Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

“Xəyanətə görə hər şeyin üstündən xətt çəkmərəm”

Milli.Az xəbər verir ki, lent.az-ın müsahibi Azərbaycanın yeganə hicablı estrada müğənnisi Xuraman Şuşalıdır. Biz onu lap öncələr fərqli ampluada tanıdıq. Amma sonra həyatına tamam fərqli yön verdi. Bu gün böyük bir ailənin, 4 uşağın anası,  xınayaxdı məclislərini təşkil edən bir şirkətin sahibidir. Xuraman Şuşalı ilə ailə qayğıları barədə danışırıq.

- Xuraman xanım,  elə bir zamandayıq ki, indi ailələr 2 uşağa baxmağı çətin hesab edirlər. 4 övlad və iş həyatınızı idarə eləmək çətinlik  yaradır?  

- 4 övlad anası olmaq həm şərəflidir, həm də əziyyətli. Hər gülün öz ətri var, hər balanın da öz sevgisi. Allah arzusunda olan hər kəsə övlad nəsib eləsin. Hər balamı bir başqa cür sevirəm. Heç birinin məhəbbəti eyni deyil. Biriylə fəxr edirəm, biriylə fərəhlənirəm, hərəsinin fərqli xüsusiyyətləri var və bu xüsusiyyətlər ayrılıqda şirindir. Birinin dürüstlüyünü, digərinin kamalını, birinin nazını, birinin cəsurluğunu sevirəm. Aralarında fərq qoymamağa çalışıram. Harasa gediriksə, hamımızı gedirik, ayrıseçkilik salmaq olmaz. Bu onlarda travma yaratsın istəmirəm, uşaqlar xatirələrini, incikliklərini unutmurlar. 

Əzizləyirəm, amma yeri gələndə sərtlik də edirəm. 

- Bu böyük ailəni idarə etmək, qorumaq asan deyil  təbii ki. Sizcə birliyinizi qorumaq üçün ən vacib amil nədir?

-  Ailənin möhkəmliyi  üçün ən vacib amil dürüstlük, sadiqlik, məhəbbət, anlaşmadır. Məncə ən vacib bunlardır. Övladlarımız ər-arvadın bağçasının barıdır, onları bir-birinə bağlayan tellərdir. Canımızdan olan canlardır. Uşaq bağlayıcı rolunda  olmamalıdır, valideynlər onlar  üçün məsuliyyət daşıdıqlarının fərqində olmalıdırlar. Uşaq həm də Allahın boynumuza qoyduğu haqdır. Elə olur qadınla kişini bu bağlar belə bağlaya bilmir. Bu artıq imtahandır, onda hər iki tərəf düşünüb, düzgün qərar verməlidir. Məncə biz bu məsuliyyəti həm Allahın, həm övladımızın qarşısında daşımalıyıq. Ailə sahibləri elə hərəkət etməlidirlər ki, nə övladını büdrətsin, nə onları incidəcək addım atsın. Övlad sahibi olmaq böyük bir yükün altına çiyin verməkdir, özü də ömürlük. Əvvəlini düşünürsən, gərək sonunu da düşünəsən.

- Sizcə xəyanəti bağışlamaq olar?

- Mən bu suala cavab verə bilmərəm. Çünki yaşamayınca buna cavab vermək, həmin anda insanın hansı qərarı verəcəyini demək çətindir. Bu bir qadın üçün də, kişi üçün də ən ağrılı mövzudur. Xəyanətin hansı səbəblə baş verdiyini bilmək  önəmlidir. Başıma gələndə o qərarı verə bilərəm. Amma o məqamda yalnız özümü deyil, ailəmi düşünərək addım ataram. Eqoistcəsinə "mən" deyib, hər şeyin üstündən xətt çəkmərəm. Səbəbini öyrənib ya nöqtəsini qoyaram, ya da bu fikri başımdan silərəm. Hər bir halda isti başla düşünmərəm, özümə  vaxt verərəm. Heç kim heç nədən sığortalanmayıb. Bir gün sonra başımıza nə gələcək bilinmir. Belə bir şeyi yaşamaq və uşaqlarımın psixologiyasına buna görə zərbə dəysin istəmərəm. Mənim üçün öz məhəbbətim, sevgimdən çox, onların duyğuları önəmlidir. Azərbaycan qadını birinci ailəsini düşünməlidir. Məncə ideal insan yoxdur, xanımlarımıza da ideal axtarmamağı tövsiyə edərdim. Hamının səhvi ola bilər. Allah qorusun. Ağlımızı başımızdan almasın. 

