Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

“Ermənilərdən qorumaq üçün qızımla oğlumu kartofun arasında gizlətdim”

Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı efirə gedib.

Milli.Az xəbər verir ki, "Gecə evimizi ermənilər daşa basırdılar" adlı veriliş Pəmbək mahalının Böyük Qarakilsə rayonunun (keçmiş Kirovakan, indiki Vanadzor) Lermontov (Antaraşen) kəndində anadan olmuş Gülsəfa Rüstəmovanın həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq, orta məktəb, gənclik illərinin gözəl keçdiyini, kənddə əsasən ruslar, 15 ailə azərbaycanlı, 6-7 erməni ailəsi var idi:

"Biz erməni, rus, bilmirdik. Bizə ermənilər türk deyərdi, ruslar tatar deyərdi.  Öz dilimizi bilirdik, bayramlarımızı keçirərdik, yumurta boyayardıq, qapı pusardıq".

Onun sözlərinə görə, kənddən çıxarkən çox çətinliklərlə üzləşiblər:

"Gecəikən kinoya baxırdıq. Ermənilər dedilər ki, çıxın, sizi burada məhv edəcəklər. Birinci Qazağa gəldik, 5-6 gün qaldıqdan sonra bizi geri qaytardılar. Ondan sonra ara qızışdı, qaçaqaçdıq düşüdü. Biz tankla çıxdıq. Biz oradan çıxanda mənim 29 yaşım var idi. Ailədən 2 nəfər bir çıxdıq, 4 nəfər də bir çıxdıq. Anam iki uşağımı bir götürdü, kiçik oğlum əlimdə 1 yaş 7 aylıq idi. Gecə evimizi daşa basırdılar. Böyük qızımla kiçik oğlumu kartofun arasında gizlətmişdim. Kartof ləkdə çiçək açmışdı, arasında gizlədirdim. Gündüz olanda bizə çox dəymirdilər, axşamlar bizi çox qorxudurdular. Vanadzor kəndi var idi, orada yaxın adamımızdan öldürdülər, əşyalarını, özlərini yandırdılar. Oradan qaçıb gəlib bizim rus kəndinə dolmuşdular. Qaynatamgilin evini yandırdılar, özünü döydülər. Elə yarımcan Gəncəyə gətirdilər, elə orada da rəhmətə getdi. 1918-ci ildə nənəmin birinci yoldaşını da, bir dənə də qızını ermənilər öldürmüşdü". 

G.Rüstəmova doğma yurda qayıtmağı çox istədiyini deyib:

"Bu, hər zaman arzumuz olub. Sakitçilik, mehribançılıq olsa, qayıtsaq daha yaxşı olar. İlk gedişimdə birinci qəbiristanlığa gedərdim, ondan sonra da evimə dəyərdim. Hər bir yeri, cığırı tanıyıram. Heç bir cığırımızı unutmamışam. Məzarlarımız, rəhmətə gedənlərimiz orada qaldı. O heç vaxt yaddan çıxmaz. Həmişə öz evimizi,  həyətimızı, kəndimizi, dağlarımızı yuxumda görürəm. İnşallah qayıdacağıq. Buna əminik və böyük həvəslə gedəcəyik".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Milli.Az