Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

“Şimal axınları”nı Qərb dağıdır, yoxsa Rusiya özü? - ilginc iddialar

“Şimal axını” sisteminin dəniz qaz kəmərlərinin eyni gündə üç xəttində mübhəm və təhlükəli dağıntı baş verib. Rusiyanın “Nord Stream” qaz kəmərinin operatoru olan “Nord Stream AG” şirkəti Baltik dənizində üç boru xəttinin eyni vaxtda dağılması ilə bağlı açıqlama yayıb. Bildirilib ki, “Şimal axını” sisteminin dəniz qaz kəmərlərinin eyni gündə üç xəttində baş vermiş qəza görünməmiş bir hadisədir, qaz nəqli infrastrukturunun bərpasının vaxtını hələlik təxmin etmək mümkün deyil.

Qeyd edək ki, bundan öncə Danimarka Dəniz İdarəsi Bornholm adasının cənub-şərqindən keçən Şimal axını-1 və Şimal axını-2 xətləri ərazisində qaz sızması barədə məlumat vermişdi.

Sızma sahələrinin ətrafında 5 mil-lik qadağan zonası müəyyən edilib.

Bu arada Rusiya “Şimal axını-1” və “Şimal axını-2" qaz kəmərlərində təxribatın baş verməsi ehtimalını istisna etmir.

Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, ekspertlərin rəyi açıqlanana qədər hər hansı variantı istisna etmək olmaz: “Çox narahatedici xəbərdir. Söhbət boruda hələlik məlum olmayan bəzi dağıntılardan gedir. Bu, tamamilə görünməmiş bir hadisədir və təcili araşdırma tələb edir. Biz son dərəcə narahatıq”.

“Son dərəcə narahatlıq” doğuran bu dağıntını ekspertlər qətiyyən texniki hadisə saymır, istənilən halda burada kənar təsir olduğu bildirlir. Ancaq rəylər müxtəlifdir: Bir qism hesab edir ki, Qərbin razılığı ilə bu işi Ukraynadan gedən “partizanlar” həyata keçirib, digər bir qism isə bildirir ki, bu kənar təsirləri onsuz da Avropaya qaz sata bilməyən Rusiya qəsdən özü törədib. Məqsəd isə odur ki, Ukraynaya qarşı yeni bəhanələr əldə etsinlər, habelə bu təxribatda Qərbi, Avropanı suçlasınlar. Təhlükəsizlik ekspertləri hansı versiyanı daha inandırıcı sayır? 

Arzu Nağıyev: Prezidentin apardığı siyasət hər bir Azərbaycan vətəndaşının rifahına hesablanıb - AZƏRTAC

Arzu Nağıyev: “Baş verənlər daha çox Rusiyanın maraqlarına uyğundur, bununla belə, ortada onu ittiham etmək üçün tutarlı bir dəlil də yoxdur”

Təhlükəsizlik məsələləri üzrə ekspert, deputat Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, belə hallarda 3 versiya irəli sürülür: “Versiyalardan ikisi ittihamedici, biri isə bəraətverici olur. Rusiyanın bu işdə marağı ola bilərmi? Bu suala birmənalı cavab vermək çətindir. Amma baş verənlər daha çox Rusiyanın maraqlarına uyğundur. Bununla belə, ortada Rusiyanı ittiham etmək üçün tutarlı bir dəlil də yoxdur. Eyni zamanda bu olayın Rusiyaya qarşı provokasiya olması ehtimalı da var. Mümkündür ki, bu provokasiyanın arxasında elə Avropa özü dayanır. Hazırda Rusiya qaz satışından gündəlik olaraq milyonlarla dollar qazanır. Bu ilin iyununda Rusiya "Şimal axını-1" kəməri ilə Avropaya təbii qaz nəqlini dayandırıb. Bərpa edilə bilən enerji ehtiyatlarının qıt olduğu dövrdə Moskvanın spekulyasiyası beynəlxalq qaz qiymətlərinin yenidən artmasına səbəb olub. Avropa  Kremli qazdan siyasi silah kimi istifadə etməkdə günahlandırır. 2011-ci ildə istifadəyə verilən boru kəməri hər gün Rusiyadan Almaniyaya maksimum 170 milyon kub metr qaz nəql edə bilir. İyunun sonuna olan məlumata görə, Almaniya illik qaz ehtiyacının 26 faizini Rusiyadan alır və mavi yanacağın böyük hissəsi "Şimal axını-1"lə idxal edilir, digər hissəsi isə yerüstü kəmərlər hesabına reallaşdırılır. Almaniya bu kəmərə paralel çəkilən "Şimal axını-2" layihəsinin həyata keçməsinə razılıq versə də, Rusiyanın Ukraynanı işğal etməsi səbəbindən bu boru xətti ilə enerji nəqli gerçəkləşmədi. Bunun ardından Rusiyanın "Qazprom" şirkəti "Şimal axını-1" vasitəsilə ixrac edilən qazın həcmini 75 faizədək azaltdı, gündəlik qaz nəqli 170 milyon kub metrdən 40 milyon kub metrə endirdi. İyulun əvvəllərində isə "Şimal axını-1"lə daşınan qazı 10 gün müddətinə tamamilə dayandırdı. Bəyan etdilər ki, qaz daşınmasının dayanması təmir işləri ilə əlaqədardır. 10 gün sonra isə qaz daşınması bərpa olunsa da, yarıya endirildi. Yəni gündəlik qaz nəqli 20 milyon kub metrə qədər azaldıldı. Avropa İttifaqının (Aİ) enerji siyasəti üzrə komissarı Kadri Simson "Qazprom"un atdığı addımı "siyasi motivli" qərar adlandırmışdı. Bütün bunlardan sonra qaz kəmərlərində baş verənlər əlbəttə ki, diqqəti Rusiya üzərinə yönəldir".

