Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

TƏCİLİ! "Blef deyil" demişdi, amma... - Dünyanı BU SSENARİ gözləyir

Vladimir Putinin nüvə silahı ilə hədələməsindən sonra dünyanı hansı ssenari gözləyir?

Rusiya lideri Vladimir Putinin ölkədə səfərbərlik elan edərkən “blef etmirəm” deyərək Ukrayna müharibəsində nüvə silahından istifadə edə biləcəyini vurğulaması nüvə təhlükəsini yenidən gündəmə gətirib.

Musavat.com xəbər verir ki, hərbi və siyasi ekspertlər küncə sıxılmış Putinin taktiki nüvə silahına əl atacağını proqnozlaşdırırlar.

Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak hesab edir ki, Rusiya Ukraynada taktiki nüvə silahından istifadə edərsə, supergüclər arasında balans pozulacaq.

“Putinin nüvə silahı haqqında danışması Ukraynadan kənar bir məsələdir. ABŞ, Çin, Fransa və Böyük Britaniya kimi nüvə silahına malik ölkələr Putinə cavab verməlidir. İkinci Dünya Müharibəsindən sonra heç bir ölkə heç bir müharibədə nə strateji, nə də taktiki nüvə silahlarından istifadə etməyib. Putin bunu etsə, digər supergüclər ona cavab verməli olacaqlar", - Podolyak deyib.

HƏTTA ÇİN DƏ NARAHATDIR

Podolyak sözlərinə belə davam edib:

"Rusiyanın öz müttəfiqi kimi göstərməyə çalışdığı Çin belə Putinin ritorikasından narahatdır. Rusiya Ukraynaya qarşı nüvə silahından istifadə edərsə, Pekin Moskvaya arxa çevirəcək. Klassik silahlarla bizə açdığı savaşda qalib gələ bilməyəcəyini görən Rusiya küncə sıxışan pələng kimidir. O, davamlı olaraq nüvə təhdidləri ilə çıxış edir. “Nüvə silahı olan istənilən ölkəni işğal edə bilər” demək istəyir. Ukraynada taktiki nüvə silahından istifadə etməklə dünyanı çox təəccübləndirə bilər”.

TAKTİK NÜVƏ SİLAHI NƏ DEMƏKDİR?

* Putin “nüvə enerjisindən istifadə edə bilərik” dedikdə “taktiki nüvə silahlarını” nəzərdə tutur. Belə silahların dağıdıcı gücü 1 kilotondan 1000 kilotona qədərdir.

* 1 kiloton 1 milyon ton adi partlayıcı dinamitə bərabərdir. Məsələn, Xirosimaya atılan atom bombasının 18 kiloton ağırlığında olduğu bildirilir.

* Taktiki nüvə silahları qurudan quruya, dənizdən quruya və havadan quruya 500 kilometrdən çox olmayan məsafədə istifadə olunur.

* Rusiyanın inventarında 155 mm-lik haubitsa topundan atmaq mümkün olan 0,3 kilotonluq mərmi var. Düşdüyü yerə 300 metr radiusda ciddi ziyan vuran bu nüvə sursatının radiasiya effekti çox aşağıdır.

* Strateji nüvə silahları qitələrarası hədəflər üçün nəzərdə tutulub. Bu tip nüvə silahları 1000 kilotondan 58 meqatona qədərdir.

* Bu günə qədər dünyanın ən güclü nüvə bombası Rusiya tərəfindən partladılıb. “Bombaların kralı” kimi tanınan hidrogen bombası 1961-ci ildə Sibirdə boş bir ərazidə sınaqdan keçirilib. Onun dağıdıcı gücü 58 meqaton (58 milyon ton dinamit) kimi qeydə alınıb.

* ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniya kimi supergüclər arasında sazişlər strateji nüvə silahlarına nəzarəti nəzərdə tutur. Taktiki silahlar isə razılaşmaya daxil deyil.

Nigar Cəfərli,
Musavat.com