Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

"Çıxaracağımız bir çox dərslər var"

Hər il Aşura mərasimləri ölkəmizdə yüksək səviyyədə qeyd edilir. Bu anım mərasimləri və əzadarlıqla yanaşı, qanvermə aksiyaları da keçirilir. Azərbaycan bu baxımdan nümunəvi ölkələrdən hesab olunur.

Bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, bu gün ayrı-ayrı ölkələrdə bu mərasimlər baş yarmaq və qan çıxarmaqla qeyd olunur.

"Amma Azərbaycan bununla bağlı nümunəvi modelini ortaya qoyaraq qanvermə aksiyası ilə bu aksiyalara öz töhfəsini verib. Yəni insanlar qan çıxarmaq yerinə qanlarını bağışlayaraq bu aksiyalarda fəal iştirak edirlər", - deyə deputat qeyd edib.

O bildirib ki, Aşura dünya tarixində ən böyük faciələrdən biri olmaqla yanaşı, İslam tarixində dönüm nöqtəsi və bir qəhrəmanlıq salnaməsidir.

"İnsanların ali dəyərlər, haqq və ədalət uğrunda uğrunda özünü qurban verməsinin ən bariz nümunələrindən biridir.

Heç şübhəsiz ki, İslam peyğəmbəri Həzrət Məhəmmədin nəvəsi Həzrət Hüseynin övladları və yaxınları ilə birlikdə şəhid olması İslam tarixində dərin iz buraxmışdır. Bu mənada Aşura sıradan bir dini-tarixi hadisə deyil, müsəlman dünyasında, xüsusən də Azərbaycan tarixində həm də şəhidlik salnaməsidir.

Onu da qeyd etmək lazımdır ki, İmam Hüseynin mübarizəsi haqq və ədalətin bərpası, vətənə, torpağa sədaqətin nümunəsi idi. Burada bizim çıxaracağımız bir çox dərslər var. Bu hadisələr Vətən, haqq, ədalət uğrunda canından belə keçməyə hazır olmaq mesajıdır. Bu gün hər birimiz o dövrdə baş verən hadisələrdən nəticə çıxararaq vətənimizin, torpaqlarımızın bütövlüyü və müstəqilliyi uğrunda hər an canımızdan keçməyə hazır olmalıyıq.

Heç şübhəsiz ki, Azərbaycanın qəhrəman oğulları 44 günlük müharibədə bu prinsiplərə sadiqlik nümayiş etdirərək vətən torpaqlarını göz-bəbəkləri kimi qorudular, onun yolunda canlarından keçdilər, yeni qəhrəmanlıq salnaməsi yazdılar.

Bu baxımdan Kərbəla hadisələrinə təkcə tarixi konteksdən deyil həm də, şəhidlik məktəbi kimi baxmalıyıq. Bu prinsip və dəyərlərə sadiqliyimizi daha çox xeyir və savab əməllərlə ifadə etməli, şəhidlərimizin xatirəsini hər zaman uca tutmalıyıq. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı, rəşadətli Azərbaycan ordusu qələbəsini təmin etdi. Bu qələbənin daimi və əbədi olması üçün hər birimiz səylə çalışmalıyıq", - deyə deputat əlavə edib.

Milli.Az