Arzu Nağıyev deyir ki, Rusiya Avropaya satdığı qazın həcmini azaltsa da, gəlirləri azalmayıb: “Hələ iyul ayında Rusiya mavi yanacaq satışını məhdudlaşdırmaqla bağlı niyyətini açıqladıqdan dərhal sonra Avropada qazın topdansatış qiyməti 10 faiz bahalaşmışdı. Qazın hazırkı bazar qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 450 faiz yüksəkdir. Hazırda bazarda qaz çox məhduddur, təchizatla bağlı yaranan ən kiçik problemin qiymətlərin daha da artmasına səbəb olacağını hesablamaq da çətin deyil. Qış qapıdadır və sərt üzünü göstərmək üzrədir. Belə bir vaxtda qaz kəmərlərində baş verənlər və yaranan fasilələrdən əmələ gələn qaz çatışmazlığı qiymətləri daha da yüksəldəcək. Bu baxımdan da baş verənlərin Rusiyanın maraqlarına xidmət etdiyini söyləmək olar. Bununla belə, Rusiyanı birbaşa ittiham etmək üçün əldə dəlillər, sübutlar olmalıdır. Belə dəlil və sübutlar hələ ki ortaya qoyulmayıb”.

Azərbaycanın “ofşor”u: Masallı-Lənkəran - Dünya SAKİT - Azinforum.az İnformasiya Portalı

Dünya Sakit: “Kəmərləri partladan elə Rusiyanın özüdür: Məqsədi isə bir deyil, bir neçədir”

“Yeni Müsavat” qəzetinin iqtisadiyyat yazarı Dünya Sakit qeyd edir ki, Rusiya Avropaya qaz nəqlini tamamilə dayandırmaq üçün bəhanələr yaratmağa davam edir. Moskva Avropanın bütün qış dövrü üçün öz enerji təchizatını təmin etməyə çox yaxın olduğunu görür və bunun qarşısını almaq üçün ən ağlagəlməz üsullara əl atır:  “İki gün əvvəl Baltik dənizində "Şimal axını" kəmərlərinin hər üçündə zədələnməyə səbəb olan partlayışların arxasında Rusiyanın özünün dayandığı getdikcə daha aydın hiss olunur. Kəmərlərin partlayış nəticəsində sıradan çıxarıldığını İsveç xarici işlər naziri, həmçinin Avropa İttifaqının baş diplomatı açıqlayıblar. Onların hər ikisi dənizin altında kəmərlərin partladıldığını bəyan ediblər. Rusiya mətbuatının partlayışın Ukrayna və ya ona yaxın qüvvələr tərəfindən törədildiyini elan etməsi göstərir ki, bu işin arxasında dayanan elə Moskvanın özüdür. Belə ki, Ukraynanın Baltik dənizində - suyun altında partlayış həyata keçirməyə imkanları yoxdur. Partladılan kəmərlərlə nəql olunması mümkün olan qaza Avropanın ehtiyacı olduğuna görə bu məsələdə oradan Ukraynaya kiminsə yardım etməsi real deyil".

Dünya Sakit hesab edir ki, kəmərləri partladan elə Rusiyanın özüdür: “Məqsədi isə bir deyil, bir neçədir. Əvvəla, qışqabağı Avropanın məhkəmə çəkişməsinə baş vurması ehtimalı artırdı. Artıq Avropa İttifaqı rəsmiləri, həmçinin Almaniya tərəfindən qaz nəqlini azaltdığına görə "Qazprom"a qarşı müqavilə öhdəliklərinə əməl etməməsi iddiası qaldırılması məsələsi müzakirə olunur. Kəmərlərin sıradan çıxarılması bu iddiaların məhkəmələrə daşınmasını xeyli yubadacaq. Digər tərəfdən, Rusiya Ukrayna ərazisindən də Avropaya qaz nəqlini dayandırmaq, Avropanın qış hazırlıqlarının başa çatmasına imkan verməmək, bununla da Avropa İttifaqına təzyiq rıçağını saxlamaq istəyir.

