Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

KİV: "Putin ilhaqı rəsmiləşdirsə, geri dönüş nöqtəsini keçəcək, müharibə uzanacaq"

“Rusiya Prezidenti Vladimir Putin Ukrayna ərazilərini ilhaq edərək geri dönüş nöqtəsini keçəcək. Bu, müharibənin uzanmasına gətirib çıxaracaq”.

“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın “The Guardian” qəzeti yazıb.

Nəşrin məlumatına görə, Rusiya ilhaqdan sonra Ukrayna ilə danışıqlar üçün ən sonuncu şansını da itirəcək: “Rusiya Ukrayna əraziləri uğrunda sonsuzadək mübarizə aparmalı olacaq”.

“Putin Ukraynanın Xerson və Zaporojye ərazilərinin ilhaqına yol açan fərman imzalayıb” adlı məqalədə qeyd olunub ki, hələlik Kremlin hansı əraziləri “özünün ərazisi” hesab edəcəyi məlum deyil. Çünki bu məlumat dəqiqləşdirilməyib və adları çəkilən (red: Dnepr, Luqansk, Zaporojye) bölgələr Rusiyanın tam nəzarətində deyil.

“İlhaqın məqsədi Rusiyanı Xarkov vilayətinin böyük hissəsindən geri çəkilməyə məcbur edən Ukrayna əks-hücumunu dayandırmaqdır”, - “The Guardian” yazıb.

Müəllif Ukrayna Prezidenti Volodimir Zelenskinin də proseslərə münasibətini xatırladıb. O deyib ki, qanunsuz ilhaq Rusiyanın özünü fəlakətə sürükləməsidir.

Qəzet yazır ki, Kreml rəhbəri ehtimal edilən nüvə müharibəsi və döyüşlərin miqyasının genişlənməsinin Qərbin Ukraynaya dəstəyini azaldacağını düşünür: “Ukrayna və onun tərəfdarları Putinin təhdidlərini “nüvə şantajı” kimi qiymətləndiriblər. O, hazırda Rusiyanın nəzarəti altında olan Xerson, Zaporojye, Donbas, Xarkov vilayətlərində və Krım yarımadasında Ukrayna xalqını axıradək müdafiə edəcəyini deyib”.

Nəşrin məlumatına görə, V.Zelenski polşalı həmkarı Anjey Duda ilə Rusiyanın qanunsuz referendumunu müzakirə edib: “Zelenski İtaliyanın baş naziri Mario Draqi ilə də danışıb. Ukrayna Prezident Ofisindən verilən məlumata görə, onların əsas müzakirə mövzusu saxta referendumlara sərt reaksiyanın zəruriliyi olub”.

Qəzet eyni zamanda V.Zelenskinin Müdafiə və Təhlükəsizlik Şurasının təcili iclasını çağırmasına diqqət çəkib: “Kreml ilhaq etmək istədiyi bir çox ərazilərə tam nəzarət edə bilmir. Rusiyalı politoloq Yekaterina Şulman deyib ki, ilhaqdan sonra Rusiyanın yeni mərhələsi başlayacaq”.

Qeyd edək ki, V.Putin sentyabrın 21-də xalqa müraciət etmişdi. O, müraciət zamanı ölkədə qismən səfərbərliyin elan olunduğunu söyləmişdi. Sentyabrın 23-27-də isə Donetsk, Luqansk və Zaporojyedə “referendum” keçirilmişdi. Bu gün Kremldə V.Putinin iştirakı ilə həmin ərazilərin Rusiyaya birləşdirilməsi barədə sazişlər imzalanacaq.

Xatırladaq ki, daha əvvəl Rusiya müdafiə naziri Sergey Şoyqu və Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedev bildirmişdilər ki, Rusiya özünü müdafiə üçün bütün silahlardan, o cümlədən nüvə silahından istifadə edə bilər.

V.Putinin sözçüsü Dmitri Peskov isə qeyd etmişdi ki, ilhaq edilmiş ərazilərə hücum Rusiyaya hücum kimi qiymətləndiriləcək.