Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Savaşın pis üzü – öldürməsən, öldürürlər

"Canavar balasına rəhm edən amansız döyüşçü" başlıqlı bir hekayəm var, 2020-ci ilin noyabrında “Ulduz” jurnalında dərc olunub. Bunu 44 günlük müharibənin yenicə bitdiyi zaman, isti-isti, jurnalın baş redaktoru Qulu Ağsəsin xahişi ilə yazmışam.

O vaxt iki daşın arasında durub hekayə süjeti uydurası deyildim, hekayəni real hadisələrin əsasında başa gətirmişdim. Bu günlə səsləşən mövzudadır.

Hekayənin qəhrəmanı məndən iki sinif aşağıda oxumuş, Əfqanıstan müharibəsindən sağ qayıtmış, yaxşı münasibətlərimiz olan həmkəndlimdir. O, I Qarabağ müharibəsinin iştirakçısıydı, könüllü batalyonların birində (ya Zahir Həsənovun, ya da rəhmətlik Mobil Yusifovun batalyonunda) rota komandiriydi.

O zaman bu qardaşın 24 yaşı vardı və gözündə qorxu olmayan döyüşçüydü. Onun rotasındakı əsgərlər də, komandirləri də ona böyük hörmət qoyurdular. Həftədə, iki həftədən bir, cəbhədə nisbi sakitlik yarananda o, döyüş yoldaşlarından bir neçəsi ilə 5-6 saatlığa kəndə, paltar dəyişməyə, çimməyə gəlirdi və bəzən rast olur, çayxanada söhbət edirdik.

Bir dəfə o, bir söhbət etdi və bu, 27 ildən sonra yazacağım hekayənin mövzusu oldu.

Hadisə belə olub. Bir gecə igid dostumuz 4-5 əsgərlə kəşfiyyata çıxıblar, sezdirmədən düşmənin postuna giriblər və postda olan 7-8 əsgərin hamısını güllələyib, tez də geri qayıdıblar. Komandir bu hadisəni təfərrüatlı şəkildə danışanda belə demişdi: “Qarşısında qəfildən bizi görəndə gənc əsgər tez silahını atıb bizim dildə dedi, dayı, başına dönüm, məni güllələmə. Dedim, dayının ölmüşünə, variant yoxdur”.

O, bu sözü dedi, amma arxasını gətirmədi, aydın məsələydi ki, bundan dərhal sonra “Kalaşnikov”lar şaqqıldayıb.

Söhbətin bu yeri, necə deyərlər, qafamı qarışdırdı. Dedim, qardaş, əsgərin 24 yaşında adama “dayı” deməsindən görünür ki, o, gənc çağırışçı olub, elə deyəndən sonra gərək onu güllələməyədin.

Qardaş donuq gözlə mənə baxdı, tövrünü pozmadan dedi, əsir götürməyə getməmişdik, fikirləşməyə vaxt yox idi, müharibədə ürəyiyumşaqların anası ağlar qalır, biz bir-iki saniyə geciksək, onlar bizi güllələyəcəkdi.

Bax, budur müharibə. Onun amansız qaydası belədir. Bu cür söhbətləri dinləyəndə müharibənin necə bir dəhşətli şey olduğunu anlayırsan, başqa vaxt toyuq başı kəsə bilməyən bir adam gözünü qırpmadan, “uf” demədən gənc birini həyatdan qopara bilir və buna görə heç vaxt vicdan əzabı çəkmir.

Kimsə deməsin ki, o rota komandirinin yerində olsa, düşmən blindajında olanların hamısını güllələməzmiş. Can qorxusu pis şeydir, insan biləndə ki, öldürməsə, öldürüləcək, o zaman mütləq birincini seçər. Kim seçməsə, onun barəsində yalnız keçmiş zamanda danışarlar və heç kəs onun necə mərhəmətli biri olduğunu, düşmənə rəhm etdiyini, ona görə həyatını itirdiyini deməz.