Xatırladaq ki, sentyabrın əvvəlində Ukraynanın “Naftoqaz” şirkəti “Qazprom”u müqavilə öhdəliklərinə əməl etmədiyinə görə məhkəməyə verib. Şirkət Beynəlxalq Arbitraja göndərdiyi iddiada 2019-cu ildə imzalanan müqavilədə “Qazprom”un Ukayna ərazisindən gündə 109,6 milyon kubmetr qaz nəql etmək, tranzit haqqını nəql olunub-olunmamasından asılı olmayaraq bu həcmə uyğun ödəmək öhdəliyi götürdüyünü, lakin may ayından etibarən buna əməl etmədiyini bildirir. Belə ki, may ayında Ukraynadan Avropaya qaz nəql olunan iki məntəqədən biri - “Straxanovka” Rusiya tərəfindən işğal olunduğuna görə Ukrayna ondan istifadəni dayandırıb. Rusiya isə “Suca” məntəqəsindən qaz nəqlini ikiqat azaldaraq gündə 41-42 milyon kubmetrə salıb, “Naftoqaz”ın “Straxanovka” ilə bağlı qərarını ləğv etməsini tələb edib. Ukrayna tərəfi sentyabrın əvvəlində Beynəlxalq Arbitraja müraciət edərək, may ayından bəri Rusiyanın ödəmədiyi tranzit haqqının ödənməsini tələb edib. Bu gün isə “Qazprom” açıqlama yayaraq, Avropanın Rusiyaya dost olmadığını, buna görə məhkəmənin ədalətinə inanmadığını bəyan edib. Şirkət bildirib ki, əgər “Naftoqaz” iddiasını geri götürməsə, o, Rusiyada sanksiya siyahısına salınacaq və beləliklə də “Qazprom” onunla əməkdaşlığı tamamilə dayandırmalı olacaq. Bu açıqlama, faktiki olaraq, Rusiyanın yaxın günlərdə atacağı addımların anonsudur: Avropanın qaz anbarları 88 faizə yaxın doldurulub, digər mənbələrdən qaz idxalı Rusiya qazından asılılığı 10-12 faizə qədər azaldıb. Hazırda Rusiyadan Ukrayna üzərindən nəql olunan gündəlik 42 milyon kubmetr qaz Avropanın, xüsusilə də Almaniyanın anbarlarda ehtiyatları artırmasına şərait yaradır. Rusiya buna yol verməmək üçün “Şimal axını” kəmərlərini partladır, ardınca da Ukraynadan nəqli tam dayandıracaq. Nəzərə alsaq ki, partladılan kəmərlərin çəkilməsi Rusiyaya on milyardlarla avroya başa gəlib, onda əminliklə söyləmək olar ki, bu addım Moskvanın artıq həmin kəmərlərdən istifadə etmək perspektivinə inamının qalmadığını göstərir. Təcrübə göstərdi ki, Avropa həmin kəmərlərlə nəql olmadan da qaz təchizatını təmin edə bilir. 2023-cü ildə isə ümumiyyətlə, Rusiya qazına ehtiyacı olmayacaq. Digər tərəfdən, Ukrayna ərazilərini ilhaq etdiyinə görə Rusiyaya qarşı sanksiyaların onilliklər boyu qalacağı artıq heç kimdə şübhə doğurmur. Sanksiyaların daha da sərtləşəcəyi də həmçinin. Belə bir şəraitdə Rusiya Avropaya maksimum çox zərər vurmağı hədəfləyir. Ukrayna ərazisindən nəqlin dayanmasından əsas zərəri Almaniya çəkəcək. Hələlik bu ölkə Rusiya qazını tam əvəz etmək imkanında deyil. Hökumətin son bir neçə ayda bağladığı müqavilələr belə imkanın yalnız 2023-cü ilin ikinci yarısında yaranmasını nəzərdə tutur. Bu baxımdan, Ukrayna üzərindən alınan qazın dayanması Almaniya iqtisadiyyatı üçün çox ciddi təhlükə formalaşdırır. Ukrayna ərazisindən nəql dayandıqdan sonra Rusiya qazı yalnız Türkiyə vasitəsilə Avropanın cənubuna çatdırılmağa davam edəcək. Rusiyanın Avropadakı əsas tərəfdarları olan Macarıstan və Serbiya bu qazın alıcısı olduğuna görə Türkiyə üzərindən nəqlin tam dayandırılması hələlik az ehtimal olunur".

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”