Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Sudan qanunsuz istifadə halları aşkarlandı

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Bakının Binəqədi rayonunda sudan qanunsuz istifadə halları aşkarlayıb.

Publika.az bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, Prezident İlham Əliyevin təsdiqlədiyi "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planı"na uyğun olaraq içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə nəzarət tədbirləri davam etdirilir.

Bu zaman Biləcəri qəsəbəsi, DSK yolunda yerləşən və bir sahibkara məxsus un məmulatları təndir, market, təkər təmiri, əlvan metal qəbulu, heyvan saxlama məntəqələrində sudan qanunsuz istifadə halları aşkarlanıb. Belə ki, obyekt sahibləri texniki şərt almadan, müqavilə bağlamadan qeyri-qanuni şəkildə yaxınlıqdan keçən 1400 mm diametrli magistral su kəmərinə qoşulma verərək içməli sudan qanunsuz şəkildə istifadə edib. Nəzarət tədbirləri zamanı məlum olub ki, həmin obyektlərin arxasında yerləşən 13 həyət evi üçün həmin magistral su kəmərindən özbaşına birləşmə verilib.

8-ci mikrorayon yaşayış massivi, Süleyman Sani Axundov, 5B ünvanında yerləşən “Kababçı” və “Çayxana”da sudan qeyri-qanuni istifadə halı aşkarlanıb. Həyata keçirilən araşdırma zamanı, Seyid Cəfər Pişəvəri küçəsi, 1 ünvanında yerləşən hovuz avadanlıqlarının satışı məntəqəsində sudan qanunsuz istifadə halı aşkar edilib. Obyekt sahibi sayğacdankənar xətt çəkərək içməli sudan qeyri-qanuni istifadəni davam etdirib. Nəzarət tədbirləri zamanı aşkar edilən bütün qeyri-qanuni xətt və birləşmələr kəsilərək ləğv edilib.

"Vətəndaşların diqqətinə çatdırırıq ki, içməli sudan qeyri-qanuni, sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq", - deyə agentlik bəyan edib.

Bu ilin yanvar-avqust aylarında Agentlik üzrə 12 219, Binəqədi rayonu üzrə isə 2 337 sudan qanunsuz istifadə halları aşkarlanıb, 100-dən artıq fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.