Həmkəndlim də o hissin altında və müharibə dəhşətlərinin insanın psixikasında yaratdığı “bad sektor”a uyğun hərəkət etmişdi. Onu qınamağın yeri yox idi.

İndi bir feyk videoya görə bu söhbət ölkəmizdə yenidən qızışıb. Yenə də “no var”çılar, pasifistlər cin atına miniblər, dövlətimizi, ordumuzu qınayır, qaralayırlar. Həmin videonun saxta olduğunu deyənlərin əlində isə daşdan keçən fakt var: atəş açan avtomat tüfənglərin lüləsində mərmisiz patronlar üçün nəzərdə tutulan ağızlıq görünür. Bundan başqa, qayalıq-daşlıq yerlərdə yaxın məsafədən qatarla güllə atmaq həyat üçün təhlükəlidir. Səkən güllələr atıcının özünü və yoldaşlarını öldürə bilər..

Ancaq məsələ bunda deyil, ondadır ki, nədən belə situasiyalarda mütləq bizim pasifistlər fəallaşır? Bu tip adamlardan ermənilərdə niyə yoxdur? 27-28 il boyunca torpaqlarımız işğal altında qalanda, tarmar ediləndə, yandırılanda, erməni pasifistlər hardaydılar? O boyda Xocalı qətliamına görə Ermənistan dövlətini və ordusunu açıq mətnlə mülki əhalini qırmaqda qınayan erməni humanistlər, sülhpərvərlər olubmu? Olmayıb. Məlum deyil.

Kimsə deyəcək ki, biz özümüzü erməniyə oxşatmamalıyıq. Niyə ki? Onların etdiyi qəbahətdirsə, pisləməliyik, pisləmiriksə, haqq qazandırırıq, haqq qazandırırıqsa, bizim də eyni şeyləri etmək haqqımız yaranmırmı?

Bu müharibədir, 34 ildir davam edir. Atəşkəs rejiminə aldanmayaq, müharibə bitməyib. Dünənə qədər onlar hücum edib 20 faiz torpağımızı işğal etmişdilər. Bu isə bizə ermənilərin ərazisini tam işğal etməyə, müharibə edən dövləti sarsıtmağa, onların militarist hakimiyyətnii mötədil, sülhpərvər iqtidar komandası ilə əvəz etməyə əsas verir. Biz hələ Ermənistanın ərazisinin 0,2 faizinə daxil olmamışıq, dünyada, Ermənistanda və öz ölkəmizdə haray-həşir qopub.

Deyirlər, yaxşılığa yaxşılıq etmək adi şeydir, əsas odur ki, yamanlığa yaxşılıq edəsən. Bu təhlükəli mövqedir. Yamanlığa yaxşılıq etmək heç də düzgün hərəkət deyil. Bu, yaman adamın sonrakı yamanlıqlarına davam etdirməsi üçün şərait yaratmaqdır. Yaxşılığa yamanlıqla cavab verənlərə güzəşt olmamalıdır. Daha ötəsi, o cür comərd hərəkətlərə dünyada qara qəpiklik qiymət vermirlər, nəticədə uduzursan və "qalibləri mühakimə etmirlər" kimi qəhər doğuran faktla baş-başa qalırsan.

P.S. I Qarabağ müharibəsindən sonra ermənilərin yaydığı bir video vardı: əsir əsgərimizi avtomat lüləyi ilə təhdid edib bir erməni əsgərinin qolundakı Ermənistan bayrağını yalatdırırlar və qah-qah gülürlər. Ondansa ermənilər o əsirləri güllələsələr, bəlkə də bu qədər hiddət doğurmazdı.

P.P.S. Özlərini 4 əsir erməniyə görə ülgücləyən pasifistlər, 4 min əsir soydaşımızdan 29 ildir xəbər yoxdur, bir ağız da bu barədə danışın.

Xalid KAZIMLI