Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Putinsiz sülh: Rusiya lideri dəyişsə, dünya rahatlanacaqmı - rəylər

Ukraynanın daha 4 bölgəsini özünə qanunsuz şəkildə ilhaq eləməklə Rusiya rəhbərliyi Ukrayna və Qərblə bütün danışıq pəncərələrini bağlamış oldu. Prezident Volodimir Zelenski öncədən də xəbərdarlıq elədiyi kimi, bundan sonra Vladimir Putinlə deyil, yalnız Rusiyanın başqa bir prezidenti ilə sülh danışıqları aparıla bilər.

Məntiqlə də, Zelenski və Putin nəyi müzakirə edəcəklər, əgər Ukrayna rəhbərliyi bir qarış torpağını, o sırada Krımı güzəştə getməyəcəyini, Putin isə bunun tam əksini - “o torpaqlar əbədiyyən Rusiyanın tərkibinə qayıdıb”, - deyə bəyan edirsə?

Doğrudanmı yeganə ümid Putinin hakimiyyətdən getməsinə qalır və onu əvəzləyəcək şəxs ilhaq edilmiş torpaqlar məsələsində beynəlxalq birliyin mövqeyini nəzərə ala, əraziləri geri qaytara, tutaq ki, sanksiyaların götürülməsi qarşılığında güzəştli kurs götürə bilər? Rusiyada belə bir siyasət adamı, namizəd varmı? Putinsiz dünya gerçəkdənmi rahatlanacaq? Daha bir nüans: məlumdur ki, Rusiyanın özü bir mini-SSRİ modelidir. Tərkibində çoxlu milli, muxtar qurumlar var (Çeçenistan, Dağıstan, Tatarıstan, Başqırdıstan və s.)

O zaman Moskvanın “yaxın xaric”də separatçılığa açıq dəstəyi post-Putin dönəmində bumeranq effekti verməzmi? Misal üçün, Dağıstan da referendum keçirib Azərbaycanın tərkibinə girmək istəsə, Moskva buna hansı əsasla mane olacaq? Nəhayət, Rusiya bir müddət sonra Abxaziya və Cənubi Osetiyanı da eyni saxta referendumla özünə ilhaq edəcəkmi?

Xatırladaq ki, bir neçə ay öncə Cənubi Osetiyanın rəhbərliyi belə bir təşəbbüslə çıxış etmişdi, amma Moskva nədənsə onu geri çevirdi. Niyə?

Hikmət Babaoğlu: AŞPA qərəzli, qeyri-obyektiv təşkilatlardan biridir - AÇIQLAMA

Hikmət Babaoğlu: “Rusiyada da liderin davranışlarının dövlət siyasətinə ciddi təsiri var”

YAP-çı deputat Hikmət Babaoğlu Rusiya kimi ölkələrdə rəhbərin dövlət siyasətinə birbaşa təsirinin olduğunu söylədi: “Rusiya-Ukrayna müharibəsi, sadəcə, iki ölkə arasında müharibə deyil. Bu müharibənin çoxsaylı səbəbləri olduğu kimi, müharibənin bitməsindən sonra da çoxsaylı nəticələri olacaq. Elə nəticələr ki, onlar beynəlxalq münasibətlər sistemində, sadəcə, regional deyil, qlobal faktora çevriləcək. Tamamilə yeni strateji reallıqlar və güc tarazlıqları formalaşdıracaq. Ancaq nə olursa-olsun, bu, Ukraynanın ərazilərinin ilhaqı faktının qalıcı olmasına gətirib çıxarmayacaq. Dövlətlərin ərazi bütövlüyü beynəlxalq hüququn imperativ tələbidir. Üstəlik, əgər Ukraynaya münasibətdə bütün dünya onun ərazi bütövlüyünü dəstəkləyirsə, şübhəsiz ki, hər hansı "referendum" əsla heç nəyi dəyişə bilməz. Rusiya siyasətində Putin mövzusuna gəldikdə isə, hər bir ölkədə olduğu kimi, şübhəsiz ki, Rusiyada da liderin davranışlarının dövlət siyasətinə ciddi təsiri var və Rusiyada da bu belədir. O da aydındır ki, heç bir siyasətçi əbədi olaraq hakimiyyətdə qalmır. Ona görə də gələcəkdə hadisələrin necə inkişaf edəcəyini birlikdə görəcəyik. Rusiya Federasiyası, adından da göründüyü kimi, bir federativ dövlətdir və onun çoxsaylı subyektləri var. Digər bütün federativ dövlətlərdən Rusiya Federasiyasının çox mühüm bir fərqi isə ondan ibarətdir ki, başqa federasiyalar əsas etibarilə inzibati-siyasi əlamətlərə görə federasiya olduğu halda Rusiya Federasiyası milli-etnik sərhədlərlə şərtlənən federasiyadır. Yəni Tatarıstan, Başqırdstan, Çeçenistan, Yakutiya, İnquşetiya, Asetiya və s. hər biri ayrılıqda tarixi milli-etnik sərhədlərdir. Ona görə də bu subyektlərdə ümumrusiya proseslərinə paralel olaraq ayrıca milli proseslər də yaşanır. Bu mühüm faktorun gələcəkdə Rusiyanın lehinəmi, yaxud əleyhinəmi olacağını da zaman göstərəcək".