- Qısqanclıq varmı?

- İnsan hər yaşda bir fərqli düşünür. Xüsusən qadınlar. Yaş keçdikcə, insan müdrikləşir. İnsan var özü ilə mübarizə aparmır. Xanımın qısqanclığını Allah da bəyənmir. Yəqin ona görə ki, bu xanımların özünə ziyandır. Qısqanclıqldan kim xeyir görüb ki? Mən özümdə buna tərbiyə etməyə çalışıram . Genetikamda var, anam da, atam da qısqanc idilər. Amma özümdə bunu öldürdüm. Qısqanclıq  miqdarında gözəldir. Sirkə nə qədər tünd olarsa öz qabını çatladır. Qısqanclıq səni yox, sən qısqanclığı idarə etməlisən. O zəhərli ilandır. Boş buraxmaq olmaz. 

- Yenə övlad sahibi olmaq istəyirsiniz? 

- Mən  uşaqlarımı çox övlad sahibi olmaq arzusu ilə dünyaya gətirməmişəm. Allah verib, qəbul etmişəm. Dünyaya övlad gətirmək, onları bətnində daşımaq, üstəlik o uşaqları böyüdə-böyüdə işləmək asan iş deyil. Mən bütün övladlarım dünyaya gələnə qədər işləmişəm. Hətta uşaq anadan olandan 3 gün sonra mən toy oxumuşam. Evdə başqa köməkçim də olmayıb. Şükür edə-edə eləmişəm. Əslində yenidən övlad sahibi olmaqdan çox qorxuram. Allah arzusunda olanlara versin. Uşaqlar ata-analarının sevgisiylə yaşasınlar. Allahın verdiyi paya "yox" deməyə qorxaram. Bir az səhhətimlə və yaşımla bağlı beşinci övlad istəməzdim. Amma yenə Allahın hökmündən qaça bilmərəm. Qərar verən Allahdır, o haqqımızda  gözəl qərarlar versin.

- Qaynana-gəlin münasibətləriniz nə yerdədir?

- Qayınanamla həmişə hörmətlə davranmışam. Rəhmətlik qayınatamla da  aramızda böyük hörmət olub. Onlar həyat yoldaşımın ana-atasıdırlar, övladlarımın soy köküdürlər, doğmalarıdırlar. Mənə belə bir oğul böyüdüb veriblər, ömür yoldaşı, övladlarıma ata veriblər. Necə hörmətsiz davrana bilərəm? Həm də düşünürəm ki, bu gün mən onlara  pis davransam, sabah eyni aqibət özümə qarşı baş verəcək, qabağıma çıxacaq. Allah qayınanama can sağlığı versin, çox çalışıram, məndən narazı qalmasın. Mənim anam-atam yoxdur. Ona görə övladlarımın nənə nəvazişiylə böyüməsini istəyirəm. Nənə uşaqlara bir başqa cür məhəbbət göstərir. Onun sağlığı ilk növbədə mənim ömür yoldaşımın xoşbəxtliyidir. Özümün ana-atam yoxdur, bu mənim üçün travmadır.  

- Həyat tərzinizi dəyişincə  şou- biznesdəki bir çox tanışları, dostları uzaq tutmaq məcburiyyəti yarandı?  

- Ailə qurunca, övladlar doğulunca həyat tərzini dəyişməli olursan. İş, ev, ailə qayğıları deyərkən,  zamanın çox azalır. Təbii ki,  bu dostlar üçün ayrılan zamanı da məhdudlaşdırır. Mənim ələkdən keçmiş dostlarım var. Düşünürəm ki, hər kəsin ələyi olmalıdır.

- Bəzən insanlar işğaldan azad olunmuş yurd yerlərinə getməyə ürək etmirlər. O yerləri xarabalar içində görməkdən qorxurlar. Siz necə, Şuşaya getmisiz?

- Mən Şuşadan çıxan sonuncu azyaşlı qızam. Son gün ayrıldıq. Onda 8 yaşım var idi, ata-anamla nə zülmlərlə çıxdıq. Valideynlərim ordan yarımcan gəldilər. Mən Şuşanı xaraba görüb çıxmışdım. Allah ordumuza güc, Prezidentə can sağlığı versin. Şuşa xarabazardan cənnətə çevrilməkdədir. Allah nəsib eləsin mən də dəvət olunum, Şuşaya gedim. Ora bacımla, qardaşımla, övladlarımla getmək istəyirəm. Və orda konsert də vermək arzum var.

Milli.Az