Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

ŞOK MÜHARİBƏ SSENARİSİ - Türkiyə-Yunanıstan qarşıdurması 3-4 gün çəkəcək və...

Türkiyəni hədəf alan Yunanıstan qəzetləri bu dəfə səhifələrini müharibə ssenarisinə həsr ediblər.

Musavat.com xəbər verir ki, ölkə mətbuatına danışan Yunanıstanın keçmiş müdafiə naziri Evangelos Apostolakis müharibə ssenarisini açıqlayıb.

Yunanıstan və Türkiyə arasındakı gərginliyi dəyərləndirən Apostolakis mümkün müharibə zamanı qarşıdurmanın ən çox 3-4 gün davam edə biləcəyini deyib.

“Müharibə başlayarsa, münaqişənin bütün bölgəyə yayılma ehtimalı var. Bu, nəzarət altına alınmağa çalışılan, lakin idarə oluna bilməyən yanğına bənzəyir. Müharibə olacağı təqdirdə kimin qalib gələcəyini təxmin etmək mümkün deyil" - sabiq nazir deyib.

O, həmçinin yunan ordusu ilə bağlı diqqətçəkən bir şərh verib.

"Ordumuz yaxşıdır, lakin mükəmməl deyil, çünki bəzi problemlər var. Türklər isə təzyiq altında bir araya gəlmir. Hər şeyi ölçüb-biçərək hərəkət edirlər" - Apostolakis deyib.

Sabiq nazirin bu açıqlaması Yunanıstanın bir çox qəzetlərində yer alıb.

Xatırladaq ki, Yunanıstanın baş naziri Miçotakisin ABŞ-da verdiyi açıqlamalardan sonra Türkiyə ilə Yunanıstan arasında münasibətlər daha da gərginləşib.

“Yunanıstan qonşularına dostluq əlini uzadır. Lakin biz suverenliyimizin, suveren hüquqlarımızın pozulmasına və Yunanıstan adaları üzərindən həddindən artıq uçuşlar keçirilməsinə dözməyəcəyik, buna dərhal son qoyulmalıdır. Konqres üzvlərindən xahiş edirəm ki, regionda silah satışı ilə bağlı qərarlar qəbul edərkən NATO-nun cənub-şərq cinahında yeni qeyri-sabitlik təhlükəsini nəzərə alın” - Mitsotakis demişdi.

O bu sözlərlə dolayı yolla F-16 təyyarələrinin Türkiyəyə satışına icazə verməməyi tələb etmişdi.

“Konqres üzvlərindən xahiş edirəm, ellinizmin 48 ildir əzab çəkdiyini və hələ də sağalmayan yarasını unutmayasınız. Mən Kiprə hücumu və adanın zorakılıqla parçalanmasını nəzərdə tuturam. Kiprdə heç kim iki ayrı dövləti heç vaxt qəbul etməyəcək” - Yunanıstanın baş naziri vurğulamışdı.

Mitsotakis Avropa Xalq Partiyasının 27-ci Konqresi çərçivəsində Rotterdamda keçirilən paneldə də Türkiyə əleyhinə açıqlamalar verib.

Yunanıstan mətbuatının xəbərinə görə, Mitsotakis Türkiyəyə vurğu edərək deyib:

“Gərginlik dövründə yaşayırıq, tarixdə revizionizmin yeni versiyasına, itirilmiş imperiyalar haqqında fantaziyalara və beynəlxalq hüquqa uyğun gəlməyən güc nümayişinə dözə bilmərik. Biz suveren hüquqlarımızın pozulmasına razı olmayacağıq. Hazırda NATO-nun cənub-şərq cinahında bizə lazım olan son şey gərginlikdir".

Nigar Cəfərli,
Musavat.com