Qriqoryanın dəhliz təxribatı - Ermənistan 10 noyabr razılaşmasını pozmaqda davam edir

Elşən Mustafayev: “Atılan bütün addımlar Putini qorumaq məqsədi daşıyır”

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev indiki halda Putinin Abxaziya və Cənubi Osetiyada “saxta referendumlar” keçirməyəcəyini düşünür: “Rusiyanın Ukraynanın 4 bölgəsini rəsmən özünə birləşdirməsi yaxın gələcək üçün danışıqlara heç bir ayaqyeri qoymur, eyni zamanda müharibənin tezliklə bitməsini də mümkünsüz edir. Bu anneksiyanın müharibənin gedişinə təsiri Ukrayna tərəfinin döyüş ruhunun qalxması ilə müşayiət olundu. Eyni situasiyanı Rusiyaya şamil eləmək mümkün deyil. Əslində Putinin addımı çıxılmaz vəziyyətdə olduğunu göstərir. Ukrayna ilə tammiqyaslı müharibəyə xüsusi hərbi əməliyyat adı qoysa da, qarşıya qoyduqları məqsədlərin heç birinə nail ola bilməyib. Yəni Ukraynanın denasifikasiyası - mövcud hakimiyyətin dəyişdirilməsi, demilitarizasiyası-silahsızlaşdırılması baş vermədi. Əksinə, Zelenski və komandası 7 ay öncəkindən daha çox nüfuz qazandı, həmçinin Ukraynanın silah arsenalı indiyədək görünməyən səviyyədə gücləndi. Ümumiyyətlə, müharibə gedə-gedə tutulan ərazilər tərəflərin biri məğlubiyyəti qəbul edənədək, yəni kapitulyasiyaya qədər hüquqi cəhətdən ona sahib olanındır. Yəni hazırda Rusiyanın hansı qərarı verməsindən asılı olmayaraq həmin ərazilər Ukraynanındır və onu qaytarmaq üçün mübarizəsini aparacaq. Baş verən bu hadisələr isə şəxsən Putinin fiaskosudur. Amma Putin bunu heç vaxt etiraf etməyəcək, müxtəlif variantlarla mövqelərini gücləndirməyə çalışacaq. Hadisələr isə əksini göstərir. Rusiyanın Putinin rəhbərliyi ilə hər hansı danışıqlar aparmaq imkanı artıq sıfıra bərabərdir və bunu rəsmi Kreml öncədən bilməmiş deyildi. Sadəcə, atılan bütün addımlar Putini qorumaq məqsədi daşıyır. Çünki artıq çoxdan məlum idi ki, Putinin prezidentliyi dövründə hər hansı müsbət danışıqların olması imkansızdır. Putinə o qədər də yaxın olmayan başqa bir prezidentlə danışıqların aparılması perspektivi daha real görünürdü. Artıq namizədlərin adları belə çəkilməyə başlamışdı. Deyilənə görə, real bir neçə namizədin adı isə indiyədək heç yerdə çəkilməyib, amma onlarla maksimum gizli təmaslar qurulur. Bu ssenaridə isə Putinin taleyinin təhlükəli olacağı söylənilirdi. Belə bir vəziyyətdə körpüləri yandırıb danışıqlar üçün mövcud olan bütün vasitələrdən imtina etmək özünü qoruma instiktindən başqa bir şey deyil. Təbii ki, hazırkı hakimiyyət maksimum dirəniş göstərəcək, təxminən Şimali Koreya kimi qapalı ölkə qurmağa cəhdlər edəcək. Amma müharibə gedə-gedə bunları etmək çox çətin olacaq. Hazırkı durumda Abxaziya və Cənubi Osetiyada referendum keçirib özünə birləşdirmək perspektivinə isə inamım azdır. Çünki Rusiya həmin qondarma respublikaların müstəqilliyini uzun illər öncə rəsmən tanıyıb və bununla da Gürcüstan xalqının böyük hissəsinin nifrətini qazanıb. Belə bir addımı atacağı halda Gürcüstanı birdəfəlik itirəcək. Yeri gəlmişkən, Qərbdə bu ssenarinin olmasını arzulayanlar çoxdu. Çünki Saakaşvilidən sonra Gürcüstandakı hakimiyyət Rusiyaya loyal münasibətdə ittiham olunub”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”