Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Prezidentin Sofiya səfərinin GÖRÜNMƏYƏN tərəfləri - DETALLAR

“Azərbaycan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri istifadəyə veriləndən sonra Avropanın enerji təhlükəsizliyində addım-addım yer tutmağa başladı. Sonrakı proseslər, ələlxüsus, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə Suriya, İraq və Livanda stabilliyin pozulması, müharibələrin davam etməsi, neft və qaz kəmərlərinin işləməməsi fonunda Azərbaycan Avropanın enerji təhlükəsizliyində özünəməxsus rol oynamaqdadır. Bütün bunlar onu göstərir ki, dövlətimiz getdikcə Avropa məkanında həm iqtisadi, həm də siyasi mənada özünü təsdiq edib”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Azərbaycan Prezidentinin Bolqarıstana səfərini şərh edərkən deputat bildirib ki, bu günlərdə Bolqarıstanda interkonnektorun istifadəyə verilməsi ilə bağlı keçirilən tədbirlərdə Balkan, eləcə də Avropanın bir çox ölkələrinin dövlət və hökumət başçılarının, Avropa Komissiyasının sədrinin iştirak etməsi, orada fəxri qonaq qismində Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı artıq Avropa ictimaiyyətinin, Qərb strukturlarının Azərbaycana və onun dövlət başçısına göstərdiyi diqqətin bariz təzahürüdür. Orada çıxış edən Bolqarıstan prezidenti, Avropa Komissiyasının sədri, Serbiya, Şimali Makedoniya, Yunanınstanın baş nazirlərinin, eləcə də digər rəsmi şəxslərin Azərbaycan Prezidenti İlham Əliyevə xitabən dedikləri fikirlər bilavasitə Azərbaycanın dövlət başçısının nüfuzunu, Azərbaycanın bir dövlət kimi Avropanın enerji təhlükəsizliyində hansı rolu oynadığını göstərir:

“Mən xatırlamıram ki, indiyə qədər hər hansı beynəlxalq təşkilat bu sayda dövlət və hökumət başçısı, beynəlxalq təşkilatın rəhbəri cənab prezidenti bu səviyyədə təqdim etsinlər. Məsələ ondandır ki, bu gün Qərb bütün dünyanın diqqət mərkəzindədir. Dünyanın bütün qitələrində Avropada gedən proseslər izlənilir. Milyardlarla insan diqqətini Avropaya yönəldib. Buna görə də bu kimi tədbirlər Avropa, Yaxın Şərq, bu regionla kifayətlənmir, bütün dünyada təbliğ olunur. Bunu həm Afrikada, həm Amerikada, həm də Avrasiya məkanında yaxından izləyirlər. Belə bir tədbirin keçirilməsi, həmin toplantıda Azərbaycan Prezidentinin belə bir formada təqdim olunması dövlətimizin, Azərbaycan xalqının qabiliyyətini bütün dünyaya nümayiş etdirməklə yanaşı, ümumilikdə Azərbaycanın bir ölkə olaraq reklamına xidmət edir. Düşünürəm ki, çox nadir hallarda hansısa bir ölkə bu səviyyədə reklam oluna bilər. Bu, çox böyük siyasi əhəmiyyət kəsb edir. Ələlxüsus, 44 günlük müharibədə ermənilər tarixi, möhtəşəm qələbə qazanmağımıza baxmayaraq, dünya erməniliyi, onların diaspora təşkilatları, bəzi güclər, eləcə də bir sıra böyük dövlətlər bizim qələbəmizi həzm etmək istəmir”.

Deputatın fikrincə, Ermənistanı silahlandıran, onun ordusuna yardım edən, İrəvanı ayaqda durmaqda köməklik göstərən dövlətlər təbii ki, daha da fəallaşıb:

“Bu baxımdan, onların ən böyük arzularından biri Azərbaycanı siyasi cəhətdən təcrid etməkdir. Ölkəmizə qarşı hansısa sanksiyalar tətbiq etmək barədə düşünür, dövlətimizi beynəlxalq müstəvidə təcavüzkar adlandırmağa can atırlar. Azərbaycan xalqını vəşhi, qeyri-mədəni millət kimi təqdim etməyə çalışırlar. Amma cənab Prezidentin cəmi bir tədbirdə iştirakı onların fəaliyyətini alt-üst etdi. Tam səmimi etiraf etmək istəyirəm ki, belə bir dividend ancaq seçilmiş dövlətlərə qismət olur. Biz bu görüşdən böyük iqtisadi dividendlər əldə edəcəyik. Təkcə neft-qaz ixracından yox, eyni zamanda, nəqliyyat-logistika imkanlarımız hesabına dividendlər qazanacağıq. Bunlar dünyada gedən proseslərə verdiyimiz töhfələrimiz nəticəsində mümkün olacaq. Fikir verin, bütün dünyanı pandemiya bürüdü. Pandemiya dövründə Azərbaycan Prezidentinin təşəbbüsləri, ilk növbədə, dünyanın 120 dövlətini əhatə edən Qoşulmama Hərəkatına Azərbaycanın sədrlik etməsi, geridə qalmış, vaksin, tibbi avadanlıqlar almaq imkanı olmayan ölkələrə etdiyi yardımlarla dövlətimizin nüfuzu dünyada xeyli artdı. Təbii ki, bütün bunlar iqtisadi dividendlərlə yanaşı, Azərbaycana siyasi dividendlər gətirir, ölkəmizin dostlarının sayını artırır. Azərbaycan dövlətinə və xalqına yönəlik “ittihamlara” qarşı ölkəmizi müdafiə edir. Mən cənab Prezidentin Bolqarıstana səfərini çox yüksək qiymətləndirirəm. Fikrimcə, bütün görülmüş tədbirlər Azərbaycanın daha da inkişafına, Ermənistanla yanaşı, ölkəmizin düşmənlərinin neytrallaşdırılmasına xidmət edir”.

Tural Turan