Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Kərtənkələnin şəhadəti ilə min nəfər insan hidayət oldu

Bir gün Həzrət Peyğəmbər (s) cəm içində əyləşmişdi.

Səhra ərəblərindən biri kəntənkələ tutmuş və paltarının içində gizlətmişdi. O, Peyğəmbərin (s) yanına gəlir və Həzrətə (s) işarə edərək deyir: "Bu şəxs kimdir?".

Deyirlər: "Allahın peyğəmbəridir".

Ərəb deyir: "Lata və İzzəyə and olsun ki, dünyada heç kəs sənin qədər mənim yanımda mənfur deyildir. Əgər qəbiləm mənə deməsəydi, tələsib səni qətl edərdim".

Həzrət Peyğəmbər (s) buyurdu: "Hansı şey səni bu işi görməyə vadar edir? Mənə iman gətir".

Ərəb deyir: "Sənə iman gətirmirəm, məgər bu kərtənkələ sənə iman gətirsə".

Bu zaman kərtənkələni paltarının altından çıxardır.

Həzrət Peyğəmbər (s) buyurur: "Ey kərtənkələ!".

Kərtənkələ deyir: "Ləbbeyk! Ey o kəsin zinəti ki, Qiyamətə imanı vardır".

Peyğəmbər (s) buyurur: "Kimə pərəstiş edirsən?".

Kərtənkələ deyir: "O kəsə ki, ərşi səmadadır, sultanlığı yerdədir, dənizləri axandır. Behiştdə rəhməti, cəhənnəm atəşində əzabı vardır".

Peyğəmbər (s) buyurur: "Ey kərtənkələ! Mən kiməm?".

Kərtənkələ deyir: "Sən - aləmlərin Pərvərdigarının rəsulu və peyğəmbərlərin xatəmisən. Xilas olar o kəs ki, səni təsdiq edər. Ziyana düşər o kəs ki, səni inkar edər".

Ərəb Peyğəmbərə (s) deyir: "O zaman ki, sənin yanına gəlmişdim, mənim üçün ən mənfur insan idin. Ancaq indi ən məhbub insansan!".

Sonra İslam dinini qəbul edir və Peyğəmbərin (s) risalətinə şəhadət verir. Öz qəbiləsinin yanına qayıdır və olanları danışır. Ondan sonra Bəni-Səlim qəbiləsindən mindən çox insan İslamı qəbul edir.

Milli.Az