Abşeron dairəvi dəmir yolunda xəttə əlavə qatarlar qoşula bilər

Abşeron dairəvi dəmir yolunda xəttə əlavə qatarlar qoşula bilər.

Day.Az xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq Azərbaycan Dəmir Yolları QSC-dən bildiriblər.

Qeyd olunub ki, ötən gündən etibarən Abşeron dairəvi dəmir yolu ilə hərəkət edən sərnişinlərin sayında 600 nəfər artım olub:

"Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin bir qisminin mayın 18-dən yumşaldılması ilə əlaqədar, Abşeron dairəvi dəmir yolu istiqamətində hərəkət edən qatarlara sərnişin tələbatı nisbətən artıb. Belə ki, ötən həftə gün ərzində 2700 sərnişin daşınırdısa, mayın 18-də bu say gün ərzində 3300 nəfər olub".

QSC-dən əlavə ediblər ki, sərnişinlərin sayı çoxalsa da, bu hələ ki xüsusi çətinlik yaratmır:

"Bununla bağlı monitorinqlərimizi davam etdiririk. Artım 1000 nəfəri keçərsə, xəttə əlavə qatarların qoşulması ilə bağlı tədbir görüləcək".