır. Çünki bunun əsasını Heydər Əliyev məhz özü sovet hakimiyyəti illərində qoymuşdu”.

Vitse-spiker hesab edir ki, Azərbaycanın müstəqillik tarixini tam dəqiq, obyektiv analiz etməkdən ötrü 1987-1993-cü illərdə baş vermiş hadisələri qiymətləndirmək olduqca vacibdir: “Azərbaycan tarixçiləri o dövrün reallıqlarına Prezident İlham Əliyevin tövsiyələri əsasında bir daha real baxmalı və qiymət verməlidirlər. Məhz bu cür baxış Azərbaycanın müstəqillik tarixində baş verən bir sıra faciələrin əsas səbəblərini üzə çıxaracaq.

Heydər Əliyev 1982-1987-ci illərdə keçmiş SSRİ rəhbərliyində təmsil olunub. O, həm Azərbaycana, həm də SSRİ-də yaşayan azərbaycanlılara qayğısı göstərirdi. 1987-ci ildə Heydər Əliyevin SSRİ rəhbərliyindən kənarlaşdırılması ilə Qarabağda separatizm baş qaldırdı. Çox təəssüf ki, o dövrdə Azərbaycanda rəhbərlikdə olan Əbdürrəhman Vəzirov və onun ətrafındakı insanlar bu hadisələrin qarşını almadı və ala bilmədi.

Bir müddət keçdikdən sonra Ermənistan SSR-dən azərbaycanlıların didərgin salınması prosesi başlandı. Heç Stalin dövründə Ermənistan ərazisindən azərbaycanlıların tam deportasiyası baş verməmişdi. Amma 80-ci illərin sonunda Ermənistanda yaşayan azərbaycanlılar tam olaraq deportasiya edildi. O zamankı hakimiyyət bunun qarşısını almaq üçün heç bir addım atmadı.

Sonrakı mərhələdə isə Azərbaycanda azadlıq hərəkatı geniş vüsət aldı. Məhz bu hadisələr Azərbaycan xalqında sovet hakimiyyətinə qarşı nifrəti daha da gücləndirdi. Azərbaycan xalqı o illərdə yenə də Heydər Əliyevə böyük ümidlərlə baxırdı. Amma xalq hərəkatına rəhbərlik edənlərin səriştəsizliyi ucbatından günahsız xalq küçəyə çıxarıldı. Təəssüf ki, hakimiyyət və xalq hərəkatına rəhbərlik iddisında olanların 1990-ci ildə baş verən faciə ilə bağlı səsləri çıxmadı.

Ancaq Heydər Əliyev Moskvada ölümlə təhdid olunsa da, Azərbaycan xalqının başına gətirilən müsibətin bütün dünyaya çatdırılmasına nail oldu. Bu hadisələrdən sonra Heydər Əliyevi fiziki olaraq aradan götürmək istəyirdilər. 1990-ci ilin yay aylarında Heydər Əliyev Azərbaycana Bakıya döndü.

Heydər Əliyevin həmin vaxt Bakıya qaydışı ilə tarixi bir şans yaranmışdı. Çünki o dövr xalq Heydər Əliyevi arzulayırdı. O, çətin də olsa Bakıya gəlmişdi. Amma yenə də o zaman hakimiyyətdə olanlar buna imkan vermədilər və Heydər Əliyev cəmi iki gündən sonra Bakını tərk etməli oldu, beləliklə, Naxçıvana qayıtdı.

O dövrdə hələ SSRİ-i dağılmamışdı, Azərbaycanın üçrəngli bayrağı Heydər Əliyev tərəfindən Naxçıvan Ali Məclisində ucaldıldı. Faktiki olaraq Azərbaycan müstəqillik tarixinin müəllifi Heydər Əliyevdir. Bir il sonra isə tarixi şans yarandı, 1991-ci ilin 18 oktyabrında Azərbaycanın ikinci dəfə öz müstəqiliyinin parlamentdə müzakirəsi həyata keçirildi”.